Cənubi Qafqaz uğrunda mübarizə artıq geriyə dönməz xarakter alıb. Dünya nəhəngləri bu regionda öz beynəlxalq rəqiblərini görmək istəmirlər. Üstəlik, Cənubi Qafqazda demək olar ki, iki düşmən qütb arasında kəskin qarşıdurma yaşanır. Və bu qarşıdurmada Ermənistan geopolitik savaş poliqonu rolunu oynayır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ermənistana Rusiya ilə münasibətlərini normal məcraya yönəltmək imkanı tanımaq niyyətində deyil. Əksinə, Qərbdən gələn sifarişlər rəsmi İrəvanı Kremllə ziddiyyətləri dərinləşdirmək məcburiyyətində buraxır. Və bu, Ermənistanın nə Rusiyanın orbitində olarkən, nə də indi Qərbə sığınmağa cəhd edərkən, qətiyyən müstəqil dövlət olmadığını birmənalı şəkildə təsdiqləyir.
Maraqlıdır ki, Ermənistanın NATO-nun ABŞ-da keçirilən yubiley sammitinə qatılması Kremldə böyük qəzəb doğurub. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzun Ermənistanın siyasi rəhbərliyinə dolayısı xəbərdarlıq mesajları yönəldib. Rus diplomat vurğulayıb ki, əgər, rəsmi İrəvanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı sualları mövcuddursa, bu, normal şəkildə müzakirə oluna bilər. Ancaq rəsmi İrəvan KTMT üzvü olan Ermənistanı NATO sammitində təmsil etməsi yolverilməz davranışdır.
Eyni zamanda, rus diplomat rəsmi İrəvana NATO ölkələri ilə hərbi ticarətə can artmasını da KTMT-nın müttəfiqlik və təhlükəsizlik prinsiplərinə zidd olduğunu qabardıb. Onun fikrincə, KTMT üzvləri hərbi təhlükəsizlik problemlərini və silahlanma prioritetlərini ortaq şəkildə həll etməyə qadirdirlər. Və Ermənistanın bu məsələdə fərqli istiqamətlərə yönəlməsi yaxın gələcəkdə arzuolunmaz nəticələrə yol aça bilər.
Nəhayət, Mixail Qaluzun Kremlin Ermənistanda yerləşdirilən Avropa Birliyinin mülki müşahidə missiyasının fəaliyyətini hədəfə almaqdan da özünü saxlaya bilməyib. Belə ki, Kremlin təmsilçisi vurğulayıb ki, rəsmi İrəvan bu "müəmmalı kontingent"in Ermənistan ərazisində müvəqqəti deyil, məhz həmişəlik qalması istiqamətində fəaliyyət göstərir. Rus diplomat hesab edir ki, Avropa Birliyinin mülki müşahidə missiyası Qərb casuslarından ibarət olmaqla, yalnız Rusiya və Ermənistana qonşu ölkələr barəsində kəşfiyyat məlumatları toplamaqla məşğuldur.
Digər tərəfdən, rus diplomat bu "müəmmalı kontingent"in tərkibinə Kanada kəşfiyyatçılarının da qatıldığını xatırladaraq, bu missiyanın Ermənistanda artıq birbaşa NATO-nu təmsil etdiyini vurğulayıb. Və onun fikrincə, rəsmi İrəvanın bu yanlış davranışları, xüsusilə də, Avropa Birliyinin mülki müşahidə missiyası adı altında Cənubi Qafqazın qapılarını NATO kəşfiyyatçılarının üzünə açması tezliklə Ermənistanın özü üçün real təhlükələr törədə bilər.
Digər önəmli məqam ondan ibarətdir ki, Kreml Paşinyan hakimiyyətinə Qərbin Ermənistanı "ukraynalaşdırma" cəhdlərinin hansı nəticələrə yol aça biləcəyi barədə də üstüörtülü xəbərdarlıq mesajları verir. Rusiya siyasi dairələri hesab edirlər ki, Qərb Ermənistan üzərindən Cənubi Qafqazda hərbi-siyasi situasiyanı yeni savaş həddinə qədər gərginləşdirməyə cəhd göstərir. Və Qərbin Ermənistana təhlükəsizlik təminatı verəcək mexanizmləri olmadığı bir situasiyada rəsmi İrəvan bundan ciddi şəkildə narahat olmalıdır.
Ancaq bəzi məlumatlara görə, Kremlin bu qəzəbinin və ya xəbərdarlıq mesajlarının Paşinyan hakimiyyətini Rusiyaya xəyanət yolundan döndərmə ehtimalı artıq o qədər də inandırıcı görünmür. Belə ki, NATO-nun Ermənistanda 14 istinad nöqtəsinin olduğunu hətta erməni mənbələri belə, etiraf edirlər. Üstəlik, Ermənistan ərazisində ABŞ-ın 13 bioloji laboratoriyasının olduğunu da nəzərə aldıqda, Rusiya üçün problemin kifayət qədər ciddi olduğu qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, Paşinyan hakimiyyəti tədricən Ermənistanı KTMT-dan çıxartmaq istiqamətində addımlar atdığı da inkaredilməz reallıqdır. Hər halda, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan KTMT-da fəaliyyətini demək olar ki, dayandırıb və bu qurumun maliyyələşdirilməsindən belə, imtina edib. Son vaxtlar KTMT-nın Rusiyadan sonra ən önəmli ikinci təmsilçisi olan Belarusla da münasibətlərin qopma nöqtəsinə gətirilməsi Paşinyan hakimiyyətinin prinsipial qərar ərəfəsində olduğunu göstərir.
Maraqlıdır ki, Ermənistanın "İravunk" nəşri baş nazir Nikol Paşinyanın yaxın ətrafına verdiyi təlimatlar barədə məlumatlar yayıb. Həmin məlumatlara görə, erməni baş nazir partiyasının təmsilçilərinə Ermənistan cəmiyyətində Rusiya əleyhinə təbliğatı gücləndirməyi və Qərbə münasibətdə rəğbət mühitinin yaradılmasını tapşırıb. Və ardınca isə heç bir izahat vermədən sentyabr-oktyabr aylarında ciddi, qətiyyətli addımlar atacağını bəyan etməklə, kifayətlənib.
Ancaq “İravunk” nəşri hökumət daxilində olan mənbələrinə istinadən iddia edir ki, göstərilən zaman intervalında baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması barədə qəti qərar vermək niyyətindədir. Çünki erməni baş nazir Qərb tərəfdarlarının geniş və güclü koalisiyasının yaradılmasında birbaşa maraqlı olduğuna da eyham vurub. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti hansısa radikal taleyüklü qərarlara hazırlıq mərhələsindədir.
Belə anlaşılır ki, payız aylarında Ermənistan Rusiyadan tamamilə qopmaq barədə konkret təlimat alıb. Paşinyan hakimiyyəti isə Qərbdən gələn bu təlimatı ən yaxın vaxtlarda reallaşdırmaq məcburiyyətindədir. Rusiyanın bütün bunlara müşahidəçi qalacağını düşünmək isə sadəlövhlük olardı. Və məhz Kremlin verəcəyi sərt reaksiyadan sonra Ermənistanın gələcək taleyi böyük ölçüdə aydınlaşdırmağa başlaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu