ABŞ-ın dünyadakı 180 min əsgəri - hansı status və məqsədlə...

Elçin Mirzəbəyli: “Amerikanın xarici ölkələrdəki hərbi bazalarının sayının azaldılması, yaxud tamamilə ləğv edilməsi münaqişə və müharibələrin də sayını azalda bilər”

Hazırda ABŞ-ın ölkə sərhədlərindən kənarda 70 ölkədə yerləşən 800 hərbi bazasında təxminən 180 min hərbçisi xidmət edir. Bunu siyasi şərhçi Kənan Rövşənoğlu qeyd edib. Onun apardığı dəqiqləşdirməyə görə, bu hərbi heyətin 70 minə yaxını Yaxın Şərq regionunda, 17 ölkədə yerləşir.

Nəzərə alsaq ki, Qəzza müharibəsi başladıqdan sonra USS Gerald Ford təyyarədaşıyan gəmisi və daha bir neçə döyüş gəmisi də Aralıq dənizinin şərq sahillərinə gəlib, o zaman say daha da artır. Nümunə üçün bir təyyarədaşıyan gəmidə 5 minə yaxın hərbçi olur.

Maraqlıdır, ABŞ-ın sərhədlərindən kənardakı 180 minlik ordusu müxtəlif ölkələrdə hansı statusla yerləşir? Əlbəttə, məqsəd bəllidir. Ancaq məsələnin özünün hüquqi və dünyada çaxnaşmalara səbəb olan amillərindən gedir. Hətta belə ekspert rəyləri də var ki, əgər Amerika əsgəri öz ölkəsinin sərhədləri daxilində qalarsa, dünyada savaşlar da azalar. Vaxtilə mərhum politoloq Vəfa Quluzadənin də belə bir məşhur fikri vardı ki, ABŞ əsgərinin çəkməsi dəyən torpaqda sülh olmur.

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat” a bildirdi ki, ABŞ-ın öz ərazisində və xarici ölkələrdə yerləşən hərbi bazaları ilə bağlı göstəricilər bir-birindən fərqlənir: "Bəzi mənbələrdə bu göstərici, xüsusilə də xarici ölkələrdəki hərbi bazalarla bağlı 70 ölkədə 800, bəzilərində 80 ölkədə 950, bəzilərində isə 177 ölkədə 100-ə yaxındır. ABŞ-ın xarici ölkələrdəki hərbi bazalarındakı əsgər sayı ilə bağlı rəqəmlər arasında da müəyyən fərq olsa da, ortalama rəqəm 300 min nəfərdir. Hazırda ABŞ-ın Yaponiyada 50 min, Almaniyada 38600, Cənubi Koreyada 28500 əsgəri var. ABŞ-ın xarici ölkələrdəki hərbi bazalarının statusu da fərqlidir. Məsələn, NATO üzvü olan ölkələrdə bu, Alyansın Nizamnaməsinə və ikitərəfli razılaşmalara əsasən tənzimlənir. NATO üzvü olmayan ölkələrdə isə məsələ fərqlidir. Onların bir hissəsində hərbi bazanın ərazisi “icarəyə” götürülüb. Bəzi ölkələr isə ABŞ hərbi bazalarının ərazilərindəki mövcudluğuna görə hətta vəsait də ödəyirlər. Məsələn, Yaponiya ilə ABŞ arasında 2022-ci ildə yenilənmiş müqavilənin şərtlərinə görə, Tokio 2026-cı ilədək Birləşmiş Ştatların hərbi bazasının saxlanılması üçün 9,29 milyard dollar xərcləyəcək. ABŞ-ın Cənubi Koreyadakı hərbi bazasının statusu da təxminən eynidir, xərclər Seul tərəfindən ödənilir. Bundan başqa, ABŞ-ın bir çox ölkədəki hərbi bazalarının, ümumiyyətlə, hər hansı bir hüquqi statusu yoxdur. ABŞ əsgəri bu ölkələrin ərazisinə dəvət olunmadan daxil olub. Birləşmiş Ştatların İraqdakı hərbi bazaları, de-fakto işğalçı statusundadırlar, çünki ABŞ öncə bu ölkəni işğal edib, daha sonra isə formalaşdırdığı marionet hökumətlər vasitəsilə bu ölkədəki hərbi mövcudluğunu “rəsmiləşdirib”. ABŞ-ın İraqdakı hərbi bazaları birbaşa bu ölkənin büdcəsindən maliyyələşməsə də, İraqın enerji resurslarının talanmasından əldə olunan milyardlarla dollarlıq vəsait bütün Yaxın Şərqdə və Ərəbistan yarımadasında hərbi mövcudluğu qorumaq üçün yetərlidir. ABŞ-ın Suriya, Liviya kimi ölkələrdəki hərbi bazalarının isə təbii ki, hər hansı bir statusu yoxdur. Məsələn, PKK və onun qolları Suriyada hansı “statusla” mövcuddurlarsa, ABŞ-ın hərbi bazaları da eyni “statusu” daşıyırlar. Xarici ölkənin hərbi bazaları, şübhəsiz ki, istənilən dövlət üçün, xüsusilə də regional və qlobal geosiyasi dəyişikliklər baş verəcəyi təqdirdə, açıq münaqişə mənbələridir. Bu baxımdan, ABŞ-ın xarici ölkələrdəki hərbi bazalarının sayının azaldılması, yaxud tamamilə ləğv edilməsi münaqişə və müharibələrin də sayını azalda bilər".

