Ukrayna savaşının nə vaxt bitəcəyi ilə bağlı mövzu hazırda ciddi şəkildə müzakirə edilməyə başlayıb. Belə ki, ABŞ prezidenti Co Bayden və növbəti seçkilərdə ona rəqib olmağa hazırlaşan Donald Tramp arasında keçirilmiş teledebatdan sonra bu mövzu daha da aktuallaşıb. Çünki prezident Co Baydendən fərqli olaraq, Ağ Evin keçmiş sahibi Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, dərhal Ukrayna savaşını dayandıracağını birmənalı şəkildə vəd edib. Və bu, hazırda Qərb siyasi dairələrində olduqca ciddi ziddiyyətlərə də yol açıb.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodemir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın mövqeyindən ciddi şəkildə narahatdır. Çünki Ağ Evin keçmiş sahibinin açıqlamalarından belə anlaşılır ki, onun planı reallaşarsa, Ukrayna kifayət qədər ciddi ərazi itkilərinə məruz qala bilər. Hər halda, Donald Tramp Rusiyanın geopolitik qürurunun nəzərə alınmasına eyham vurur. Bununla da, əslində, dolayısı ilə Rusiyanın işğal etdiyi ərazilərin Kremlin idarəçiliyində qala biləcəyini istisna etmir. Və bu, hazırda Ukrayna, eləcə də, bəzi Qərb siyasi dairələri tərəfindən, yolverilməz yanaşma hesab olunur.
Ona görə də, prezident Volodemir Zelenski ABŞ-da keçiriləcək növbəti seçkilərdə qələb şansı yüksək dəyərləndirilən Donald Trampı Ukrayna savaşının gələcək taleyini müzakirə etmək üçün görüşə dəvət etmişdi. Ancaq Ağ Evin keçmişi sahibi Ukrayna prezidentinin görüş təklifini qulaqardına vurmuşdu. Bununla da, Ukrayna savaşını dayandırmaq üçün rəsmi Kiyevlə hər hansı məsləhətləşməyə ehtiyac duymadığını sezdirmişdi. Və bu, Donald Trampın daha çox Kremllə anlaşmağa meyilli olması ilə bağlı narahatlığı artırmışdı.
Maraqlıdır ki, son vaxtlar prezident Volodemir Zelenski də müəyyə sülh çağırışları etməyə başlayıb. Böyük ehtimalla rəsmi Kiyev zamanı qabaqlamaq barədə düşünür. Yəni, bu məsələnin məhz Donald Trampın yenidən Ağ Evə sahiblənməsindən daha öncə həll etməyə çalışmaqla, Ukraynanın itkilərini nisbətən azaltmaq niyyəti güdür. Və Bayden administrasiyası başda olmaqla, bəzi Qərb siyasi dairələrinin buna hələlik qarşı çıxması hazırda rəsmi Kiyev qarşısında əsas əngəl hesab olunur.
Ancaq digər önəmli məqamlardan biri ondan ibarətdir ki, Bayden administrasiyası müqavimət göstərsə də, Ukrayna savaşının bu ilin sonuna qədər dayandırılması ilə bağlı səhnəarxası prosesin artıq başladıldığı müşahidə edilir. Belə ki, prezident Vladimir Putin son vaxtlar Rusiyanın sülh şərtlərini ümumi şəkildə gündəmə gətirməyə xüsusi həvəs göstərir. Və bəzi ehtimallara görə, prezident Vladimir Putinin Ukrtayna savaşının gələcək taleyi ilə bağlı Rusiyanın maraqlarını ifadə edən xüsusi planı mövcuddur.
Bəzi məlumatlara görə, Kreml də Ukrayna savaşının ən qısa zamanda dayandırılmasında artıq maraqlıdır. Üstəlik, Rusiya siyasi dairələrinin bu məsələdə açıq-aşkar operativ davranmaq cəhdləri həm də Kremlin tələsdiyini də biruzə verməkdədir. Çünki Rusiya Ukrayna savaşı ucbatından öz hərbi-siyasi potensialını itirməyə başlayaraq, ciddi şəkildə zəifləyib. Kremldə narahatdırlar ki, Donald Trampın Ağ Evə sahiblənməsinə qədər qalan müddətdə Rusiya daha da zəifləyə bilər. Və belə situasiyada Rusiya hətta indiki şərtlər daxilində belə, sülh sazişi imzalamaq şansından uzaq düşər.
