ABŞ Tayvan şirkətindən Çinə çip satışını dayandırmağı tələb etdi

ABŞ Ticarət Nazirliyi Tayvanın TSMC (Taiwan Semiconductor Manufacturing Company) şirkətindən noyabrın 11-dən etibarən Çinə müəyyən növ çiplərin tədarükünü dayandırmağı tələb edib.

Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ Ticarət Nazirliyindən TSMC-yə göndərilən məktubda, xüsusən də süni intellekt (İİ) texnologiyalarına əsaslanan tətbiqlər üçün tələb olunan ən son çiplərin müəyyən növlərinə ixrac məhdudiyyətlərinin tətbiqindən bəhs edilir.

Qeyd olunur ki, TSMC nümayəndələri məktubu aldıqdan sonra bəzi müştərilərə sözügedən məhsulların tədarükünün noyabrın 11-dən dayandırılacağını bildiriblər.

Nikkei Asia-nın daha əvvəl mənbələrə istinadən yazdığına görə, TSMC ABŞ-ın ixrac nəzarətinə riayət etmək istəyi ilə əlaqədar bəzi Çin şirkətləri üçün çip istehsalını dayandırmaq qərarına gəlib. Nəşr qeyd edib ki, qərar yüksək məhsuldar hesablama avadanlığı inkişaf etdirən Çin çip istehsalçılarına, qrafika üzrə professorlara, eləcə də bəzi süni intellektə əsaslanan texnologiyalara təsir edəcək.

Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Ticarət Nazirliyi bəzi şirkətlərə yarımkeçiricilər də daxil olmaqla, Çin elektronika istehsalçısı Huawei-yə mal tədarük etməyə icazə verən bir sıra ixrac lisenziyalarını ləğv edib.

Musavat.com

10.11.2024 18:13
182