Ukrayna savaşı dünyada siyasi düzənin yenidən formalaşdırılmasında önəmli rol oynayır. Hazırda bu savaş ABŞ və ən yaxın müttəfiqlərinin prioritet hədəflərinə ciddi şəkildə dəyişiklik edib. Üstəlik, dünyada qarşı-qarşıya duran düşmən qütblərin təkrar düşərgələşmə prosesi də demək olar ki, sona çatmaq üzrədir. Və bu, Ukrayna savaşından sonra yeni dünya düzəninin tədricən funksional vəziyyətə gələ biləcəyini düşünməyə əsas verir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və ən yaxın müttəfiqləri öz hərbi-siyasi sərhədlərini müəyyən etmək prosesini yekunlaşdırmaq cəhdləri ilə kifayətlənmirlər. Belə ki, buna paralel olaraq, düşmən qütbün düşərgəsində böhran yaratmağın vacib olduğunu da qətiyyən unutmurlar. Xüsusilə də, düşmən qütbün təmsilçiləri arasında olan kəskin ziddiyyətləri savaş predmetinə çevirməyə can atırlar. Onların arasında ziddiyyətləri qarşıdurma mərhələsinə keçirtməyə çalışırlar. Və buna müəyyən həddə qədər nail də olurlar.
Təbii ki, ABŞ və Qərbə düşmən qütbün avanqard dövləti rolunda hələlik Rusiya çıxış edir. Çünki ABŞ və Qərb Çini özünə əsas düşmən dövlət hesab etsə də, rəsmi Pekin hazırda mümkün qədər Rusiya ortaq düşərgə fəaliyyətindən uzaq durmağa üstünlük verir. Və Çin bu məsələdə yalnız hərbi-siyasi deyil, həm də iqtisadi-ticari faktorları prioritet hesab edir.
Belə vəziyyətdə Çin Rusiyanın öz ətrafında toplamağa cəhd göstərdiyi əks qütbün həvəssiz formal üzvü kimi görünür. Üstəlik, rəsmi Pekinin bu müşahidəçi düşmən mövqeyi ABŞ və Qərbin maraqlarına cavab verir. Çünki bu, nə vaxtsa, Çini şirnikləndirmək ehtimalını qorumaqla yanaşı, düşmən qütbü parçalamaq perspektivini də aktual saxlayır. Bu baxımdan, Çinin passiv düşmən, aktiv müşahidəçi mövqeyi ABŞ və Qərbi hələlik tamamilə məmnun edir. Və Ukrayna savaşının yekun nəticələrinə uyğun olaraq, Çinlə bağlı da müəyyən qərarlar qəbul ediləcəyi qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, əgər, Rusiya savaşda məğlub olarsa, ABŞ və Qərbin növbəti hədəfinin məhz Çin olacağını əslində, elə rəsmi Pekin də tam dəqiqliyi ilə bilir. Ancaq rəsmi Pekin hər zaman manevr imkanlarının mövcudluğuna inandığını da qətiyyən gizlətmir. Hər halda, Ukrayna savaşından sonra ABŞ və Qərbin Çinə ehtiyacı da ola bilər. Və rəsmi Pekin də bütün hesablamalarını deyəsən, məhz bu ehtimal variantı üzərində qurmağa çalışır.
Təbii ki, rəsmi Pekin Ukrayna savaşı ətrafında yaranmış situasiyadan zaman qazanmaq üçün istifadə etməyə daha çox meyl göstərir. Hər halda, qazanılmış zamandan doğru istifadə edilərsə, Çinin hərbi qüdrətini, iqtisadi-ticari potensialını gücləndirmək mümkün olarsa, rəsmi Pekin Ukrayna savaşından sonra tamamilə fərqli beynəlxalq statusa sahiblənə də bilər. Və bu səbəbdən də, Çinin Rusiya ilə ortaq hərbi-siyasi düşərgəyə açıq şəkildə yerləşməkdən yayınmağa çalışması tamamilə başa düşüləndir.
