2024-cü ilin fevral ayında ABŞ-ın xarici ticarət kəsiri yanvar ayı ilə müqayisədə 1,9 faiz artaraq 68,9 milyard dollar təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat açıqlayıb.
Məlumatdan aydın olur ki, bu, son on ayın maksimum göstəricisidir. Yenidən işlənmiş məlumatlara görə, yanvarda mənfi ticarət saldosu əvvəllər elan edildiyi kimi 67,4 milyard dollar deyil, 67,6 milyard dollar təşkil edib.
Trading Economics-in sorğusuna qatılan analitiklər kəsirin yanvar ayı səviyyəsindən 67,3 milyard dollara qədər azalacağını proqnozlaşdırmışdılar.
Nazirliyin məlumatına görə, fevralda ixrac 2,3 faiz artaraq 263 milyard dollara çatıb ki, bu da hesablamaların aparıldığı bütün dövr üçün maksimum həcmdir. O cümlədən xaricə neft, qızıl, soya, qida və içkilərin tədarükü artıb. Bununla yanaşı, minik avtomobillərinin və onların ehtiyat hissələrinin ixracı azalıb.
Fevralda idxal 2,2 faiz artaraq 331,9 milyard dollara çatıb ki, bu da 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir. Buna mobil telefonlar, məişət əşyaları, avtomobillər və ehtiyat hissələrinin alışının artması səbəb olub.
Ay ərzində mal ticarətində kəsir 0,3 milyard dollar artaraq 91,4 milyard dollara çatıb, xidmətlər sektorunda isə 1,6 milyard dollar azalaraq 22,5 milyard dollara düşüb.
Çinlə ticarət kəsiri son üç ayın ən aşağı səviyyəsinə - 21,9 milyard dollara enib, Meksika ilə isə 15,3 milyard dollarla rekord həddə çatıb.
Yanvar-fevral aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb. Eyni zamanda, ixrac 1,8 faiz, idxal 0,8 faiz artıb.
Musavat.com