ABŞ prezidenti Donald Tramp və senator Marko Rubionun cümə günü verdikləri açıqlamalardan sonra əsas sual budur: Vaşinqton Ukraynaya və Avropaya tam dəstək verməyə davam edəcəkmi, yoxsa Trampın Rusiya ilə yaxınlaşma səyləri fonunda bu siyasət dəyişəcək?
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Trampın əslində arzuladığı müqavilə Rusiya ilə sazişdir. Lakin bu razılaşmaya nail olmaq üçün Ukraynanı ya atəşkəslə, ya da problemi sadəcə ertələməklə kənarda saxlamaq lazımdır.
Bəzi ekspertlər hesab edir ki, Donald Tramp bu radikal dönüşə cəhd etsə belə, plan uğursuz olacaq. Onların fikrincə, Putin Çin, İran və Şimali Koreya ilə əlaqələrini məhdudlaşdırmağa hazır deyil — halbuki bu ölkələr Rusiyanın hərbi səylərini texnologiya, pilotsuz uçuş aparatları və hətta (Şimali Koreya halında) canlı qüvvə ilə dəstəkləyir.
Karnegi Fondunun Rusiya üzrə Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev bunları söyləyib:
“Trampın Vladimir Putinlə flirtləri ABŞ-Rusiya münasibətlərində səthi bir istiləşməyə gətirsə belə, Putinin Qərbə olan köklü inamsızlığı həqiqi barışığın qarşısını alacaq. Putin Trampın Avropanı Rusiya ilə əlaqələri bərpa etməyə məcbur edəcəyinə əmin deyil, həm də yaxşı bilir ki, 2028-ci ildə ABŞ-da hakimiyyətə gələcək yeni administrasiya bu siyasəti yenidən dəyişə bilər”.
Musavat.com