Azərbaycan və Ermənistan rəsmi dairələri yekun sülh sazişinin imzalanmasının mümkünlüyü barədə müxtəlif mesajlar verirlər. Həmin mesajların əsas məzmunu ondan ibarətdir ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün real şans yaranıb. Hazırda iki ölkə arasında onilliklər boyu davam etmiş münaqişənin və düşmənçilik münasibətlərinin sona çatdırılması baxımından, real imkanlar dəyərləndirilə bilər. Çünki rəsmi qənaətlərə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəl qalmayıb.
Ancaq burada bir önəmli məqam da var. Belə ki, ilk növbədə əngəl dedikdə hansı situasiyanın nəzərdə tutulduğunu da aydınlaşdırmaq olduqca vacibdir. Əgər, iki ölkə arasında sülh sazişinin imzalanması qarşısında əsas əngəl kimi, erməni separatizmi və terrorizmi nəzərdə tutulursa, son addımın atılmasına real imkanların yarandığı qətiyyən şübhə doğurmur. Çünki Azərbaycan ordusu son antiterror əməliyyatları sayəsində erməni separatizmi və terrorizmini məğlub edərək, həmişəlik sıradan çıxarıb. Onilliklər boyu erməni separatizminin və terrorizminin “yuvası” kimi mövcud olmuş “boz zona” da artıq ləğv olunub.
Yəni, indi rəsmi İrəvanın “boz zona” üzərindən Azərbaycana qarşı hər hansı uydurma iddialar irəli sürərək, sülh danışıqlarını qəlizləşdirmək şansı artıq yoxdur. Sadəcə, Paşinyan hakimiyyəti mövcud reallıqlarla barışmalıdır, siyasi iradəsinin olduğunu sübut etməlidir və Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təklif etdiyi beş baza prinsipi əsasında yekun sülh sazişini mütləq imzalamalıdır. Və bununla da iki qonşu ölkə arasında dövlətlərarası münasibətlərin yeni, həm də çox fərqli mərhələsi başlaya bilər.
Təbii ki, buna nail olmaq üçün həm də rəsmi İrəvanın müstəqil qərar vermək üçün siyasi iradəsinin olması da vacibdir. Çünki ABŞ, Fransa və Avropa Birliyindən təlimat almaqla, Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişini imzalaya bilməz. Hər halda, adları çəkilən beynəlxalq dairələrin Cənubi Qafqazda fərqli geopolitik hədəflərinin olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni şərtlərə bağlı geopolitik mərhələnin yolunu açacağından beynəlxalq dairələrin regional hədəflərini də bloklaya bilər.
Ona görə də, uzun müdddət Rusiyanın etdiyi kimi, ABŞ, Fransa və Avropa Birliyi də hazırda yalnız regional sülh prosesini dəstəklədiklərini bəyanlayırlar. Ancaq reallıqda sülh prosesini poza biləcək mövqedən çıxış edirlər. Nə qədər qəribə də olsa, Qərb siyasi dairələri iddia edirlər ki, Azərbaycan və Ermənistanın imzalayacağı yekun sülh sazişinin mətnində Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtma hüquqları, təhlükəsizliyi və s. ilə bağlı məqamlar da yer almalıdır.
Təbii ki, ABŞ və Qərbin bu yanaşma tərzi, irəli sürdüyü tezislər tamamilə həm yersiz, həm də məntiqsizdir. Birincisi, rəsmi Bakı Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışına qarşı olmadığını, Azərbaycan Konstitusiyası çərçivəsində onların təhlükəsizliyinə təminat verdiyini dəfələrlə bəyan edib. Eyni zamanda, rəsmi Bakı bu məsələni birmənalı şəkildə Azərbaycanın daxili işi hesab edir və başqa ölkələrlə müzakirə olunmasını məqbul saymır.
Digər tərəfdən, yekun sülh sazişinin mətni məhz Azərbaycan və Ermənistan arasında müzakirə edilərək, razılaşdırılmalı olan hüquqi sənəddir. Hər hansı üçüncü tərəfin, o cümlədən də, ABŞ və Qərbin həmin hüquqi sənədin mətninə, məzmununa müdaxilə etmək cəhdi yolverilməz davranışdır. Yəni, Qərb siyasi dairələrinin vasitəçilik missiyası Azərbaycan və Ermənistan təmsilçiləri arasında sülh danışıqlarına şəraitin yaradılması ilə məhdudlaşmalıdır. Müzakirələrin hüquqi nəticələri və hansı məsələlərin hansı məzmunda razılaşdırılmasının ABŞ və Qərbə heç bir aidiyyatı yoxdur.
Ancaq belə anlaşılır ki, ABŞ və Qərbə sülh sazişinin mətninə müdaxilə etməklə, Cənubi Qafqazda öz hədəflərinin reallaşdırılması baxımından, hansısa təsir mexanizmlərinin qazanılması olduqca vacibdir. Ona görə də, bu regionda “erməni faktoru”nun gündəmdə qalması məqsədilə avantürist tezislər icad etməyə çalışırlar. Bununla da, əslində, neytral vasitəçilik missiyası əvəzinə özəl maraqlardan çıxış etdiklərini biruzə vermiş olurlar. Və belə vəziyyətdə beynəlxalq vasitəçilərin geopolitik maraqlarının sülh prosesini əngəlləməsinin qarşısını almağın yeganə yolu onları oyundankənar vəziyyətə salmaq ola bilər.
Maraqlıdır ki, rəsmi Bakı bu əngəli sülh prosesindən kənarlaşdırmaq üçün Ermənistana müraciət edib. Həmin müraciətdə Azərbaycanın Ermənistanla birbaşa, yəni ikitərəfli təmaslar metodu ilə sülh danışıqlarına üstünlük verdiyi xüsusilə vurğulanır. Hətta Azərbaycanın rəsmi təmsilçilərinin iki ölkənin sərhəd bölgəsində birbaşa müzakirələr keçirilməsinə hazır olduğu da qabardılır. Və bu, o deməkdir ki, rısmi Bakı nə Qərbin, nə də Rusiyanın vasitəçilik missiyası adı altında sülh prosesini ləngitməsindən qətiyyən məmnun deyil.
Belə anlaşılır ki, əgər, Paşinyan hakimiyyəti rəsmi Bakının təklif etdiyi ikitərəfli təmaslar metoduna müsbət reaksiya verərsə, onda, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhəd bölgəsində yeni sülh platforması yarana bilər. Belə olacağı təqdirdəsə, doğrudan da Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanması qarşısında hər hansı əngəl qalmaz və Cənubi Qafqazda yeni dövrün başlanması qaçılmaz olar. Və bu, indi Qərb siyasi dairələrindən ciddi şəkildə asılı vəziyyətdə olan Paşinyan hakimiyyətinin siyasi iradəsinin nə qədər müstəqil ola biləcəyindən birbaşa asılıdır.
Əks halda, hazırda danışıqlar prosesini böhrana düçar etmiş ABŞ və Qərb öz maraqlarına uyğun “sülh sazişi” mətni uyduraraq, arxa qapıdan Ermənistana ötürməkdə davam edəcək. Paşinyan hakimiyyəti isə Qərbin verdiyi təminat və təlimatlara uyğun şəkildə sülh prosesini uzatmağa çalışacaq. Çünki rəsmi Bakı təklif etdiyi beynəlxalq huquq normalarına uyğun beş prinsipə zidd şəkildə diqtə olunmasına çalışılan “sülh sazişi variantı” ilə razılaşmayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu