Abxaziya Gürcüstana qaytarılsa...

Orta statistik gürcünün davranışını proqnozlaşdırmaq mümkün deyil, ona görə biz də tələsməyək...

Rusiyanın separatçı Abxaziyaya maliyyə ayırmalarını dayandırması haqda xəbər son aylar Moskva-Tiflis münasibətlərini izləyənlər üçün təəccüblü olmamalıdır. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində təmkinlidirlər. Bunu əvvəllər də yazmışdım ki, Ukrayna müharibəsindən salamat çıxa bilsə, Tiflisə münasibətləri isə daha da normallaşsa, qarşıdakı aylarda Rusiya Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında mütləq düzəliş etmək məcburiyyətində qalacaq, ən azı bunun yollarını axtaracaq.

Rusiyanın Abxaziyanı “tanınması” heç bir beynəlxalq hüququ olmayan kağız parçasıdır. Necə ki, bəzi üçüncü sort ölkələrin parlamentləri zamanında qondarma “DQR” haqda da belə kağız üzərində qalan qərarlar vermişdilər.

Qondarma qurumun “xin başçısı” Sergey Şamba Rusiyanın sentyabrın 1-dən separatçı Abxaziyada müəllimlər, həkimlər və təhlükəsizlik qüvvələri üçün sosial ödənişləri dayandırdığın, bundan əlavə, payız-qış dövründə elektrik enerjisinin təchizatı kommersiya qiymətləri ilə həyata keçiriləcəyini deyib. Rusiyanın bu addımla separatçı bölgəni maliyyə sanksiyaları ilə cəzalandırması haqda iddialar var. İddia budur ki, Abxaziya rəhbərliyi məhkəmə-hüquq sistemi də daxil olmaqla, bir çox idarəetmə strukturlarının Rusiya idarəetmə sisteminə inteqrasiyasına qarşı çıxırlar. Nə oldu ki, Abxaziya birdən-birə itaətsizlik göstərdi?

ab.jpg (245 KB)

Gerçək budur ki, Tiflis-Moskva münasibətləri normallaşdıqca, separatçılar, əsasən də vaxtilə mərkəzi hakimiyyətə qarşı çıxanlar ciddi narahatdırlar. Onlar xüsusilə Qarabağda Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra bəyan edirlər ki, Rusiya ermənilərin arxasından “qaçdıqları” kimi Abxaziyanı da “müdafiə etməyə” bilərlər. Bu narahatlığı baş nazir İrakli Kobaxidzenin Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatı daha da artırıb.

Bəllidir ki, Gürcüstanın indiki hökuməti dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də.

2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Aydındır Rusiyaya görə Qərb buna imkan vermədi. Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini separatçı bölgələrlə hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 5 gün davam gətirə bilər. Bu avantüranın nəticəsində konfederasiya təkliflərindən vaz keçən Rusiya separatçı regionların “müstəqilliyini” tanıdı.

İndi Suxumidə separatçılar narahatdırlar ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planının bir hissəsinə çevrilə bilər”. Separatçılar açıq şəkildə “Rusiyanın adamı” kimi təqdim edilən İvanaşvilini Abxaziyanın “suverenliyi” üçün Mixail Saakaşvilidən qat-qat təhlükəli hesab edirlər...

d29dbded-5500-41bc-9961-2392b4412cfb.jpg (28 KB)

Gürcüstanda aşkar rusiyayönümlü qüvvələr təbii ki, yoxdur. Rusiya daha adamlarına partiya və ya təşkilat yaradıb hansısa ölkəyə yerləşdirmir. Siyasət indi fərqlidir, onlar da ayılıb, müasirləşiblər, ölkələrə daha kobud müdaxilələr edilmir, incə siyasət işlənir. Gürcüstanın indi hakimiyyətinin siyasəti Rusiya üçün uyğundur. Rusiya üçün uyğundursa, demək Qərbin əleyhinədir...

Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatına Rusiyanın diplomatik mövqeyi də diqqət çəkir. Məsələn, Lavrovun müavini Qaluzun bir müddət əvvəl deyib ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin kriminal avantürasından dərs çıxarıb, o səbəbdən Abxaziya və Cənubi Osetiyanı dinc yolla geri qaytarmağı qarşısına məqsəd qoyub. “Öz tərəfimizdən biz də inanırıq ki, Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan mövcud reallıqları qəbul etdikdən və respublikalarla bərabərlik, qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmağa hazır olduqdan sonra yaranacaq. Bununla əlaqədar, bir tərəfdən Gürcüstan, digər tərəfdən Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsinə dair hüquqi təminatların imzalanması, habelə onlar arasındakı sərhədin delimitasiyası məsələsinin sonradan demarkasiya ilə həlli, əsas əhəmiyyət kəsb edir”. Əlavə şərhə ehtiyac varmı?

Qərb isə hələ də Gürcüstanı Ukraynanın gününə salmaq planından əl çəkmir. Bunun üçün şanslarını gələn ay keçiriləcək parlament seçkilərində yenidən sınamağa cəhd edəcəklər. Qərb hazırda bütün informasiya-təbliğat qüvvələrini Gürcüstanın hakim partiyasına qarşı yönəldib. Unutmayaq ki, Qərbin hələ də Gürcüstanda etirazçı kütləyə təsir imkanları var. Əgər istəklərinə nail olsalar, Gürcüstan yenidən çıxılmaz dalana düşəcək.

...Gürcülər özləri haqda deyirlər ki, onlarla bağlı heç bir siyasi texnologiya işləmir. Orta statistik gürcünün davranışını proqnozlaşdırmaq mümkün deyil. Ona görə biz də uzaqgedən nəticələr çıxarmağa tələsməyək.

Nazim SABİROĞLU,
Musavat.com

05.09.2024 12:19
2733