ABŞ dostunu, düşmənini açıq şəkildə bəyan edən dövlətlərdəndir. Hazırda bu dövlətin özünə ən yaxın saydığı dövlətlər əsasən Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İsraildirsə, “qatı düşmənlər”inin sırası da belədir: Çin, Rusiya, İran, Suriya, Kuba, Venesuela və KXDR (sıralama şərti deyil, düşmənçiliyin qatılığına nəzərəndir).
Yerdə qalan 200 ölkəyə yaxın ölkə ilə ABŞ-ın münasibətləri müxtəlif səpkilidir, bir çoxları ilə yaxın müttəfiqlik (Avropa ölkələrinin çoxuyla) büsatındadır, bəziləri ilə rəsmən müttəfiqdir, amma ağır-yüngül formalı intriqa içindədir (Türkiyə, Pakistan, Fransa), neçəsi ilə sadəcə, iqtisadi-ticari planda tərəfdaşdır, bir xeylisini özünün regional satellitinə (ərəb ölkələri) çevirib, lap çoxuna (Afrika və Cənubi Amerika ölkələri) isə ilbəil maddi yardımlar göstərir, arxa cərgədə oturadaraq ümumi dəstəkçisi kimi istifadə edir.
Hazırda ABŞ-ın “düşmən ölkələr”lə münasibəti daha da pisləşməkdə, hərtərəfli əlaqələri bir az da məhdudlaşmaqdadır. Vaşonqton bu ölkələri öz təhlükəsizliyinə təhdid sayır. Bu ilin əvvəlindən Florida universitetlərində adı çəkilən ölkələrdən gələn tələbələrlə bağlı vəziyyət kəskin şəkildə dəyişib. Bundan sonra “ABŞ-ın təhlükəsizliyi üçün təhlükəli olan ölkələr”dən gələnlərin bakalavriat və magistratura pilləsinə qəbul üçün müraciətlərinə baxılması qadağan edilib. Dövlət universitetlərinin bu ölkələrin universitetləri ilə tərəfdaşlıq və mübadilə müqavilələri bağlaması da qadağandır. Bu məhdudiyyətin əsas qurbanı Çin və onun vətəndaşlarıdır.
Maraqlıdır ki, Şimali Koreya ABŞ-da heç vaxt tələbə oxutdurmağa cəhd etməsə də, onun adı da tələbə yasağına məruz qalan “yeddi düşmən”in arasındadır.
Bu ölkələrlə ABŞ-ın düşmənçiliyinin xüsusi tarixçələri var.
Rusiya ilə məsələ aydındır: Sosialist düşərgəsi dağılana qədər ABŞ və SSRİ qarşı duran ideoloji düşərgələrin hegemonlarıydı, bütün siyasətləri daban-dabana zidd idi. Onlar yalnız bir məsələdə - başqa dövlətləri və xalqları öz əsarətlərinə almaq (“azadlıq vermək” bəhanəsi ilə) sahəsində bənzər siyasi xətt yeridirdilər və ona görə də dünyanın hər yerində toqquşurdular – Nikaraquadan, Çilidən Vyetnama, Kambocaya qədər.
İranla düşmənçilik 1979-cu ildə baş verən “islam inqilabı”ndan qaynaqlanır. Ona qədər bu iki ölkə müttəfiq idi, aralarından su keçmirdi. Ancaq ABŞ biznesinin İrandan qovulması, amerikalı diplomatların 1 ildən artıq müddətdə İranda girovluqda saxlanması onları bir-birilə barışmaz düşmən edib. ABŞ İranı o vaxt bağışlayar ki, yenidən bu ölkəyə yerləşə, biznesini, regional maraqlarını bərpa edə, onu öz əlaltısına çevirə bilsin.
Suriya ilə düşmənçiliyin kökü dərinlərdə deyil, amma Rusiya və İranla bağlıdır. Məhz Rusiya və İran Suriyanı ABŞ-ın pəncəsindən alıb, parça-parça edilməsinə imkan verməyib.
Kuba desək, bu düşmənçilik 1959-cu ildən, Fidel Kastro və onun inqilabçı dəstəsinin ABŞ-ın marioneti Batistanın devirərək, ölkəni SSRİ-nin plasdarmına çevirməsindən başlayır. Kastro qardaşları hakimiyyətdən getsə də, ölkə kommunistləri onların yolunu davam etdirir, ABŞ-la öz aralarında məsafə saxlayır, ölkənin qapısını 65 ildir Floridada məskunlaşaraq geri dönüb Kubanı yenidən ABŞ-ın qeyri-rəsmi ştatına çevirəcəklərini gözləyən qüvvələrin üzünə açmırlar.
Venesueala ilə ABŞ-ın arasında düşmənçiliyin səbəbi neft və narkotrafikdir. Vaxtilə ABŞ-a meydan oxuyan və vaxtsız vəfat edən diktator Uqo Çavesin yerini tutan Nikolas Maduro da anti-ABŞ siyasəti və ritorikası ilə ondan geri qalmır. Ona görə də zəngin neft ölkəsi olmasına baxmayaraq, Venesuela dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır. Üstəlik, bu ölkədə ABŞ tərəfdarı olan qüvvələr sıxışdırılır. Əgər Maduro bu gün hakimiyyətdən getsə və onun yerinə Xuan Quaydonun rəhbərlik etdiyi qüvvələr gəlsə, ABŞ-Venesuela düşmənçiliyi bir ilin içində nümunəvi dostluğa çevrilə bilər.
