Avropa Komissiyası ABŞ-ın “Whirlpool Corp” şirkəti ilə Türkiyənin “Arçelik” şirkətinin Avropadakı aktivlərinin birləşdirilməsinə dair sazişi təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə Komissiyanın saytında yerləşdirilən açıqlamada məlumat verilir.
"Avropa Komissiyası hər iki şirkətin fəaliyyət göstərdiyi ölkələrdə alternativ məhsul tədarükçülərinin mövcudluğunu nəzərə alaraq, əməliyyatın rəqabət üçün təhlükə yaratmadığı qənaətinə gəlib", -tənzimləyicinin bəyanatında deyilir.
Birləşməyə dair sazişi 2023-cü ilin yanvarında imzalanmışdı, qüvvəyə minməsi üçün Avropa Komissiyasının təsdiqləməsi gözlənilirdi. Müqavilənin şərtlərinə əsasən, “Whirlpool” və “Arçelik” yeni şirkət yaradacaqlar ki, bu şirkətə “Whirlpool” böyük məişət texnikası istehsalı üzrə Avropa aktivlərini, “Arçelik” isə böyük və kiçik məişət texnikası istehsalı, həmçinin istehlakçı elektronikası və kondisioner sistemləri kimi üzrə əməliyyatlarını təhvil verəcək. “Whirlpool”un 25 faiz və “Arçelik”in 75 faizə sahib olacağı yeni şirkətin ümumi satışları ildə 6 milyard avrodan çox olacaq.
“Arçelik” “Beko” və “Grundig” kimi məişət texnikası markalarına, “Whirlpool” isə “Hotpoint” və “Indesit” markalarına sahibdir.
Oktyabrın əvvəlində Britaniyanın antiinhisar tənzimləyicisi də “Whirlpool”-“Arçelik” müqaviləsini dərindən öyrənməyə başlayıb. Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı (CMA) hesab edir ki, bu sövdələşmə istehlakçıların paltaryuyan, quruducu, qabyuyan maşın və mətbəx texnikası seçimlərini azalda bilər. İngiltərədə bu bazarın həcmi 3,8 milyard funt-sterlinqdən çoxdur.
Musavat.com