"ABŞ raketlərini yerində saxlayacaq, amma... "  

"Amerika Birləşmiş Ştatları Pekinin tələblərinə baxmayaraq, Filippində yerləşdirdiyi orta mənzilli raket sistemini geri çəkmək istəmir. Bu sistemlərin regional münaqişədə istifadəsinin mümkünlüyünü sınaqdan keçirilir".

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, ABŞ və Filippinin münaqişə vəziyyətində sistemin orada istifadəsinin mümkünlüyünü və bu mühitdə nə dərəcədə yaxşı işlədiyini sınaqdan keçiriblər:

 "Söhbət ABŞ ordusuna məxsus SM-6 raketləri və 1600 km (994 mil)-dən çox məsafə qət edə bilər “Tomahawks” raketlərini buraxa bilən “Typhon” sistemindən gedir. Çin hədəflərini vura bilən qanadlı raketlərlə təchiz oluna bilən "Typhon" sistemi bu ilin əvvəlində birgə təlimlər üçün gətirilib, ancaq sonra geri qaytarılmayıb.

Çin və Rusiya Vaşinqtonu silahlanma yarışını qızışdırmaqda ittiham edərək, sistemin Hind-Sakit Okean hövzəsində yerləşdirilməsini pisləyiblər. Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın raket sistemlərini yerində saxlamaq planından çox narahatdır. "Bu, regional ölkələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir və geosiyasi qarşıdurmanı gücləndirir", - nazirliyin sözçüsü Lin Jian mətbuat brifinqində deyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian də Manila və Vaşinqtonun “bölgəyə böyük müharibə riskləri” gətirdiyini söyləyib. Filippinin xarici işlər Nnziri Enrike Manalo çinli həmkarını ölkəsində raket sisteminin mövcudluğunun Çin üçün heç bir təhlükə yaratmayacağına və regionda sabitliyi pozmayacağına əmin etməyə çalışsa da, Pekin buna inanmır".

Politoloq qeyd edir ki, son aylar Çinlə Filippin gəmiləri bir-birlərinə çox yaxınlaşıb və bu iki ölkə arasında toqqşuma risqini artırıb:

"Filippin rəsmiləri, Filippin və ABŞ qüvvələrinin Luzon adasının şimalında, Cənubi Çin dənizinə baxan və Tayvan boğazına yaxın olan raket sistemi ilə məşq etməyə davam etdiklərini söyləyiblər. Halbuki, birgə təlimlər başa çatıb. Buna baxmayaraq, Filippin ordusunun sözçüsü, polkovnik Louye Demala “Reuters” agentliyinə bildirib ki, raket sisteminin nə qədər qalacağına qərar vermək Filippin səlahiyyətlilərinə bağlıdır.

Raket sistemlərinin geri qaytarılmasının əleyhinə olan Filippin bununla Çini çəkindirmək siyasətinə üstünlük verir. Bununla ABŞ Hind və Sakit Okean bölgəsində müttəfiqlərinin hərbi gücünü artırmış olur. Filippin Çinlə qarşıdurma istəmir. Manila və Pekin Cənubi Çin dənizində mübahisələrin necə idarə olunmasına dair bir sıra müzakirələr aparıblar. Ancaq bu müzakirılərdən nəticə yoxdur".

 Elxan Şahinoğlu onu da vurğulayıb ki, Vaşinqton Çinlə kiber müstəvidə də mübarizəsini davam etdirir:

"Birləşmiş Ştatlar Amerika infrastrukturuna, eləcə də internetə qoşulan müxtəlif cihazlara daha da sızmaq üçün Çinə yönəlmiş hakerlər tərəfindən botnet kampaniyasını müəyyən edib və ləğv edib. ABŞ Federal Təhqiqat Bürosu direktoru Kristofer Vray Vaşinqtonda keçirilən kiber sammit zamanı Çinin kiber müstəviyə müdaxiələrinə qarşı mübarizəni genişləndirdiklərini bildirib. Wray bildirib ki, “Integrity Technology Group” adlı informasiya təhlükəsizliyi şirkəti adı altında işləyən hakerlər korporasiyalardan, media qurumlarından, universitetlərdən və dövlət qurumlarından məlumat toplayıblar. Adəti üzrə Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın ittihamlarını rədd edib. Çin səfirliyinin sözçüsü Liu Pengyu “Amerikanın Səsinə” göndərdiyi yazılı cavabda “FTB-nin əsassız iddialar əsasında əldə etdiyi nəticələrin” yanlış olduğunu bildirib".

 

Xalidə Gəray
Musavat.com

21.09.2024 13:23
417