Bütün bunları nəzərə aldıqda, Ukrayna savaşında tərəflərdən hansınınsa qalib və ya məğlub olması Çinin prioritet maraqlarına qətiyyən cavab vermir. Əksinə, Çin üçün Ukrayna savaşı ətrafında həm ABŞ və Qərbin, həm Rusiyanın pat vəziyyətin düşməsi ən ideal variant hesab oluna bilər. Çünki əgər, ABŞ Qərblə Rusiya arasında "nə hərb, nə sülh" vəziyyəti yaranarsa, bundan ən çox Çin faydalanmaq şansı qazanmış olacaq. Və bu halda, rəsmi Pekin hətta Çini Ukrayna savaşının qeyri-rəsmi qalibi də hesab edə bilər.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Çinin belə perspektivə hesablanmış xarici siyasət yürütdüyünü anlayır. Rəsmi Pekinin fəal müşahidəçi düşmən mövqeyi ABŞ və Qərbi indiki mərhələdə tamamilə qane etsə də, bu, yalnız yaxın perspektiv üçün keçərlidir. Çünki ABŞ və Qərb mövcud situasiyanın orta və uzaq perspektivdə məhz Çini gücləndirə biləcəyini anlayır. Ona görə də, Çinə Ukrayna savaşından sonra daha iddialı dünya supergücə çevrilmə ehtimalına qarşı indidən müəyyən priventiv addımlar atmağa çalışırlar. Və bu addımlar hələlik yalnız Çinin iqtisadi yüksəliş perspektivlərini bloklamaq cəhdləri ilə məhdudlaşır.
Halbuki, Qərbdə Çinin tam nəzarət altına alınmasının mümkün olmadığını da anlamamış deyillər. Hər halda, Çin sürətlə böyüyür və rəsmi Pekinin geopolitik iradəsi ölkə sərhədlərindən, hətta Asiya qitəsindən belə, kənara çıxmağa başlayıb. Belə ki, rəsmi Pekin bəzi ölkələrə böyük həvəslə investisiya yatırır, dünyanın önəmli regionlarında strateji limanları ya satın alır, ya da uzun müddətə icarəyə götürür. Və bununla da dünya iqtisadiyyatının nəqliyyat-kommunikasya, elə də ticarət arteriyalarını indidən ələ keçirtməyə can atır.
Digər tərəfdən, Çin zaman keçdikcə, Afrikada daha geniş şəkildə yerləşərək, "qara qitə"də möhkəmlənir. Üstəlik, ABŞ və Qərbin, xüsusilə də, Fransanın bu qitədə itirdiyi mövqelər Çinin nəzarətinə keçməyə çalışır. Eyni zamanda, rəsmi Pekin Afrikaya yerləşmək prosesində ABŞ və Qərblə maraqları toqquşan Rusiya ilə ortaq hərəkət etməyə də həvəsli görünür. Hər halda, son vaxtlar NATO ölkəsi olsa da, Türkiyə ilə Çin arasında müəyyən yaxınlaşma meyilləri müşahidə olunur. Və bu prosesin həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm də BRİCS çərçivəsində inkişaf perspektivləri Türkiyə-Çin yaxınlaşması ilə bağlı Qərbdə narahatlığı artırır.
Göründüyü kimi, ABŞ və Qərb dünya düzənini dəyişdirib, yeni qlobal hegemonluq standartları yaratmağa çalışır. Ancaq zaman və situasiya hazırda ABŞ və Qərbdən daha çox Çinin xeyrinə inkişaf edir. Belə şəraitdə həm Rusiya, həm də Çinlə eyni vaxtda qarşıdurma resurslarına malik olmayan ABŞ və Qərb demək olar ki, çıxılmaz vəziyyətə düşmək üzrədir.
Çünki Rusiyanın məğlubiyyəti Qərbin qalibiyyəti anlamı daşımayacaq. Əksinə, bu, Çinin güclənməsinə münbit şərait yaradacaq. Rəsmi Pekini dünya hegemonluğuna ortaq edəcək. Və nəticədə ABŞ şəriksiz dünya jandarmına çevrilmək hədəfini reallaşdırmaq üçün Çinlə daha ağır qarşıdurmaya girmək məcburiyyətində qala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu