ADY media müsabiqəsinin qaliblərini mükafatlandırdı

İyulun 19-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Azərbaycan Mətbuat Şurasının Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən media müsabiqəsinin nəticələri açıqlanaraq qalibləri mükafatlandırılıblar.

Musavat.com xəbər verir ki, tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.

ADY sədri Rövşən Rüstəmov tədbirdə çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi: “1969-1982-ci illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xətlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu və daha bir-neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.

ADY sədri həmçinin qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanması bacarıqlarını əks etdirib: ’’Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilib, maraqlı faktlar ortaya çıxarılıb. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialların ədalətli və şəffaf qaydada qiymətləndirib’’.

Müsabiqəyə 01 iyun-15 iyul, 2023 müddətində 53 kütləvi informasiya vasitələrindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib.

19.07.2023 15:23
639