Cənubi Qafqaza regiondan kənar müdaxilə artıq ən yüksək həddə çatıb. ABŞ, Avropa Birliyi və Fransa son vaxtlar bu regionda ciddi şəkildə fəallaşıblar. Onlar fəallaşdıqca, sülh prosesi də dalana dirənir. Çünki regiondan kənar geopolitik müdaxilə ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bloklanmasına yönəldilib. Və regional hərbi-siyasi gərginliyin mövcud olması hazırda Cənubi Qafqazda maraqları olan Qərb siyasi dairələri üçün böyük önəm daşıyır.
Təbii ki, son vaxtlar ABŞ kəşfiyyat və siyasət dairələrinin Ermənistana diqqətinin artması qətiyyən boşuna deyil. Ağ Ev ardıcıl olaraq, İrəvana ABŞ kəşfiyyatının və Dövlət Departamentinin emussarlarını göndərir. Paşinyan hakimiyyətinə müəyyən vədlər verilir. Ermənistanın Rusiya ilə qarşıdurmaya və Azərbaycanla isə sülh prosesindən uzaqlaşmasına cəsarətləndirilməsinə ciddi cəhdlər göstərilir.
Eyni zamanda, Fransa da Ermənistanı silahlandırmaqla, rəsmi İrəvanı "geopolitik alət" kimi fəallaşmağın vacibliyinə inandırmağa çalışır. Paşinyan hakimiyyəti Fransadan alınacaq yeni silahların sayəsində Cənubi Qafqazda qüvvələr nisbətinin Ermənistanın maraqlarına uyğun şəkildə balanslaşa biləcəyinə ümid bəsləyir. Və bununla da, rəsmi İrəvan həm Rusiya, həm də Azərbaycanla gərginliyi artıraraq, sülhə ehtiyacı olan Ermənistanın gələcək taleyini birbaşa təhlükə altında buraxır.
Maraqlıdır ki, Kreml ilə qarşıdurmanı son vaxtlar nisbətən yumşaltmağa nail olan rəsmi İrəvan Rusiyaya qarşı yenidən ittihamları sərtləşdirməyə başlayıb. Hər halda, ABŞ emussarlarının ardıcıl İrəvan səfərlərindən sonra CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti - Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiyanı birbaşa hədəfə çevirib. Və bu barədə ona məhz amerikalı emussarlar tərəfdən təlimat verildiyi də qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Armen Qriqoryan Ermənistanın Rusiyadan asılı olmasının fəlakətli situasiya olduğunu izah etməyə çalışıb. O, bildirib ki, 44 günlük savaş dövründə Rusiya Ermənistanı silah-sursatla təmin etməyib: "Mən iddia edirəm ki, Qarabağı bizdən Rusiya aldı və Azərbaycana qaytardı. Rusiyanın icazəsi olmadan müharibə olmazdı. Ermənistan silahı ancaq öz ərazi bütövlüyünü qorumaq üçün əldə edir".
Təbii ki, ABŞ kəşfiyyatının agenti olan bir erməni yalnız bu qədər yalan danışa bilərdi. Birincisi, Armen Qriqoryan Ermənistanı təmsil edən yüksək rütbəli rəsmi şəxs olduğunu unudur. Əks halda, bir dövlət rəsmisinin hansısa məntiqsiz iddialarla deyil, məhz inkaredilməz faktlara istinad etməli olduğunu bilərdi. İnkaredilməz faktlar isə ondan ibarətdir ki, 44 günlük savaş ərəfəsində və dövründə Rusiyadan Ermənistana külli miqdarda silah-sursat daşınmışdı. Bunu sübut edən Rusiya hərbi-nəqliyyat təyyarələrinin hərəkət marşrutları həmin dövrdə rəsmi Bakı tərəfindən ictimailəşdirilmişdi.
