ABŞ Moskvanın Qərb maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırmaq məqsədilə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.
Məlumatdan aydın olur ki, daha 118 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq olunub: "Birləşmiş Ştatlar bu gün Rusiyanın maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən və Kremlin müharibə səylərini dəstəkləyən 118 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir. Sanksiyaya məruz qalanlar arasında Rusiyanın ən böyük bankı olan və hələ də ABŞ tərəfindən bloklanmayan "Qazprombank" , beynəlxalq maliyyə sistemi ilə əlaqələri davam etdirən onlarla əlavə Rusiya bankı və Rusiya bank sektorunda çalışan rəsmilər var”.
ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankının yaratdığı bank əməliyyatları mübadilə sistemindən istifadə edənlərə sanksiya tətbiqi imkanı ilə bağlı xəbərdarlıq edib. Nazirlik bildirir ki, Rusiya bu sistemi məhz sanksiyalardan yayınmaq üçün yaradıb və ona qoşulan, ondan istifadə edən hər kəs sanksiya altına salınacaq.
ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, yeni məhdudiyyətlər ilk növbədə Amerikanın Moskvaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyalardan, eləcə də Rusiya Silahlı Qüvvələrinin maliyyələşdirilməsindən və təchizatından yayınmağı dayandırmaq üçün nəzərdə tutulub: "Bu genişmiqyaslı tədbirlər Kremlin ABŞ sanksiyalarından yan keçməsini, ordunu maliyyələşdirməsini və təchizatını çətinləşdirəcək. Biz Rusiyanın Ukraynadakı müharibəni dəstəkləmək üçün istifadə etdiyi istənilən maliyyə kanallarına qarşı qətiyyətli addımlar atmağa davam edəcəyik".
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin materiallarına görə siyahıya Bratsk Xalq Bankı, Enerqotransbank, Kremlevski, İturup, Sinara, BBR, Fora Bank və digər banklar salınıb.
Bundan əlavə, Rusiyanın maliyyə sektoru ilə əlaqəli şəxslər də sanksiyalara məruz qalıb. Xüsusilə, Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin və Dmitri Tulin və Mərkəzi Bankın sədr müavini Olqa Polyakova. Sənəddə həmçinin tənzimləyici orqanın departament rəhbərləri Yelizaveta Danilova, Kirill Pronin, Yekaterina Lozqaçeva, Alla Bakina, Gülnarə Xaydarşina, Mixail Kovriqin, Aleksandr Morozov, həmçinin Mərkəzi Bankın maliyyə monitorinqi və valyuta nəzarəti xidmətinin rəhbəri Boqdan Şablya və Çexiya vətəndaşı da var.
Musavat.com