Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Washington Post” qəzetinin Putinlə Tramp arasında telefon danışığının olması barədə yazdığı xəbərləri təkzib edib.
Musavat.com xəbər verir ki, qəzet mənbələrə istinadən ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını iddia etmişdi. Qəzetin yazığına görə, danışıqlar zamanıTramp Rusiyanı Ukraynadakı münaqişəni gərginləşdirməməyə çağırıb.
Bundan əlavə, Washington Post yazıb ki, guya Tramp Ukrayna münaqişəsinin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.
"Vaşinqton Post-un bu yaxınlarda yazdığı kimi Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu, yalan məlumatdır. Hələlik Putin və Tramp arasında konkret təmas planları yoxdur”, - Kreml spikeri bildirib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edib. Hakim Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harris artıq ictimai çıxışında seçkilərdə məğlub olduğunu etiraf edib.
Tramp 120 ildən çox müddətdə təkrar seçkilərdə qalib gələ bilməyən, lakin sonra yenidən namizədliyini irəli sürərək qalib gələn ilk prezident olacaq.
Şahanə Rəhimli
Musavat.com