ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milley sabiq prezident Donald Trampı “kəllə sümüyünə kimi faşist” olan biri kimi təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Bob Vudvordun "Müharibə" kitabında deyilir. Kitab oktyabrın 15-də “The Guardian” tərəfindən təqdim olunacaq.
Vudvordun yazdığı kimi, general Trampın seçkidə qalib gələcəyi təqdirdə Ağ Evə qayıtması perspektivindən təşvişə düşüb. Ali Baş Komandan istefada olan zabitləri hərbi xidmətə çağırıb hərbi tribunala təqdim edə bilər. Bu ehtimalı istisna etmək olmaz; Pentaqonun keçmiş rəhbəri Mark Esper də Trampın onu tənqid edən zabitlərdən “intiqam almaq” istəyindən danışıb.
“O, dünyanın ən təhlükəli adamıdır. Onun əqli qabiliyyətinin pisləşməsini və sairəni sizə deyəndə şübhələrim var idi, amma indi başa düşürəm ki, o, tam faşistdir. O, bu ölkə üçün ən təhlükəli adamdır”, - deyə jurnalist kitab üzərində işləyərkən Milley Vudvorda bildirib.
General keçmiş prezident haqqında dəfələrlə tənqidi fikirlər səsləndirib. Məsələn, 2020-ci ildə Trampın şəkil çəkdirməsi zamanı polis etirazçılara və jurnalistlərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdikdə Milley siyasətçinin Birləşmiş Ştatlara "böyük və düzəlməz zərər verdiyini" söyləyib.
Vudvordun kitabında deyilir ki, Tramp tərəfdarları 2021-ci ilin yanvarında Kapitoliyə basqın etdikdən sonra Milley baş prokuror Merrik Qarlandla görüşərək onu “zorakı ekstremizm və ifrat sağçılar”la bağlı araşdırma aparmağa razı salıb. Müəllif yazır ki, general Trampın ölkə üçün təhlükə olaraq qaldığına əmindir.
Tramp isə öz növbəsində Millini Çinlə gizli ünsiyyətdə olmaqda ittiham edib və “edam olunmağa layiq olduğunu” deyib.
Şahanə Rəhimli,
Musavat.com