Son iki ildə Cənubi Qafqaz və Orta Asiya regionunda fəaliyyətini məhdudlaşdıran ABŞ-ın texnologiya nəhəngi Microsoft regional siyasətində kəskin dəyişiklik edib. Ukraynaya hücumuna görə Rusiyada məhsul və xidmət satışını dayandıran şirkət diqqətini Cənubi Qafqaz və Orta Asiyada genişlənməyə yönəldib.
Xatırladaq ki, Microsoft ötən il Azərbaycandakı ofisini bağlayıb. Eyni zamanda Rusiyada öz məhsul və xidmətlərinin satışını dayandırıb. Bu ilin iyulunda isə Rusiyadakı korporativ müştərilərinə sentyabrın 30-dan sonra proqram təminatlarının yenilənməyəcəyinə dair xəbərdarlıq göndərib.
Bu ilin əvvəlindən isə Microsoftun Azərbaycan və Qazaxıstanda fəallaşması müşahidə edilir. Belə ki, aprel ayında şirkət Qazaxıstanda multiregional hab yaradılmasına dair ölkə hökuməti ilə müqavilə imzalayıb. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin yaydığı məlumata görə, habda əsas diqqət yerli IT mütəxəssislərin yetişdirilməsinə, yerli bazarların və tələbin analizi, Microsoft məhsullarının satışının genişləndirilməsi üçün əlverişli seqmentlərin müəyyənləşdirilməsinə yönəldiləcək.
Hab Microsoftun Mərkəzi Asiya, Monqolustan, Pakistan və Cənubi Qafqazdakı fəaliyyətlərinin əlaqələndirilməsini də həyata keçirəcək.
Maraqlıdır ki, Rusiya ABŞ şirkətinin Qazaxıstandakı layihəsini düşmənçiliklə qarşılayır. Aprel ayından bəri bir neçə dəfə Rusiya rəsmilərindən Microsoftun Qazaxıstanda yaradacağı habdan ABŞ xüsusi xidmət orqanlarının Rusiyaya qarşı istifadə edəcəyinə dair açıqlamalar səsləndirilib. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi isə bu iddiaların tamamilə əsassız olduğunu bəyan edib: “Microsoft Qazaxıstan bazarını inkişaf üçün perspektivli və sabit bazar olaraq görür. Bizim əməkdaşlığımız sırf qarşılıqlı iqtisadi maraqlara dayanır və heç bir halda üçüncü tərəflərə qarşı yönəlməyib”.
Qazaxıstanda hab yaradılması ilə eyni vaxtda Microsoftun böyük nümayəndə heyəti Cənubi Qafqaza səfər edib. Azərbaycanda da olan heyət Elm və Təhsil Nazirliyi, “AzİnTelekom” və SOCAR-da görüşlər keçirib.
SOCAR-la Microsoft arasında anlaşma memorandumu imzalanıb. SOCAR-dan verilən məlumata əsasən Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur: “Memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur. SOCAR-ın biləvasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan ”Microsoft" ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.
Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi 5 təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyən edilib. Bu xüsusda, “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığın gücləndirilməsinə və yüksək ixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcək".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, qeyd olunan memorandum Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır: “Xatırladıram ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəlaliyyətini dayandırıb və bütün əməkdaşları işdən azad edilib. ”Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofisləri ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı.
Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır. Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək.
Ümid edirəm bu memorandum sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutmayıb, daha böyük hədəflər müəyyən edib. Xatırladıram ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir.
Yeri gəlmişkən, bir müddət öncə SOCAR-lə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı. SOCAR rəhbərliyinin Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir".
Ekspert bildirir ki, 30 ildir qlobal şirkətlərin bütün MDB məkanı üzrə fəaliyyətləri Moskvadan idarə olunurdu: “Ukraynaya hücumdan sonra şirkətlərin hamısı Rusiyadakı nümayəndəliklərini bağladılar, ölkədən çıxdılar. İndi onlar müxtəlif ölkələrdə öz əlaqələndirmə ofislərini yaradırlar. Bu baxımdan, Microsoftun Qazaxıstanı seçməsi bu ölkə üçün böyük uğurdur. Bu ölkə son illərdə IT sektorunun inkişafına daior beynəlxalq reytinqlərdə öz yerini xeyli yaxşılaşdırıb. Düşünürəm ki, regional ofisin Qazaxıstanda məskunlaşması bizim üçün də əlverişli imkanlar, fürsətlər açacaq”.
Rusiyanın iddialarına gəlincə, O.Gündüz onların qısqanclıqdan irəli gəldiyini deyir: “Niyə ABŞ kəşfiyyatı Microsoftun Moskvadakı böyük ofisi olanda istifadə etmirdi ondan, indi Qazaxıstanda istifadə edir? Bu, gülünc iddialardır”.
Hazırladı: Dünya SAKİT