"Ukraynaya 200 milyon dollarlıq yardım paketinə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursatlar daxil olacaq".
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
Onun bəyanatı Dövlət Departamentinin saytında dərc olunub.
Paketə həmçinin 155 mm və 105 mm-lik döyüş sursatları, yüksək sürətli əks-radar raketləri, atıcı silahlar üçün sursatlar, eləcə də HESCO maneələri daxildir.
"Konqres əlavə yardım göstərməsə, bu, Ukraynaya təmin edə biləcəyimiz son təhlükəsizlik yardım paketlərindən biri olacaq", - deyə Blinken açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün, dekabrın 13-də ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi görüşdə Ukraynaya 200 milyon dollarlıq yardım paketinin ayrıldığını açıqlayıb. Hazırda Ağ Ev və Senat arasında müzakirələr gedir.
Musavat.com