ABŞ və Avropa Birliyinə sarsıdıcı "erməni zərbəsi" uzaqda deyil: Paşinyan yenidən Rusiyanın orbitinə qayıtmaq planı qurur

Baş nazir Nikol Paşinyan ABŞ və Avropa Birliyindən gözlədiyi heç bir dəstəyi ala bilmədiyi üçün Ermənistanı daha risk altına almaqdan çəkinir... Rəsmi İrəvandan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarı gözlənildiyi bir mərhələdə Ermənistan yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına qayıtmağa hazırlaşır...

Cənubi Qafqaz uğrunda mübarizə artıq "qırmızı cizgilər'"dən kənara çıxmağa başlayıb. Belə ki, hazırda ABŞ və Qərbin Rusiya ilə bu regionda qarşıdurması demək olar, həlledici mərhələyə keçid etmiş kimi görünür. Və bundan sonra baş verə biləcək proseslər böyük ehtimalla Cənubi Qafqazda sərt toqquşmaya da keçə bilər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanı əsasən, Ermənistan və Gürcüstan üzərindən hədəfə almağa çalışır. Azərbaycan bu prosesdə ABŞ və Qərbin təsir dairəsindən çox-çox uzaqdır. Rəsmi Bakı Azərbaycanın xarici siyasətində müstəqil mövqeni və balans yaratma taktikasını qoruyub saxlayır. Və bu baxımdan, Azərbaycan nəhənglərin savaşında birbaşa iştirak etmir.

Gürcüstanın da müəyyən mənada, ABŞ və Qərbin təzyiqlərinə müqavimət göstərməyə çalışdığı müşahidə olunur. Ancaq Qərbin Gürcüstana təzyiq mexanizmləri hər halda, olmamış deyil. Sadəcə, indiki mərhələdə rəsmi Tiflisin müqavimət cəhdləri Qərbin təzyiq mexanizmlərinin effektivliyini ciddi şəkildə zəiflədir. Və bu baxımdan, Gürcüstan hazırda Qərb üçün nəzarətdən çıxmaqda olan tərəfdaş durumuna düşmüş kimi görünür.

8f0f3659eddb9dd7b76a2cd0c307486e.jpg (252 KB)

Ancaq Ermənistan ilə bağlı situasiya tamamilə fərqlidir. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti yürütməyə çalışır. Üstəlik, Paşinyan hakimiyyəti Ermənistanın siyasi idarəçilik sistemini tam şəkildə ABŞ, Avropa Birliyi və Fransanın istifadəsinə verib. İndi rəsmi İrəvan yalnız Qərbdən gələn təlimatlar və sifarişlər əsasında siyasi qərarlar qəbul edir. Və Qərbdən icazəsini ala bilmədiyi heç bir məsələ ilə bağlı hər hansı addım atmır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ son vaxtlar Ermənistanda özünü kifayət qədər rahat hiss edir. Hətta ABŞ-ın İrəvandakı səfiri Kristina Koen Ermənistanı qeyri-rəsmi şəkildə idarə etdiyini dolayısı ilə etiraf edib. Amerikalı səfir bildirib ki, İrəvanda əsas vəzifəsi Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir. Və bu, Paşinyan hakimiyyətinin hansı səviyyədə ABŞ-dan asılı vəziyyətə düşdüyünü təsəvvür etməyə tamamilə imkan verir.

Ancaq rəsmi İrəvanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti Ermənistan üçün olduqca təhlükəli və ağrılı bir prosesdir. Belə ki, Paşinyan hakimiyyəti nə qədər Qərbə doğru can atsa da, Ermənistan bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdədir. Ən əsası isə rəsmi İrəvanın Ermənistanı bu asılılıqdan çıxartmaq şansları qətiyyən ümidverici deyil. Və bu, Ermənistan üçün böyük fəlakətlərə yol aça biləcək avantüra təsiri bağışlayır.

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Ermənistan Rusiya enerji resurslarından qidalanır və Azərbaycanla yekun sülh sazişi imzalanmadığından buna hələlik alternativ də yoxdur. Eyni zamanda, Ermənistan üzv olduğu Avrasiya İqtisadi İttifaqından iqtisadi-ticari sahə üzrə güzəştlərdən maksimum səviyyədə faydalanır. Və bu önəmli güzəştlərin də alternativ istiqaməti hazırda mövcud deyil.

