ABŞ seçkiləri ilə bağlı İLGİNC AÇIQLAMA

ABŞ-da prezident seçkiləri keçirilir.

Hazırkı proqnozlara görə, seçki çox gərgin keçəcək. Müstəqil sorğular göstərir ki, Donald Tramp və Kamala Harris arasında mübarizə olduqca bərabərdir. Trampın Nevada, Arizona, Corciya və Pensilvaniya kimi həlledici ştatlarda cüzi üstünlüyə malik olması proqnozlaşdırılır, lakin Miçiqan kimi bəzi ştatlarda Harris önə çıxır.

Analitik modellər 270-ə çatmaq üçün hər iki namizədin hər hansı bir azacıq fərqlə qalib gələ biləcəyini göstərir, çünki həlledici ştatlardakı səs çoxluğu kiçik fərqlərlə dəyişə bilər. Bu il də qeyd olunan ştatların nəticələri böyük əhəmiyyət daşıyır və bəlkə də gecə yarısı nəticələrin tam olaraq bəlli olması mümkün olmayacaq.

ZEYNAL .png (200 KB)

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a açıqlamasında bildirib:

“ABŞ-da keçirilən prezident seçkiləri qlobal əhəmiyyətə malikdir, çünki Amerikanın yeni rəhbərinin xarici siyasət istiqaməti dünyanın bir çox bölgəsindəki gərginliklərə və xüsusilə Şərq-Qərb münasibətlərinə təsir göstərəcək. Bu gün ABŞ Soyuq müharibədən sonra ilk dəfə olaraq Şərqlə - əsasən Çin və Rusiya ilə bu dərəcədə açıq gərginlik yaşayır, eyni zamanda Ukrayna münaqişəsi və Yaxın Şərqdəki gərginliklər də davam edir.

Builki seçkilərdə “kövrək” ştatlar, yəni nəticələrin əvvəlcədən proqnozlaşdırıla bilmədiyi, mübarizənin sıx olduğu bölgələr əsas rol oynayır. Rəy sorğuları göstərir ki, Donald Tramp və Kamala Harris arasında səs fərqi çox azdır. Məsələn, 3-4 noyabr tarixlərində keçirilən son rəy sorğularının nəticələrinə görə, Donald Tramp rəqibi Kamala Harrisi bir faizdən də aşağı səs faizi ilə üstələyib. Ancaq bu, seçkinin nəticələrinə heç bir təsir göstərmir, çünki “kövrək” ştatlar, seçiciləri qərarsız olan ştatlar seçkinin taleyini müəyyənləşdirir ki, onlarda da rəy sorğularının nəticələri bir qədər şübhəli olur.

Kamala Harris qələbə qazanarsa, siyasət baxımından Baydenin və Obamanın başladığı kursu davam etdirəcəyi gözlənilir. Harrisin komandasının üzvlərinin çoxu keçmiş prezident Obama dövründən gələn təcrübəli şəxslərdir və bu, Bayden-Obama siyasətinin yeni dönəmdə də davam edə biləcəyini göstərir. Xarici siyasətdə ABŞ-ın müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi kimi qlobal problemlərə diqqət yetirmək Harrisin dövründə davam edə bilər.

Digər tərəfdən, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ siyasətində ciddi dəyişikliklər gözlənilir. Trampın liderliyi və xarakteri Respublikaçılar Partiyasının daxilində yeni istiqamətlərin yaranmasına və ABŞ-ın xarici siyasətində dəyişikliklərə səbəb ola bilər. Məsələn, Trampın müttəfiqlərlə münasibətlərində daha sərt mövqe nümayiş etdirməsi, ticarət siyasətlərində yenidənqurma və Rusiya, Çin kimi ölkələrə qarşı daha fərqli yanaşma gözlənilir. Bu səbəbdən dünyanın əsas güc mərkəzləri bu seçkini çox yaxından izləyir.

Bu faktorlar nəzərə alındıqda, seçkinin nəticəsini proqnozlaşdırmaq çətin olsa da, Trampın geniş dəstək bazası və liderlik qabiliyyəti ona müəyyən üstünlük verir. Eyni zamanda, Kamala Harrisin topladığı maliyyə dəstəyi də onun üçün ciddi bir şans yaradır. Bu cür amillərin mövcudluğu ABŞ prezidentinin kimliyinin hələ dəqiq müəyyənləşdirilməsini çətinləşdirir”.

Xalidə Gəray
Musavat.com

05.11.2024 14:45
1037