ABŞ-Ukrayna investisiya fondunun idarə heyəti bu ay ABŞ ilə yerin təki sazişinin bir hissəsi kimi pilot investisiyalar üçün ilk layihələri müəyyən edəcək. Musavat.com xəbər verir ki, məlumatı Ukraynanın baş naziri Yuliya Svırıdenko investisiya fondunun idarə heyətinin ilk iclasından sonra öz Telegram kanalında açıqlayıb: "Növbəti addım ilk pilot sərmayələr üçün layihələri müəyyən etməkdir. Biz bu məsələni DFC-dən (ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası – red.) olan həmkarlarımızla sentyabrda Kiyevə səfəri zamanı müzakirə edəcəyik".
İlk iclasda Ukrayna və ABŞ nümayəndələr şurası fəaliyyət qaydalarını təsdiqləyib, fond komitələri yaradbı və fondun bank hesablarını açmaq, inzibatçı və investisiya məsləhətçisi seçmək səlahiyyətləri verib.
Qeyd edək ki, mayın 1-də Ukrayna Nazirlər Kabineti ABŞ-la imzalanmış yerin təki sazişinin mətnini dərc edib. O, mayın 12-də ratifikasiya olunub. Sənədi imzalayandan sonra Sviridenko bildirib ki, Kiyev yeni icarə haqlarından və yeni ərazilərdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə edilən bütün gəlirlərin 50 faizini yaradılan ikitərəfli investisiya fonduna verəcək. Onun sözlərinə görə, ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə malik olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Fəaliyyət göstərdiyi ilk 10 il ərzində fond dividendlər ödəməyəcək; bütün gəlirləri Ukraynaya yatırılacaq. İnvestisiyalar faydalı qazıntıların işlənməsi və emalına, eləcə də infrastrukturun inkişafına yönəldiləcək.
Musavat.com