Şimali Koreya əlində olan nüvə başlıqlı ballistik raketlərə güvənərək ABŞ-a meydan oxuduğu üçün Vaşinqton tərəfindən “düşmən ölkələr” siyahısına salınıb. Ayrıca, KXDR rejiminin ölkəni qapalı tipli həbsxana kimi idarə etməsi, ABŞ-ın müttəfiqi olan Cənubi Koreyanı vaxtaşırı hədələməsi Kim Çen In hakimiyyətini qatı düşmənə çevirib.
Yerdə qaldı Çin. Çinlə ABŞ-ın düşmənçiliyi vaxtilə ideoloji səbəblər üzündən başlayıb, ardınca Çin kommunistləri ABŞ-in müttəfiqi Çan Kay Şini materikdən Tayvan adasına qovduqdan sonra daha da şiddətlənib. Ancaq bir ara Çin və SSRİ arasında münasibətlər pisləşəndə ABŞ Çinə “düşmənimin düşməni dostumdur” prizmasından yanaşıb və onun əlini gücləndirib. Son illərdə isə Çinin fantastik iqtisadi artımı, hərtərəfli inkişafı bu ölkəni ABŞ-ın bir nömrəli düşməninə çevirib (Rusiyanın Ukraynaya və Qərbə qarşı apardığı müharibə belə onu ABŞ-ın 1 nömrəli düşməni edə bilməyib). İndi Çin həm iqtisadiyyat sferasında, həm hərbi sahədə, həm də 3-cü dünya ölkələrini öz təsiri altına almaq müstəvisində ABŞ-ın baş rəqibidir. Ona görə də Ağ Ev administrasiyasının əsas siyasi prioriteti Çinin tərəqqisini durdurmaqdır. ABŞ-ın keçmiş, indiki və gələcək liderlərinin anti-Çin ritorikasının əsas səbəbi budur, Şərq imperiyasındakı daxili demokratiya, insan haqlarının durumu deyil. Maraqlıdır ki, ABŞ siyasilərinin Çinə dair kəskin bəyanatları bir-birini əvəz etdikcə, Çin siyasiləri öz təmkinlərini pozmadan, ABŞ tərəfini daha da qızışdırmadan sakit açıqlamalar verirlər, necə deyərlər, başlarını aşağı salıb işlərini görürlər.
Florida universitetlərinin başda Çin və İran olmaqla “düşmən ölkələr”dən gələn tələbələrə qarşı məhdudiyyətləri ölkənin təhlükəsizliyini qorumaq, onu casus təhlükəsindən xilas etmək məqsədi daşıyır. Hazırda təkcə Florida Universitetində “qadağan olunmuş ölkələrdən” 700-dən çox tələbə təhsil alır.
Xatırladaq ki, hələ 2018-ci ildə ABŞ Konqresi səviyyəsində “Çin təşəbbüsü” qəbul edilmişdi və bu sənədə əsasən, universitetlər ABŞ-da təhsil alan və ya təhsil almağı planlaşdıran çinli tələbələrin, aspirantların Çin Kommunist Partiyası və Çin ordusuyla əlaqələrini araşdırmalı, valideynlərinin dövlət işində çalışıb-çalışmadıqlarını ortaya çıxarmalı idilər. Məhz bu səbəbdən çinli tələbələrə viza verilməməsi və ya Amerika universitetlərindən birində oxumaq üçün təqdim edilmiş sənədlərinin ləğv edilməsi ilə bağlı bir neçə hal qeydə alınıb.
2022-ci ildə bu təşəbbüs "irqçi məzmun" daşıması səbəbindən ləğv edildi.
İndi Florida universitetlərində sənədləri qəbul edərkən komissiya tələbənin və onun valideynlərinin xarici ölkə və ya dövlət qurumları ilə mümkün əlaqəsini yoxlamağa borcludur.
Yeri gəlmişkən, Çin bütün sahələr üzrə kəşfiyyat məlumatları toplamaq sahəsində artıq dünyanın 5 ölkəsindən birinə çevrilib. Bu məsələdə tələbələrin “xidmət”indən də lazımi qədər istifadə edilir.
Nəticədə, çinlilər və iranlılar artıq ABŞ-ın digər ştatlarının universitetlərində tədqiqatlarını davam etdirmək və təhsil almaq üçün seçimlər axtarırlar. Əslində, onlar üçün yeganə çıxış yolu ya Floridanı və onun universitetlərini tamamilə tərk etmək, ya da bir vaxtlar onları fəal şəkildə dəvət edən Amerikada təhsil almaqdan vaz keçməkdir. Çünki bu proses Florida ştatında başlayıbsa, ABŞ-ın yerdə qalan 49 ştatının da çinli və iranlı tələbələrə eyni üzü göstərəcəyi şübhəsizdir.
Araz Altaylı, Musavat.com