Vaşinqton Dəməşqlə koordinasiyada Suriyanın cənubuna dair təhlükəsizlik məsələlərində İsraillə razılıq əldə etməyə çalışacaq. Musavat.com xəbər verir ki, məlumat Suriya Xarici İşlər Nazirliyinin dərc etdiyi Suriya və İordaniya xarici işlər nazirləri Əsəd əl-Şeybani və Əyman əs-Səfadi və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak arasında Dəməşqdə keçirilən görüşdən sonra qəbul edilmiş yol xəritəsində yer alıb.
Sənədə əsasən, görüş iştirakçıları “Vaşinqtonun Suriya hökuməti ilə koordinasiyada İsraillə Suriyanın cənubu ilə bağlı həm Suriyanın, həm də İsrailin qanuni təhlükəsizlik maraqlarını nəzərə alan razılaşmalar əldə etməyə çalışması” mövzusunda razılaşıblar: "İordaniya birgə görüşlər də daxil olmaqla, bu səyləri dəstəkləyəcək".
Dəməşqdə keçirilən üçtərəfli görüş Suriyanın cənubundakı ərəbdilli etno-konfessional qrup olan druzların kompakt məskunlaşdığı Əs-Suveyda əyalətində böhranın həllinə həsr olunub. 2024-cü ilin sonunda Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri İsrail hakimiyyəti dəfələrlə suriyalı druzlara dəstək ifadə edib və vəziyyətin mümkün qeyri-sabitləşməsi halında onlara özünümüdafiə üçün yardım göstərmək niyyətini bildirib.
Musavat.com