Məsələ ondadır ki, ABŞ və NATO Ukraynaya hazırda daha müasir hücum silahları verməyə başlayıb. Rusiyanın isə bu silahlar qarşısında duruş gətirmək imkanları o qədər də ümidverici görünmür. Əgər, Rusiya ordusu savaş meydanında mövqelərini itirərsə, Donald Trampın vəd etdiyi sülh Kreml üçün məğlubiyyətə bərabər keyfiyyət də daşıya bilər. Və bu səbəbdən də, Kremlin Donald Trampla elə indidən, yəni vaxtından əvvəl anlaşmaq cəhdləri göstərdiyi barədə də müəyyən məlumatlar mövcuddur.
Maraqlıdır ki, Qərb mətbuatı artıq Rusiyanın məxfi sülh palnının detalları barədə iddialar irəli sürməyə başlayıb. Həmin iddialara görə, prezident Vladimir Putin öz sülh planında əsas bir neçə şərti ön planda tutur. Birincisi, Kreml sahibi Donetsk, Luqansk və Krımın Risyanın nəzarətində qalmasında israrılıdır. Bunun qarşılığında Kreml Xarkov və Zaparojye bölgələri üzərində ikitərəfli nəzarət tələb edir. Bu iki tərəfli nəzarət Rusiya və Ukrayna arasında təhlükəsizlik zonasının yaradılmasını təmin etməlidir.
Digər tərəfdən, Kreml rəsmi Kiyevə güzəşt kimi, Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxmayacağını vəd edir. Ancaq prezident V.Putin Ukraynanın NATO-ya üzvlüyünü qəbul etmək niyyətində deyil. Kreml sahibi Ukrayna ərazisində xarici ölkə hərbi bazalarının yerləşdirilməsinə də qarşıdır. Eyni zamanda, Ukraynaya yalnız 350 minlik canl qüvvəsi və məhdud sayda hərbi texnikası olan ordu saxlamaq hüququ tanınır. Və ümumiyyətlə, Ukraynanın hərbi potensialının ən minimum səviyyəyə endirilməsində israrlıdır.
Onu da qeyd etmək lazımdır ki, Kreml sahibi bu planının sülh danışıqlarında iştirak edəcək potensial vasitəçilərə çatdırmaq istiqamətində də addımlar atmağa başlayıb. Belə ki, Rusiya ilə münasibətləri normal olan Macarıstan prezident V.Putinin məxfi sülh planı barədə məlumatlandırılıb. Ardıncasa, Macarıstan baş naziri Viktor Orban həmin məxfi planla bağlı rəsmi Kiyevin mövqeyini öyrənmək üçün Ukraynaya göndərilib. Və prezident Volodemir Zelenski Macarıstan baş naziri Viktor Orbanla qısa müddətli müzakirədən sonra Kremlin məxfi planından imtina edib.
Qərb mətbuatının iddialarında yer alan digər önəmli məqam ondan ibarətdir ki, prezident V.Putin öz məxfi sülh planını Ağ Evin keçmiş sahibi Donald Trampa çatdırmaq üçün Rusiya nazirlərindən birini xüsusi paketlə onun yanına elçi göndərib. Yəni, Kreml Ukrayna savaşının gələcək taleyi ilə bağlı Putin planını Bayden administrasiyasıyla deyil, məhz ABŞ-da tezliklə hakimiyyətə sahiblənəcəyi düşünülən Donald Trampla razılaşdırmağa çalışır.
Bütün bunlar onu göstərir ki, əslində, Donald Tramp artıq indidən Ukrayna savaşının dayandırılması prosesinə start verib. Bayden administrasiyasının oyundankənar vəziyyətə salındığını nəzərə aldıqda, Donald Trampın hazırda ABŞ-ın adından qeyri-rəsmi qərarlar qəbul etməyə başladığını da düşünmək olar. Yəni, ABŞ növbəti prezident seçkiləri yaxınlaşdıqca, tədricən ikihakimiyyətlilik durumuna düşür. Hər halda, Donald Tramp son vaxtlar “kölgə prezidenti” rolunda çıxış etməyə başlayıb. Və bu, Ukrayna savaşının gələcək taleyinin elə indidən həll edilməsində önəmli rol oynaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu