Cənubi Qafqazı yenidən qarışdırmağa çalışırlar. ABŞ, Avropa Birliyi və Fransa bu regionda mövcud olan situasiyadan qətiyyən məmnun deyillər. Xüsusilə də, regional sülh prosesinin növbəti dəfə pozitiv nəticələrə yaxınlaşması Qərbdə bəzilərini ciddi şəkildə narahat edir. Ona görə də, ortaq şəkildə Cənubi Qafqazda yeni hərbi toqquşmaların törədilməsi məqsədilə məkrli manevrlərə cəhd göstərirlər. Və bu baxımdan, regional sülh prosesinə qarşı Qərbin bloklayıcı davranışları artıq inkaredilməz reallıqdır.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Paşinyan hakimiyyəti yekun sülh sazişinin mətni üzərində anlaşma ərəfəsində olduğunu qətiyyən gizlətmirdi. Ancaq artıq bu ehtimal tədricən arxa plana keçirilmək üzrədir. Çünki ABŞ və Qərb yenidən hərəkətə keçib, rəsmi İrəvanı "sülh masası"ndan kənara çəkməyə başlayıb. Və ABŞ-dan göndərilən yüksəkrütbəli emussarların İrəvan səfərlərindən sonra Paşinyan hakimiyyətinin mövqeyində dəyişikliklər artıq açıq-aşkar nəzərə çarpır.
ABŞ-ın Ermənistanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq vədləri rəsmi İrəvanı "sülh masası"ndan çəkilməyin daha sərfəli olduğuna inandırıb. Halbuki, ABŞ ilə strateji tərəfdaşlığa ümid bəsləyən dövlətlərin sonrakı taleyinin necə olduğunu müəyyən etmək üçün Ukraynanın başına gələnlərə diqqət etmək tamamilə yetərlidir. Və ABŞ-ın Ukrayna ilə imzaladığı verdiyi təhlükəsizlik təminatı barədə sazişin hər an ləğv edilə biləcəyini də elə Ağ Ev rəsmiləri açıq mətnlə etiraf edirlər.
Belə olan təqdirdə, rəsmi İrəvanın ABŞ-a ümid bəsləyib, Ermənistanın gələcək taleyini böyük risk altına salması da təəccüb doğurur. Yəni, ABŞ-a Ermənistanın gələcək taleyi qətiyyən maraqlı deyil. Ağ Evin Cənubi Qafqazda müəyyən geopolitik maraqları mövcuddur və Ermənistana sadəcə, "regional alət" rolu ayrılıb. Və bu baxımdan, Ermənistan ABŞ-ın maraqları naminə növbəti qurban olaraq, seçilib.
Digər tərəfdən, Avropa Birliyi və bu quruma nəzarət edən Fransa da eyni hədəflərə can atır. Belə ki, Fransa Afrikadan qovulub. Rəsmi Paris Afrikadakı müstəmləkələrini tədricən tərk etməyə başlayıb. Ona görə də, indi Fransa yeni müstəmləkə məkanı axtarmaqdadır. Bu məqsədlə isə məhz Ermənistanın seçildiyi artıq qətiyyən şübhə doğurmur. Və rəsmi Paris Ermənistanı Fransanın yeni müstəmləkəsinə çevirməkdə israrlıdır.
Təbii ki, bu niyyətini reallaşdırmaq üçün Fransaya Cənubi Qafqazda hərbi münaqişə vəziyyətinin hökm sürməsi olduqca vacibdir. Ona görə də, rəsmi Paris bütün imkanlarını məhz regional sülh prosesinin pozulmasına yönəldib. Fransa Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasından yayındırmağın təhlükəli olmadığına inandırmağa çalışır. Və bu məqsədlə də hər hansı xarici təhlükə vəziyyətində Ermənistanı müdafiə edə biləcəyini rəsmi İrəvanın diqqətinə çatdırır.
Maraqlıdır ki, Ermənistanın yeni müstəmləkəyə çevrilməsində Fransa Avropa Birliyindən də maksimum səviyyədə istifadə etməyə cəhd göstərir. Birincisi, Ermənistanı Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirtməyə sövq edirlər. Çünki əgər, rəsmi İrəvan bu addımı atarsa, heç vaxt Avropa Birliyinin üzvü olmasa belə, Fransanın nəzarəti altında olan bu qurumdan siyasi cəhətdən asılı vəziyyətə düşəcək. Və bu, Ermənistanın birbaşa Parisdən idarə olunmasını təmin etmiş olacaq.
