ABŞ-ın eks-prezidenti Donald Tramp hakimiyyətə doğru təpə başından yellənmiş K-700 traktoru kimi irəliləyir. Onu kiminsə təbii maneələrlə durduracağı indilikdə mümkün görünmür.
Ölkəsinin 45-ci prezidentinin sürətini nə öz partiyasının – respublikaçıların gənc namizədləri, nə də əsas rəqibi, prezident Co Baydenin əlindəki inzibati resurslar azalda bilir.
Bir ara Florida ştatının qubernatoru Ronald DeSantisin şansının yavər getdiyi, onun bu gedişlə Trampı yavaş-yavaş üstələyə biləcəyi güman olunurdu. Ancaq DeSantis reytinqdə eks-prezidentə yaxın düşə bilmir.
Son həftələrdə amerikalı politoloqlar hindistan əsilli Nikki Heylinin Respublikaçılar partiyasında Trampın əsas rəqibi olacağı barədə şərhlər verir, təbliğat aparırdılar, indi məlum olur ki, o da çox geri qalır. Tramp öz partiyasında da, ümumilikdə ABŞ seçiciləri arasında da seçkinin favoritidir.
Ötən həftə açıqlanan rəy sorğularında ölkə prezidenti Cozef Baydenin reytinqinin aşağı qalmaqda davam etdiyi üzə çıxıb. O, bu sorğuların nəticələrinə görə Trampdan geri qalır. Ağ Evin amerikalıları dövlət başçısının siyasətinin uğuruna inandırmaq cəhdləri uğurlu olmayıb.
Ötən həftə Bayden Nevada ştatında Trampı prezident olarkən buraxdığı səhvlərə görə amansızcasına tənqid edib. Ancaq onun bu “ifşaedici” çıxışı seçiciləri heyran etməyib.
The Wall Street Journal-ın sifarişi ilə keçirilən və ötən həftənin sonlarında dərc edilən sorğunun nəticələri hazırkı lider üçün xeyli aşağı olub. Respondentlərin yalnız 37%-i prezidentin fəaliyyətini bəyənir. Trampla şəxsi qarşıdurmada Bayden açıq-aşlar uduzur: prezident seçkiləri bu gün keçirilsəydi, rəqibinin 47%-nə qarşı Baydeni yalnız 43% seçici dəstəkləyərdi.
Respondentlərin yalnız 23%-i Ağ Evin hazırkı rəhbərinin siyasətinin onlara kömək etdiyini, 53%-i isə zərər verdiyini bildirib. Trampla bağlı isə tamam fərqli cavab verilib. Respondentlərə görə, onun siyasəti onların tən yarısına kömək edib, yalnız 37% rəyi soruşulan adam Trampın siyasətini özləri üçün zərərli hesab edib.
Seçki ilinə qədəm qoyulduğu bir vaxtda bu, hakimiyyətdə olan lider üçün əlverişsiz, hakimiyyətə iddia edən üçün isə olduqca qənaətbəxşdir.
Artıq aparıcı Avropa ölkələrində də Trampın ABŞ tarixində ilk dəfə olaraq 4 illik aradan sonra yenidən prezident seçilmək şansının artdığını narahatlıqla izləyirlər. Bir sıra avropalı siyasətçilərin, eləcə də yüksək rütbəli hərbçilərin fikrincə, Tramp prezident seçilərsə, ölkəsini NATO-dan çıxara bilər və bu, faktiki olaraq Şimali Atlantika blokunun dağılması ilə nəticələnər. Çünki ABŞ bu blokun əsas donoru və hərbi güc etibarilə onurğa sütunudur. ABŞ-sız NATO Avropanın siyasi institutlarından biri kimi olar.
Tramp öz açıqlamalarında belə eyhamlar edib. O, üstəlik, ABŞ-ın Ukraynaya verdiyi hərtərəfli dəstəyin də dayandırılmasını təklif edir və bildirib ki, prezident olacağı təqdirdə buna nail olacaq.
Əslində belə görünür ki, ABŞ vergiödəyiciləri bir müddətdir bu qənaətdədirlər. Onlar Rusiya ilə hərbi qarşıdurma getməyi lüzumsuz, Ukraynaya dəstəyi izafi xərc sayırlar və prinsipcə, Ukraynanın xərclənməsini, Rusiyanın bu dövləti tamamilə işğal etməsini məqsədəuyğun sayırlar.
Trampın azalmayan populyarlığı məhz bu kimi açıqlamalarına görədir. Bunu onun partiyasından olan digər namizədlər də bilirlər və onlar da artmaqda olan intensivliklə ABŞ-ın Rusiya-Ukrayna savaşında neytral olmasının vacibliyini vurğulayırlar.
Avropa ölkələri isə əmindirlər ki, elə bir şey olsa, yəni Rusiya Ukraynanı işğal etsə, o zaman Avropanın bir sıra ölkələri üçün ciddi təhlükə yaranacaq və dağılmış SSRİ-nin (əslində isə 1917-ci ilə qədər mövcud olmuş Rusiya imperiyasının) başqa adla, yeni ideoloji müstəvi üzərində bərpası gündəmə gələcək.
Ona görə də Rusiyanın özündə Trampın hakimiyyətə yürüşünü azarkeşliklə, sevə-sevə izləyirlər və çilingərindən ta Kremldə oturanlarına qədər bütün təbəqədən olan insanlar məhz 78 yaşlı bu kişinin hakimiyyətə gəlməsini arzu edirlər.
Amerikalılar təkcə xarici siyasətdə yeridəcəyi xəttə görə yox, eyni zamanda ölkədaxili problemlərin həllində də Trampı Baydendən üstün sayırlar. 1500-dən çox insan arasında keçirilən sorğuda amerikalılar Trampın iqtisadiyyatı Baydendən daha yaxşı idarə edəcəyini, inflyasiya ilə mübarizə aparacağını, sərhəd təhlükəsizliyini təmin edəcəyini bildirib.
Tramp Fox News-a verdiyi müsahibədə prezidentliyinin ilk günündə “sərhədləri bağlayacağına” və karbohidrogen istehsalına məhdudiyyətsiz icazə verəcəyinə söz verib.
Fox News iddia edir ki, tez-tez seçkilərin nəticəsini müəyyən edən altı “karusel” ştatdan beşində Trampın indi sabit üstünlüyə malik olması təəccüblü deyil.
Birinci dəfə prezident olduğu zaman Trampın qeyri-qanuni mühacirlərə qarşı tutduğu mövqe “köklü amerikalılar” arasında onun populyarlığını artırmışdı. Hazırda Tramp bu istiqamətdə daha qərarlıdır, həm də “gəlmələr” amerikalıları daha çox bezdiriblər. Baydenin is bu problem həll edə bilmədiyi çılpaqlığı ilə ortadadır. Amerikalılar hesab edir ki, istənilən şərtlər daxilində işləməyə hazır olan qeyri-qanuni mühacirlərin axını səbəbindən onların qazancı azalır. Tramp isə bu məsələni həll edəcək.
Uzun sözün kəsəsi, gələn il bu zamanlar ABŞ-da bir ilk yaşana bilər: Tramp bu vəzifəyə 4 il aradan sonra seçilən ilk şəxs olsa, eyni zamanda ABŞ prezidenti postuna seçilən ən yaşlı və barəsində cinayət işləri, məhkəmə hökmləri olan yeganə siyasi xadim olacaq.
Araz Altaylı, Musavat.com