Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun “Survivor”da iştirakı Türkiyədə olduğu kimi, Braziliyada da böyük marağa səbəb olub.
Sosial mediada Ronaldinyonun “Survivor”a qatılması üçün aldığı məbləğlə bağlı iddialar gündəmə gəlib.
Braziliya mətbuatında yer alan iddialara görə, “Survivor”un aparıcısı, türkiyəli iş adamı Acun İlıcalı Ronaldinyoya oyunda iştirakı üçün 100-150 min dollar (170 min-255 min manat) ödəyib.
“1 milyon dollarlıq ödənişli rəqabət mühitində Ronaldinyo futbol istedadı ilə yanaşı, digər sahələrdə də necə fərqlənə biləcəyini sübut etməklə diqqətləri üzərinə çəkdi”, - deyə yerli nəşrlərdən birində bildirilib.
Bu iştirak təkcə braziliyalı azarkeşlərin deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Keçmiş futbolçunun bütün dünyada hələ də çox sevilən və populyar bir sima olaraq qaldığı vurğulanıb.
Xatırladaq ki, ötən günlərdə Acun İlıcalı hər kəsi təəccübləndirən sürpriz edib və Ronaldinyonun proqramın qonağı olacağını açıqlayıb. Dünya şöhrətli ulduz futbolu tərk edəndən illər sonra yarışa qatılıb və demək olar ki, hələ də istedadının qüvvədə olduğunu hamıya nümayiş etdirib.//Oxu.az