elshen.jpg (52 KB)

 

Politoloq, siyasətşünas alim Elşən Nəsibov mondializm (“təkmərkəzlilik”) ideyasına diqqət çəkərək qeyd etdi ki, bu ideya SSRİ-nin dağılmasından sonra daha da aktivləşdi. Alim vurğuladı ki, qısa bir zamanda Çinin dünya gücü kimi ortaya çıxması, həmçinin  Rusiyanın yenidən  güclənməyə başlaması və keçmiş SSRİ-dəki statusunu geri qaytarmağa doğru addım atması, eləcə də Avropa İttifaqının formalaşması ilə ABŞ-ın “mondializm” iddialarına bir qədər zərbə vurmağa başladı: “Avrasiyada yeni güc mərkəzlərinin formalaşması bu gün dünyada çoxqütblü dünya nizamı ideyalarını şərtləndirir. ABŞ artıq bipolyar dünya nizamı dövründə olduğu kimi tək SSRİ ilə yox, indi artıq Çin və Avropa İttifaqı ilə mübarizə aparmaqdadır. Əlavə olaraq, müsəlman dünyası da qlobal oyunlarda yer almaqda israrlıdır. ABŞ-ın dünyanın ayrı- ayrı ölkələrindəki hərbi bazalarının rəsmi statusları beynəlxalq universal  hüquqla müəyyən olunur. BMT Nizamnaməsinə görə, dövlətlərin kollektiv müdafiə hüquqları mövcuddur. Kollektiv müdafiə prinsipləri, təhlükəsizliyin birgə təmini həmçinin, ikitərəfli razılaşmalarla müəyyən olunur. ABŞ-ın ayrı-ayrı ölkələrdə hərbi bazaları ölkələrarası razılaşmalarla hüquqi  status qazanır. Hərbi bazaların formalaşdırılmasının əsas səbəbləri kimi terrorla, transmilli cinayətkarlıqla birə mübarizə məsələləri önə çəkilir. Yəni təhlükəsizliyin birgə təmin olunması əsas şərtə çevrilir. Təbii ki, hərbi bazaların dünya üzrə yayılması əks cəbhədə, digər qütblərdə qıcıq yaradır. Hərbi bazalar geosiyasi qütbləşmələri şərtləndirir. Məsələn, NATO-nun mövcudluğu Rusiyanı çox narahat edir və nəticə etibarilə bu ölkənin də əks qütbdə bloklaşmasına səbəb verir. Geosiyasi maraqlar prizmasından yanaşdıqda qeyd etmək olar ki, ABŞ daima "dünyanın işinə qarışmaq" strategiyasını tətbiq edir. Bu, onun dünya idarəçiliyində yaxından iştirak etmək istəyindən və marağından irəli gəlir. Hərbi bazaları da praktiki olaraq onun dünya gücünü təşkil edən elementlərin  və maraqlarının təhlükəsizliyinə xidmət edir, ABŞ-ın dünyada aktiv iştirakını və hegemonluğunu təmin edir. Bu proses təbiidir. Dünya idarəçiliyinin şəbəkəsi üçün ölkəyə çox vacibdir. ABŞ hər il büdcəsini artırır. Hərbi büdcə də paralel şəkildə artır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

19.10.2023 08:37
876