Abxaziya gərginliyində erməni izi

Noyabrın 15-də tanınmamış Abxaziya respublikasında vəziyyət qarışıb. Xeyli sayda insan Suxumidə inzibati kompleksin qarşısına toplaşaraq Rusiya ilə bağlanmış investisiya sazişinə qarşı etiraz edib. Abxaziya hakimiyyəti bu sazişi yerli iqtisadiyyata təkan kimi təqdim etsə də, müxalifət onu “respublikanın maraqlarının birbaşa təslimi” kimi qiymətləndirib.

Müxalifət liderləri vurğulayıblar ki, etirazlar yalnız Bjaniyanın siyasətinə qarşı yönəlib, Rusiyaya qarşı deyil. Onlar Rusiyanı “strateji tərəfdaş” və “yeganə təhlükəsizlik təminatçısı” adlandırıblar. Etirazçılar Rusiya bayraqları dalğalandıraraq və “Rusiya!” şüarları səsləndirərək hökumətin anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı ittihamlarına cavab veriblər.

Etiraz zamanı nümayişçilər hökumət binalarının ətrafındakı çəpərlərin bir hissəsini sökərək parlament və prezident administrasiyasına hücum ediblər. Onlar polis əməkdaşlarını yumurta və şüşə qablarla atəşə tutublar, bu da polisi tüstü bombalarından istifadə etməyə vadar edib, lakin “Qafqazın Səsi”nin məlumatına görə, polis minimal müqavimət göstərib. Parlament yaxınlığında atəş səsləri eşidilib, nəticədə 13 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Qarışıqlıq fonunda parlament Moskva ilə bağlanan investisiya sazişinin ratifikasiyası üzrə planlaşdırılan iclası ləğv edib. Daha sonra prezident administrasiyası sazişin geri çəkiləcəyinə söz verib.

Abxaz müxalifəti bununla razılaşmayıb, “prezident” Aslan Bjaniyanın istefa verməsinin və müxalif liderin rəhbərliyi altında yeni hökumətin qurulmasını tələb ediblər. Son məlumatlara görə, Aslan Bjaniya sonunda bu tələblər ilə razılaşmaq məcburiyyətində qalıb və hətta ölkəni tərk edərək Rusiyaya qaçıb.

Sual oluna bilər: bu etiraz aksiyasının arxasında kimlər dayanıb və onların məqsədi nədir? Ümumiyyətlə Abxaziyada nələr baş verir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Abxaziyada vəziyyətin qarışması gözlənilən idi və bu, Rusiyanın bu regionda yürütdüyü siyasətin məntiqi nəticəsidir:

“Abxaziyadakı gərginliyin səbəbini anlamaq üçün son 150 ildə bu regionda yürüdülən imperialist siyasətə və bölgənin geosiyasi mövqeyinə nəzər salmaq lazımdır.

Məlum olduğu kimi, Abxaziya Qara dənizin şimal-şərq sahillərində yerləşən bir respublikadır. Ölkənin ərazisi 8600 kv. km, əhalisi isə cəmi 220 min nəfərdir. Xeyli balaca olan Abxaziyanın çox mühüm geosiyasi əhəmiyyəti var. Rusiyanın isti dənizlərə açılan qapısı sayılan Qara dənizdə yerləşən Abxaziyanın Oçamçir limanı xüsusilə Ukrayna savaşı başlayandan sonra Moskvanın əsas sığınacağı halına gəldi. Müharibəyə qədər Krım yarımadasında yerləşən Rusiyanın Qara dəniz donanması Ukrayna üçün asan yemə çevrildikdən sonra Moskva hərbi gəmilərini əvvəl Novorossiyski limanına çəkdi. Amma bu liman da zəmin etibarilə güclü infrastruktur qurmaq üçün yararlı olmadığından Abxaziyanın Oçamçir limanı yeganə güvənli hərbi bazaya çevrildi. Məhz bu səbəbdən də Rusiya Abxaziyadakı mövqeyini gücləndirməyə başladı. Nəticədə rus hərbçilərinin və oliqarxlarının Abxaziyada yerləşmək zərurəti yarandı. Və Abxaziyada torpaqların özününküləşdirmək siyasəti daha ciddi şəkildə həyata keçirilməyə başlandı. Bu da abxazlar üçün həyati təhdidlər anlamına gəlirdi”.

Heydər Oğuzun fikrincə, abxazların öz yurd-yuvalarından didərgin salınması əslində 200 il bundan əvvəl başlanmışdı: “Çar Rusiyası tərəfindən 1810-cu ildə işğal olunan Abxaziya 1864-cü ilə qədər azadlıq mübarizəsi aparmışdı. 1864-cü ildə ildə müqaviməti qırılan abxazlar Cənubi və Şimali Qafqazın digər yerli sakinləri kimi soyqırıma məruz qalmış və əhalinin böyük əksəriyyəti ya öldürülmüş, ya da müxtəlif yerlərə sürgün edilmişdi. Abxazların adı soyqırıma məruz qalan digər Qafqaz xalqları, o cümlədən çərkəzlərlə eyni sırada zikr edilir. Təsadüfi deyil ki, Çar Rusiyası zamanı aparılan etnik təmizləmə və başqa xalqların bu diyara köçürülməsi nəticəsində 1886-cı ildə əhalinin 42%-ni təşkil edən abxazlar xüsusilə sovet hakimiyyəti illərində məhv olma təhlükəsi ilə üz-üzə qalıblar.  Stalin repressiyalarından sonra keçirilən 1959-cu il siyahıyaalmasının nəticələrinə görə, Abxaziyada əhalinin cəmi 15%-ni abxazlar təşkil edirdi. Bu acınacaqlı vəziyyət SSRİ-nin dağılmasına qədər davam etdi. 1989-cu ildə 500 mindən çox əhalisi olan Abxaziyada cəmi 97 min abxaz var idi ki, bu da muxtar respublika əhalisinin 18%-ni təşkil edirdi. Qalan əhalinin əksəriyyətini gürcülər (45%), ermənilər (15%) və ruslar (14%) təşkil edirdi. SSRİ-nin dağılmasından sonra Gürcüstanda Zviad Qamsaxurdiyanın hakimiyyətə gəlməsi ilə gürcü millətçiliyinin getdikcə güclənməsini abxazlar özləri üçün həyati təhlükə sayaraq ayağa qalxdılar. Sözsüz ki, bu ayaqlanmada Qamsaxurdiya hökumətini zəiflətmək istəyən Rusiyanın da böyük rolu oldu. Başlayan gürcü-abxaz savaşı nəticəsində hər iki tərəfdən 30 mindən çox insan həlak oldu. Savaşın ilk mərhələsində (1992-1993) rusların köməkliyi ilə gürcüləri Abxaziyadan qovmağı bacaran abxazlar demoqrafik vəziyyəti öz xeyirlərinə qismən dəyişməyi bacardılar. Artıq Muxtar Respublika əhalisinin 45%-ni abxazlar təşkil edirdi. Amma bu həssas vəziyyət də uzun sürmədi. Abxaziya psevdo-müstəqillik qazandıqdan qısa müddət sonra ölkənin demoqrafik vəziyyəti bu səfər ermənilərin xeyrinə dəyişməyə başladı. Xüsusilə 44 günlük müharibədən sonra Qarabağ ermənilərinin Abxaziyada məskunlaşmağa başladığına dair ciddi iddialar var.  Gürcü araşdırmaçı yazar Aleksadr Zaxaridze bu iddianı irəli sürərək bildirir:

“Suxumidəki işğal administrasiyası və separatçı marionetlər hətta abxaz xalqının yox olması fonunda Abxaziyada konkret bir etnik qrupun nümayəndələrinin - ermənilərin sürətlə məskunlaşdığına dair hər hansı qeydi qəsdən gizlədirlər. Formal olaraq, qondarma separatçı “siyahıya”lara görə, Abxaziyada guya ermənilər abxazlardan azdır. Amma hamı yaxşı bilir ki, bu belə deyil. Abxaziyanın erməni icmasının müvafiq artımı ilə yanaşı (burada doğum səviyyəsi etnik abxazlara nisbətən daha yüksəkdir) Abxaziyaya Rusiyadan, Ermənistandan və Azərbaycanın Qarabağından böyük erməni axını gəlir”.

Müəllifin fikrincə, ermənilərin qədim xülyası olan dəniz kənarında yaşamaq arzusu Rusiya tərəfindən həyata keçirilir. Rusiyanın əslən erməni olan Xarici İşlər naziri Sergey Lavrov (Kələntəryan) bu prosesə rəhbərlik edir”.

Heydər Oğuzun fikrincə, Abxaziyada son zamanlar baş verənlər bu regionun geniş mənada özgələşdirilməsinə, dar mənada isə erməniləşdirilməsinə verilən reaksiyadır: “Əslində abxazların bu etirazları II Qarabağ savaşından dərhal sonra ortaya çıxmağa başlamışdı. İddialara görə, Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovun da təşviqi ilə Qarabağ ermənilərinin Abxaziyaya yerləşdirmək üçün hələ bir neçə il əvvəl Mənzil haqqında yeni qanun layihəsi hazırlanmış və parlamentdə müzakirəyə çıxarılmışdı. Bunu özlərinin öz yurdlarında sıxışdırılması kimi qiymətləndirən abxazlar müxtəlif sosial şəbəkələrdə vəziyyəti ciddi şəkildə müzakirə edirdilər. 1810-cu ildən indiyədək müxtəlif diskriminasiya siyasətləri ilə yoxoluş sərhədlərinə yaxınlaşan və cəmi 100 min əhalisi qalan abxazlar başqalarının öz yurdlarında məskunlaşmasına olduqca həssas yanaşır, bu reallıqla razılaşmaq istəmirlər. Bu da azmış kimi, Moskvanın təzyiqi ilə Abxaziya prezidenti Aslan Bjaniyanın Muxtar Respublikada fəaliyyət göstərən rus şirkətlərinə xüsusi imtiyazlar verən qanun layihəsini də müzakirəyə çıxarması abxazların xoflarını daha artırır. Onların fikrincə, hazırlanan yeni qanunvericilik aktı Abxaziya torpaqlarının rus iş adamlarının əlinə keçirilməsini legitimləşdirəcək”.

Heydər Oğuz onu da əlavə etdi ki, Abxaziyada yeni torpaqlar alıb özününküləşdirmək istəyənlər əsasən Krosnadar erməniləridir: “Bu isə istər-istəməz Abxaziyada erməni-abxaz savaşını körükləyə bilər”.

 

E.MƏMMƏDƏLIYEV,

Musavat.com

17.11.2024 13:37
1037