Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparılıb. “Yeni Müsavat” bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb. Görüşdə ölkəmizin ABŞ-la münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
Bəllidir ki, 2021-ci ildə ermənipərəst Bayden administrasiyasının iqtidara gəlməsi ilə Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaranmışdı.
Donald Trampın prezident seçkisində qələbə qazanması isə Amerika-Azərbaycan strateji əlaqələrində yeni mərhələ oldu. ABŞ-ın Azərbaycanın mühüm iqtisadi tərəfdaşı kimi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səyləri dəstəkləmək, eləcə də ölkəmizlə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olması çox vacib və təqdirəlayiqdir. Şübhəsiz, Amerika şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirmək üçün ilk növbədə, ABŞ Konqresi Azərbaycanla bağlı “907-ci düzəliş”i ləğv etməlidir. Çünki bu, belə bir güclü, davamlı surətdə inkişaf edən, istər regional, istərsə də qlobal səviyyədə təhlükəsizliyə böyük töhfələr verən dövlətə qarşı ədalətsiz yanaşmadır.
Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edərək, həmin düzəlişin iki ölkə arasında tamhüquqlu əməkdaşlığa əngəl olduğuna diqqət çəkib. Üstəlik, düzəliş keçmiş Qarabağ münaqişəsinin başlanğıcında qəbul edilib və bu gün münaqişə nizamlanıb, düzəliş də öz mənasını itirib. Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən Azadlığa Dəstək Aktı adlı qanun qəbul edib. “907-ci düzəliş”ə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. “907-ci düzəliş” 2001-ci ildə Konqres tərəfindən Prezidentə verilən səlahiyyətlərə uyğun olaraq 2002-ci ildən etibarən hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.
Ümid etmək olar ki, Prezident İlham Əliyevlə bir gün sonra Ağ Evdə baş tutacaq görüşdə bu məsələlər də müzakirəyə açıq olacaq. Birləşmiş Ştatlar təkcə ikitərəfli münasibətlərə deyil, həm də regionda münaqişədən sonrakı reallığa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə mühüm töhfə verəcək, iqtisadi əməkdaşlıq genişlənəcək. Rəsmi Bakı Ağ Evdəki hakimiyyət dəyişikliyindən sonra ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamağın mümkünlüyü haqda mövqe ifadə edib.
Oqtay Qasımov
“Yeni Müsavat”a mövzunu şərh edən siyasi ekspert Oqtay Qasımov bildirib ki, Azərbaycanla ABŞ arasında 90-cı illərdən mövcud olan münasibətlər sistemi son 5 ildə Bayden administrasiyası tərəfindən ciddi şəkildə korlanmışdı: “Nəzərə alaq ki, məhz 90-cı illərdən bəri Azərbaycanla Birləşmiş Ştatlar arasında enerji sahəsində ciddi əlaqələr formalaşıb, müxtəlif layihələr Vaşinqtonun dəstəyi ilə həyata keçirilib. Xüsusən də Bakı-Tiflis-Ceyhan kəmərini qeyd etmək olar. Rusiya bu proyektə mane olmaq istəyirdi, ABŞ-ın dəstəyi layihənin işə düşməsinə təkan verdi. Həmçinin iki ölkə beynəlxalq terrorizmlə mübarizədə birgə iştirak ediblər, təhlükəsizlik məsələsində bir mövqedə olublar. Xatırladım ki, Əfqanıstanı ən sonuncu tərk edən azərbaycanlı sülhməramlılar olmuşdu. Hətta o zaman Bayden buna görə Bakıya təşəkkür etmişdi. Amma Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Bayden iqtidarı bu reallığı həzm etmədi və birmənalı şəkildə ermənipərəst siyasət yürütdü. Bu da əlaqələrin korlanmasına gətirib çıxardı. Amma Azərbaycan bəyan edirdi ki, Tramp hakimiyyəti dönəmində korlanmış münasibətləri bərpa etmək mümkün olacaq. Artıq bunun ilkin işartılarını görmək mümkündür”.
O.Qasımov vurğulayıb ki, ABŞ prezidentinin Novruz bayramı və Müstəqillik Günü ilə bağlı təbrik məktublarında artıq buna işarə edilmişdi: “Habelə Trampın xüsusi nümayəndəsi Stiv Uittkof Bakıya gəlmişdi və yüksək səviyyəli danışıqlar aparılmışdı. Bu da göstərir ki, münasibətlərdə pozitiv inkişaf müşahidə olunur, hər iki tərəf də yaxınlaşmağa maraqlıdır. Ən nəhayət, Azərbaycan Prezidenti Vaşinqtonda səfərdədir və bu da ABŞ-la münasibətlərin inkişafına stimul olacaq. Amma strateji müttəfiqlik haqda danışmaq tezdir. Bunun üçün bütün şərtlər yetişməlidir. Əslində Azərbaycan strateji müttəfiqliyə tam hazırdır, amma yeni administrasiya uyğun görəcəksə, belə bir razılaşma ola bilər”.
Ekspertin fikrincə, yeni administrasiya Azərbaycanın regionda rolunu obyektiv şəkildə qiymətləndirib bu yöndə addım ata bilər: “Bunu həm də onların maraqları tələb edir. O halda, strateji müttəfiqliklə bağlı ciddi irəliləyiş görə bilərik. Xüsusən də Azərbaycanın Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirilir. Türkiyə-İsrail, Suriya-İsrail görüşlərinin Bakıda təşkili də Tramp iqtidarını razı salan hadisələrdir. Hər bir halda, Bakı-Vaşinqton münasibətlərinin yeni səviyyəyə çıxacağını gözləməyə dəyər”.
Qabil Hüseynli
Professor Qabil Hüseynli isə deyib ki, strateji müttəfiqlik əlaqələrinin qurulması arzusunu daha əvvəl Azərbaycan rəhbərliyi dilə gətirib: “Bunun üçün imkanlar var və ABŞ-ın bölgədəki maraqlarına da uyğundur. Azərbaycan ABŞ kimi fövqəlgüclə münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq istəyindədir. Ancaq bu münasibətlər periodik olmamalıdır. Yəni Trampdan sonra gələcək yeni prezident Azərbaycanla strateji əlaqələrə əhəmiyyət verməlidir. Ona görə də qarşıdakı dönəmdə irəliləyiş əldə etmək üçün daha sıx təmaslara, əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Azərbaycan Birləşmiş Ştatların regionda ən yaxşı tərəfdaşı sayılmalıdır. Çünki Kosova və Əfqanıstanda sülhməramlılarımızın fəaliyyətini yada salmaq kifayətdir. Ona görə də strateji müttəfiqlik haqda sənəd imzalanmazdan əvvəl bədnam "907-ci düzəliş" birdəfəlik rədd edilməlidir. ABŞ başa düşməlidir ki, bu qətnamə əhəmiyyətsizdir və ölkəmizin hərbi qüdrəti artır, bu qadağa təsir göstərmir. Üstəlik, Rusiyanın Cənubi Qafqazda destruktiv siyasətini nəzərə alaraq ABŞ Azərbaycanla münasibətlərə yenidən baxmalıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”