1002537.jpg (103 KB)

Nəhayət, Ermənistan həm Rusiya ilə hərbi müttəfiq olması, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması da Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma cəhdləri qarşısında olduqca ciddi bloklayıcı faktordur. Ona görə də, ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılmasını tələb edir. İlk növbədə isə Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi ən qısa zamanda, pozmasında israrlı mövqe tutur. Və rəsmi İrəvan hazırda bu tələbləri icra etmək imkanından çox-çox uzaqdır.

Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi rəsmi İrəvanın gözləntilərini qarşılamağa qətiyyən həvəs göstərmədi. Əksinə, rəsmi İrəvana indiyə qədər yalnız vədlər verildi. Ən yaxşı haldasa, Ermənistana vəd olunan 250 milyon avro məbləğində maliyyə yardımı beş illik müddətə bölündü. Yəni, əgər, rəsmi İrəvan ABŞ və Qərbin tələblərini yerinə yetirərək, Rusiyadan qopub, Avrasiya İqtisadi İttifaqından çıxarsa, bu, Ermənistana sarsıdıcı nəticələr verə bilər. Və Paşinyan hakimiyyəti artıq son vaxtlar bu təhlükəli perspektivi ciddiyə almağa başlayıb.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi Ermənistanın təhlükəsizliyinə təminat verməyə də qətiyyən ehtiyac duymur. Belə situasiyada rəsmi İrəvanın KTMT-dan çıxması, eləcə də, Rusiya ilə hərbi müttəfiqliyi pozması Ermənistanın tamamilə təklənməsinə səbəb ola bilər. Və bu halda, Ermənistan dövlətçiliyinin yox olma ehtimalının da real görüntülər ala biləcəyi qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, ABŞ və Qərbin Paşinyan hakimiyyətinə verdiyi vədlər indiki halda, Ermənistan üçün yaxşı gələcək təmin etmir. Əksinə, Ermənistan indi daha çox qeyri-müəyyən situasiyaya doğru irəliləməkdə davam edir. Üstəlik, ABŞ-da Bayden administrasiyasının dəyişmə ehtimalı Ermənistanı ümumiyyətlə, geopolitik risk altına sala bilər. Çünki Ağ Evin keçmiş sahibi Donald Trampın Ermənistana Bayden administrasiyası qədər əhəmiyyət verəcəyi qətiyyən inandırıcı deyil.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB)

Paşinyan hakimiyyəti isə sentyabr-oktyabr aylarında Ermənistan üçün radikal addımlar atmağa hazırlaşır. Hər halda, Ermənistan mətbuatında son vaxtlar Paşinyan hakimiyyəti daxilində olan mənbələrə istinadən belə məlumatlar yayılmaqdadır. Həmin məlumatlar isə kifayət qədər ziddiyyətli xarakter daşıyır. Belə ki, bəzi mənbələr baş nazir Nikol Paşinyanın tezliklə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması barədə prinsipial qərar verəcəyini iddia edirlər.

Ancaq digər mənbələr bunun tamamilə əksini iddia edirlər. Belə ki, həmin iddialara görə, baş nazir Nikol Paşinyan yaxın ətrafına xarici siyasət kursunda hər kəsi heyrətə salacaq addımlar atacağını bildirib. Ehtimal olunur ki, erməni baş nazir ABŞ və Avropa Birliyindən gözlədiyi heç bir dəstəyi ala bilmədiyi üçün daha risk etmək niyyətində deyil. Və yenidən Ermənistanı Rusiyanın "təhlükəsizlik çətiri" altına qaytarmaq barədə düşünür.

Belə anlaşılır ki, Ermənistanın KTMT-dan çıxacağının gözlənildiyi bir mərhələdə Paşinyan hakimiyyəti öz xarici siyasət hədəflərini yenidən dəyişə bilər. Rusiyanın Ukrayna savaşında mövqelərinin yenidən möhkəmlənməsi rəsmi İrəvanı Kremlin orbitinə qayıtmağa sövq etmək üzrədir. Və xəyanətə vərdişli Ermənistanın belə bir addım atması isə əslində, yalnız Qərb üçün gözlənilməz situasiya anlamı daşıya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

17.07.2024 19:33
1676