Digər tərəfdən, 44 günlük savaşda Azərbaycan ordusu tarixi zəfər qazanıb. Rusiya isə bu hərbi zəfərin qazanılmasına heç bir dəstək verməyib, əksinə, Azərbaycana ciddi şəkildə əngəl olmağa çalışıb. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan 10 noyabr üçtərəfli anlaşma da bunu təsdiqləyir. Kreml bu sənədlə və rus sülhməramlıları göndərməklə, faktiki olaraq, Ermənistanı müvəqqəti də olsa, daha ağır məğlubiyyətdən xilas etmiş oldu. Bu, həm də onu göstərir ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək qərarı verərkən, Rusiyanın mövqeyini nəzərə almağa qətiyyən ehtiyac duymamışdı.
Halbuki, ötən əsrin 90-cı illərində Rusiya Azərbaycan ərazilərinin işğal olunmasında Ermənistanla ortaq şəkildə iştirak etmişdi. Sonrakı 30 il ərzində isə Rusiya Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistanın nəzarətində qalmasını təmin etmək üçün rəsmi İrəvana milyardla dollar dəyərində silah-sursat ötürmüşdü. Və bu, o deməkdir ki, rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərini həm Rusiyanın, həm də Ermənistanın əlindən alaraq, xilas edib.
Göründüyü kimi, CİA agenti olan erməni məmur bilərəkdən yalan iddialar üzərindən reallıqdan uzaq ictimai rəy formalaşdırmağa çalışır. Çünki savaş meydanında iki ölkənin - Azərbaycanın və Ermənistanın orduları üz-üzə gəlmişdi. Azərbaycan ordusu möhtəşəm tarixi hərbi zəfərlə Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğrayaraq, işğal altında olan ərazilərimizi azad edib.
Ermənistan ordusu isə birinci Qarabağ savaşı dövründən fərqli olaraq, Rusiyanın birbaşa döyüşlərdə iştirak edə bilməməsi səbəbindən biabırçı məğlubiyyətdən xilas ola bilməyib. Yəni, Ermənistan ordusu təkbaşına heç bir real hərbi vəzifəni icra etmək qabiliyyətində olmadığını göstərib. Və bu, Ermənistana gələcək üçün ən ciddi dərs olmalıdır.
Əgər, CİA agenti olan Armen Qriqoryan buna şübhə edirsə, Ermənistan ordusunda fərrarilərin sayını xatırlaya bilər. Ermənistan baş nazir Nikol Paşinyan ikinci Qarabağ savaşında Ermənistan ordusunun 12 min nəfər hərbçisinin döyüş mövqelərindən qaçaraq, fərarilik etdiyini rəsmən bəyanlayıb. Və bu baxımdan, Ermənistanın biabırçı hərbi məğlubiyyətinin günahını sadəcə, Rusiyanın üzərinə yükləmək cəhdləri olduqca məntiqsiz, absurd xarakter daşıyır.
Təbii ki, CİA-nin erməni agentinin açıqlamalarının arxasında əsasən iki məqsəd gizlənir. Birinci məqsəd Fransadan yeni silah-sursat alan Ermənistanın hərbi potensialının erməni toplumuna güvən verəcək səviyyədən çox-çox uzaq olmasını ört-basdır etməkdir. İkinci əsas məqsəd isə 44 günlük savaşdan sonra dəyişməz xarakter daşıyan Rusiyanı günahlandırmaq ənənəsinə sadiq qalmaqdır. Çünki bu ənənənin davam etdirilməsi Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətinə xidmət edir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb rəsmi İrəvanı artıq tələsdirir. Ağ Evin təlimatı ilə CİA agenti olan Armen Qriqoryanın yenidən ön plana çıxarılması da bunu göstərir. ABŞ kəşfiyyatı bununla bir tərəfdən rəsmi İrəvanın Rusiya ilə səhnəarxası yumşaltma cəhdlərini bloklayıb, boşa çıxartmış oldu. Digər tərəfdən isə Paşinyan hakimiyyətinə növbəti dəfə xəbərdarlıq mesajı verilərək, şantaj edildi. Yəni, əgər, baş nazir Nikol Paşinyan ABŞ və Qərbin təlimatlarını vaxtında yerinə yetirməzsə, Ağ Evin onu əvəzləyəcək alternativi artıq mövcuddur. Və CİA agenti Armen Qriqoryan onun əvəzinə hakimiyyətə gətirilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu