ABŞ sanksiyaları İraq aviaşirkətinin fəaliyyətini dayandırdı

ABŞ-ın sanksiyalarına məruz qalan İraqın “Fly Baghdad” aviaşirkəti fəaliyyətini tamamilə dayandırdığını və növbəti xəbərdarlığa qədər bütün uçuşları ləğv etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə aviaşirkətin Facebook hesabında məlumat yayılıb.

Aviadaşıyıcı bu tədbirlərin Hökumətin və baş nazir Məhəmməd əl-Sudaninin qərarına əsasən “şirkətə qarşı tətbiq edilən sanksiyaların qanunsuzluğunu sübut etməli olan xüsusi yaradılmış komitə tərəfindən aparılan araşdırma” ilə əlaqədar görüldüyünü qeyd edir.

“Fly Baghdad” həmçinin qeyd edib ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi bank hesablarının dondurulmasına səbəb olduğundan, aviaşirkət “ləğv edilmiş reyslər üçün sərnişinlərə pulu qaytara və ya biletləri dəyişdirmək üçün digər hava daşıyıcılarının hesablarına köçürə bilməz”. Bununla əlaqədar olaraq aviaşirkət İraq hökumətindən müştərilərini həm İraq, həm də xarici şirkətlərin reysləri ilə təyinat yerlərinə çatdırmaq üçün lazımi tədbirlər görməyi xahiş edib.

Xatırladaq ki, yanvarın 22-də ABŞ Fələstinin radikal HƏMAS hərəkatı, “Kətaib Hizbullah” şiə qruplaşması və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrə görə 13 fiziki və altı hüquqi şəxsə sanksiya tətbiq edib. “Fly Baghdad” və onunla əlaqəli iki təyyarə SEPAH və onun “İraq, Suriya və Livandakı proksi-qüvvələrinə dəstək verdiyi” üçün qara siyahıya salınıb. Aviaşirkət özü Amerika hakimiyyətinin ittihamlarını rədd edib.

Musavat.com

25.01.2024 21:27
443