Bu ilin oktyabrında qlobal gündəlik neft təklifi 320 min barel artaraq 102 milyon barelə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə hesablamanı Beynəlxalq Enerji Agentliyi aparıb.
BEA-nın aylıq hesabatında bildirilir ki, artımın əsas hissəsi ABŞ və Braziliyada qeydə alınıb: “ABŞ və Braziliyada hasilatın artımı proqnozları üstələyib ki, bu da 2023-cü ildə qlobal neft tədarükünün sutkada 1,7 milyon barel artaraq rekord həddə - 101,8 milyon barelə çatmasına səbəb olub. Bu, əvvəlki illə müqayisədə 140 min barel çoxdur”.
Agentliyə görə, hər hansı gözlənilməz fasilələrin qarşısını almaqla, OPEC-ə daxil olmayan hasilatçılar 2024-cü ildə qlobal artıma yenidən gündə 1,6 milyon barel töhfə verməklə dünya bazarına tədarükü misli görünməmiş 103,4 milyon barelə çatdıracaqlar.
BEA bildirir ki, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə tədarük axınına ciddi təsir göstərməyib: "İranın İsrailə neft embarqosu tətbiq etmək çağırışı dəstək almadı. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih noyabrın əvvəlində atəşkəsə nail olmaq üçün neftin qiyməti kimi iqtisadi alətlərdən istifadə etməyi istisna etdi".
Maraqlıdır ki, neft bazarında qiymətləri yüksək saxlamaq üçün hasilatı azaldan OPEK+ ölkələri digər ölkələrin bazar paylarını sürətlə genişləndirməsinə şərait yaratmış olurlar. Bu zaman OPEK+ razılaşmasının əsas iştirakçılarından olan Rusiya hasilatı artırır, digər ölkələr, xüsusilə də Səudiyyə Ərəbistanı isə azaldır. Oktyabrda Rusiyada neft hasilatı gündə 9,5 milyon barel, Səudiyyədə isə 9 milyon barel təşkil edib.
Musavat.com