ABŞ-ın mövqeyində dəyişiklik hiss olunur- Proses hara aparır?- ŞƏRH

"ABŞ-ın sanki mövqeyində dəyişiklik nəzərə çarpır. Əlbəttə, erməni lobbisinin proseslərə təsiri hiss olunmaqdadır. Senatda keçirilən dinləmələrdə ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Yuri Kimin hər zaman anti-türk və anti-Azərbaycan mövqeyi sərgiləyən xarici əlaqələr komissiyasının rəhbəri Bob Menendezin mövqeyini dəstəkləməsi qəbuledilməzdir".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov bildirib. Ekspert ABŞ-ın Cənubi Qafqazda nizamlama prosesinin iştirakçısı olduğuna diqqət çəkib: "ABŞ Brüssel formatını dəstəkləyir. Bununla yanaşı, Vaşinqton formatı da mövcuddur. İkinci format daha çox xarici işlər nazirləri arasında keçirilən görüşə aid edilir və sülh müalicəsinin mətni üzərində müzakirələr aparılır. ABŞ bu günə qədər balanslı mövqeyi ilə seçilirdi, Vaşinqton görüşləri ümidverici idi. Təəssüf ki,  ritorikada dəyişiklik hiss olunur. Azərbaycana qarşı ittihamlar səslənir. Diqqət çəkən məqam dinləmələrdə  Azərbaycanın siyasi gündəliyinə aid arqumentlərin səslənməməsidir: ərazilərin minalanması, işğal faktı, azərbaycanlıların etnik təmizləməyə məruz qalması, vandallıq əməlləri, ekoloji terror, hidro terror, mədəni irsin məhv edilməsi və s. barədə müzakirə olmadı. Yalnız "blokada", Laçın yolunun açılması haqda danışıldı. Elə bil təəssürat yaranmışdı ki, sanki münaqişə hələ bitməyib. Dinləmələrdəki qərəz "Dağlıq Qarabağ xalqının hüquqları" termininin səslənməsi ilə aydın seçilirdi. Bu günə qədər isə ABŞ yerli sakinlər terminini işlədirdi. Dağlıq Qarabağ xalqı yoxdur. Yalnız Qarabağda yaşayan ermənilər var ki, onlar Azərbaycan ərazisində özlərinə qondarma dövlət qurublar".

Politoloq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyini, separatizmi təşviq etdiyini vurğulayaraq, ABŞ Dövlət Departamentinin mövqeyinin qəbuledilməz olduğunu qeyd edib: "Yaxşı olardı ki, ABŞ Dövlət Departamenti və senat Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın sanksiyalardan yayınmasına dəstək verən Ermənistanı günahlandırsın. Ermənistanın terrora dəstək verən fəaliyyəti və sülhə mane olma cəhdləri müzakirə edilməlidir. Qeyd etmək lazımdır ki, Cənubi Koreya əsilli Yuri Kim karyera diplomatıdır. ABŞ-ı və onun maraqlarını təmsil edir. Onun yanaşması yolverilməzdir. İcraedici orqanda çalışan şəxs lobbiçi dairələrin maraqlarını təmsil etməməlidir çünki vəzifəyə seçkili orqandan gəlməyib. Bu mövqe eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Bu günə qədər beynəlxalq terrorçuluq, enerji təhlükəsizliyi, demokratiya və insan haqlarının bərqərar olması istiqamətində ABŞ -Azərbaycan münasibətləri kifayət qədər uğurlu yol qət edib, lakin hazırkı yanaşma qəbuledilməzdir. ABŞ Moldova, Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı kəskin mövqe ortaya qoyur. Azərbaycanla bağlı isə biz eyni mövqeyi görmürük".

Nigar HƏSƏNLİ, 
Musavat.com

17.09.2023 15:03
717