ABŞ mediası Trampı niyə sevmir? - rəy

Elşən Mustafayev: “Amerika mətbuatı Bayden komandasından daha çox Trampın üzərinə getməklə...”

Amerika mətbuatı ölkə prezidentliyinə namizəd Donald Tramp əleyhinə xəbərləri son günlərdə daha çox tirajlamaqdadır. Noyabrın 3-də keçiriləcək seçkilər yaxınlaşdıqca, Tramp əleyhinə yazılı kampaniya da artmaqdadır. Xüsusilə dünyaca məşhur “Vaşinqton Post” və “The New York Times” kimi mətbu orqanlar daha fəal görünür.

Ümumilikdə götürdükdə isə Amerika mətbuatının Trampı sevmədiyi açıq şəkildə görünməkdədir. Ekspertlər də hesab edir ki, prezidenliyə digər namizəd Kamala Harrislə müqayisədə onun rəqibi haqda indiki vaxtda bu cür yazıların daha çox dərc olunması qərəzdən doğur. Əslində bunun düzgün olmadığı da vurğulanır.

Onu da qeyd edək ki, belə hal indi yaşanmır. Trampın 2016-2020-ci illərdəki prezidentlik dönəmində mətbuat ona köklənmişdi, impiçment edilməsi yönündə çağırışları durmadan səsləndirirdi. Ümumiyyətlə, Tramp siyasi meydana tam şəkildə atılandan mətbuat ona qənim kəsilib.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında hər iki tərəfin bu cür kampaniya apardığını qeyd etdi: “ABŞ-da keçirilən seçkilərdə böyük media qurumlarının çoxu adətən Demokratlar partiyasının siyasətini daha çox təbliğ ediblər. Açıq şəkildə qarşı tərəfin - Respublikaçıların namizədinin üzərinə getməsələr də, işləri ilə onların uğurlarına mane olmağa çalışıblar. Həmçinin Respublikaçılar Partiyasını dəstəkləyən, yaxud onların siyasətini təbliğ edən Media və TV-lər də eyni üsulla kampaniyaların gedişatına təsir etməyə çalışıblar. 2016-cı ildə Donald Trampın ilk namizədlik dönəmində bu məsələ çılpaqlığı ilə üzə çıxdı və bu günə kimi davam edir. 2020-ci il seçkilərində böyük media holdinqlər, TV-lər bütün efirlərində, yayımlarında Trampı açıq şəkildə vurmağa başladılar. Hətta Twitter, Facebook Trampa və kamandasına aid hesabları bağladı və s. Bu da onunla əlaqədar idi ki, Tramp seçkiqabağı vədləri ilə demokratların on illərlə formalaşdırdığı dəyərləri, kimin hakimiyyətdə olmasından asılı olmayaraq davam edən dərin siyasəti dəyişəcəyi vədlərini vermişdi. Bu vədlər amerikalıların bir çoxunun ürəyincə idi. Verilən vədlərin həyata keçirilməsi eyni zamanda böyük media qurumlarının da maraqlarına təsir edə bilərdi. O səbəbdən hazırda ABŞ mediası Bayden komandasından daha çox Trampın üzərinə getməklə noyabrın əvvəlində keçiriləcək seçkilərdə nəticələrə təsir etmək istəyir. Dediyim kimi, Respublikaçıların, ayrılıqda Trampın şəxsən özünün baxışlarını bəyənən media qurumları da yerində durmur və onlar da aktivdirlər. Təkcə Elon Maskın bütün resurslarından istifadə etməklə son günlər kampaniyanın önünə çıxması təsadüfi deyil. Hesab edirəm ki, bundan öncəki seçkilərdən sonra Mask tərəfindən böyük məbləğ hesabına Twitterin satın alınması, yaxınlarının, digər ortaqlarının da bu sahələrə yatırım qoyması bu ilki seçkilərə hesablanmış addım idi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

08.10.2024 10:07
340