Nəhayət, ABŞ və Fransa Ermənistanda hərbi kontingent yerləşdirilməsində də maraqlıdır. Ona görə də, bu məqsədin reallaşdırılması üçün bəhanə yaratmağa da cəhd göstərirlər. Belə bəhanə isə Azərbaycanla sülh sazişinin imzalanmasından sonra qətiyyən real deyil. Deməli, Ermənistanı Azərbaycanla sülh prosesindən uzaqlaşdırıb, hərbi münaqişəyə sövq etmək ABŞ və Fransanın regional maraqlarına tamamilə uyğundur. Və belə bir planın artıq mövcud olduğu da tədricən müşahidə olunmağa başlayıb.
Məsələ ondadır ki, son vaxtlara qədər Azərbaycanla ən qısa zamanda yekun sülh sazişinin imzalanmasının mümkünlüyündən danışan Paşinyan hakimiyyəti indi daha radikal mövqedən çıxış edir. Üstəlik, heç bir səbəb olmadığı halda, Azərbaycanı Ermənistanla yeni müharibəyə hazırlaşmaqda suçlayır. Və nə qədər qəribə olsa, rəsmi İrəvan Azərbaycana qarşı ən absurd, məntiqsiz iddialar irəli sürür.
Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın COP29 tədbirindən sonra müharibəyə başlayacağını bəyan edib. Halbuki, bir ölkənin yüksək diplomatiya idarəsinin belə iddialar irəli sürməzdən öncə ilk növbədə real faktlar göstərnəlidir. Rəsmi İrəvan isə faktlar göstərmək əvəzinə, sadəcə, "Azərbaycanın davranışları"na absurd istinadla kifayətlənir. Azərbaycanın davranışlarında isə yekun sülh sazişinin imzalanmasına yönəlik cəhdlərdən başqa heç bir kənar məqam mövcud deyil. Əksinə, son vaxtlar məhz Ermənistan Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla, ciddi hərbi təxribatlar törədib. Və bu, ABŞ-Fransa ortaq təlimatının inikasından başqa bir şey deyil.
Göründüyü kimi, ABŞ və Fransa Azərbaycanı Ermənistan üzərindən hərbi təxribatlara çəkməyə çalışır. Belə anlaşılır ki, Cənubi Qafqazda yeni hərbi münaqişənin planı artıq işə salınıb. ABŞ Ermənistanla strateji tərəfdaşlıq məsələsini gündəmə gətirərək, Paşinyan hakimiyyətini cəsarətləndirməyə çalışır. Eyni zamanda, Fransa Ermənistana yeni müasir hərbi texnika verilməsi barədə müqavilə imzalayıb. Buna paralel olaraq, Fransanın nüfuzlu ermənipərəst dairələri rəsmi Parisə müraciət edərək, Ermənistana hərbi kontingent göndərilməsini tələb edirlər. Və bütün bunlar yeni savaşa hazırlıq prosesi təsiri bağışlayır.
Ən önəmli məqam isə ondan ibarətdir ki, ABŞ və Qərbin təlimatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlar törədəcəyi zamanı da artıq təxmin etmək mümkündür. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında noyabrda keçiriləcək COP29-dan sonranı işarə etməsi qətiyyən təsadüfi deyil. Yəni, bu, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlara başlayacağı zamanının əvvəlcədən elan edilməsi anlamı daşıyır.
Belə anlaşılır ki, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda yeni savaş planı mövcuddur. Bu barədə rəsmi İrəvana artıq təlimat verilib və Ermənistanın yeni müharibəyə hazırlanmasına da başlanılıb. ABŞ və Fransa Ermənistanı noyabr ayında Azərbaycanla müharibəyə sövq edəcək. Bu savaşın başlanmasına görə günahı isə Azərbaycanın üzərinə atmağa çalışacaqlar.
Hər halda, ABŞ, Avropa Birliyi, Fransa və Ermənistanın apardığı propoqandanın məzmunu belə düşünməyə tamamilə əsas verir. Və son hədəf olaraq, Fransanın Qərbi təmsil missiyası ilə Ermənistana hərbi kontingent göndərməsinə bəhanə qazanılması nəzərdə tutulur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu