Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib.
Musavat.com səhmdar cəmiyyətinə istinadən xəbər veriri, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb.
Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.
Qatar gündəlik 10 reys həyata keçirir, Bakıdan Xırdalana 21, Xırdalandan Bakıya məsafəni isə 22 dəqiqəyə qət edir. Yeni qrafikə əsasən, Xırdalandan saat 06:53-də hərəkətə başlayan FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. FLIRT qatarı ilə Xırdalandan Bakıya növbəti reys saat 08:00-a təyin olunub.
Yeni FLIRT qatarı hərəkət intervalına nəzarət və qatarların optimal məsafədə saxlanılması, sürət həddinin avtomatik tənzimlənməsi və aşılması halında xəbərdarlıq edilməsi, təcili dayanma mexanizmi, qəza və ya icazəsiz hərəkət hallarında qatarın dayandırılması, siqnal sistemləri ilə inteqrasiya, maşinistin xəbərdarlıq və təlimatları alması kimi müasir təhlükəsizlik sistemlərini dəstəkləyir. Həmçinin qatar məlumatların qeydə alınaraq fayl kimi saxlanılması və nasazlıqların təhlilini təmin edir.
ADY-nin qatarla maneəsiz, sürətli, təhlükəsiz daşımalar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarburaxma, eləcə də sərnişindaşıma və ötürücülük qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər “Bakı şəhəri və ətraf ərazilərdə 2025–2030-cu illər üzrə mobilliyin transformasiyası proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda göstərilən əsas hədəflərə çatmaqda önəmli rol oynayır, şəhər mobilliyinin təmin olunmasına ciddi töhfə verir.