ABŞ-ın “Bloomberg” agentliyi “Qəzza böhranının həllinin açarı Türkiyədir” başlıqlı məqalə dərc edib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, yazıda “Bayden Ərdoğana nə qədər tez zəng etsə, bir o qədər yaxşıdır” ifadəsi yer alıb.
Analitik yazıda “ABŞ dövlət katibi Entoni Blinkenin türkiyəli həmkarı Hakan Fidanla 2 saatlıq görüşündən sonra ABŞ Dövlət Departamentinin qısa bəyanatı soyuqluğu gizlədə bilməz. Blinken İsrail-HƏMAS müharibəsinə həll yolu tapmaq üçün Yaxın Şərq səfəri zamanı dəfələrlə barmaq silkələmələrinə məruz qalıb. Hakan Fidandan aldığı barmaq silkələməsi isə ən sərti olub”, - şərhi yer alıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenlə görüşməməsinin diqqətçəkən məqam olduğu bildirilən təhlildə “Entoni Blinken Fidanın danlamasına və Ərdoğanın cavabına layiq idi ifadəsi işlədilib. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və İsrailin sarsıdıcı qisas alması ilə yaranan böhrana həll yolu tapmağa tələsən Bayden administrasiyası Türkiyəni diqqətdən kənarda qoydu. ABŞ Ərdoğanı masaya oturtmaq üçün birgə səy göstərərək itirilmiş vaxtı kompensasiya etməlidir”, - deyə qeyd olunur.
Məqalədə Türkiyənin Yaxın Şərq münasibətlərində kritik rol oynadığı bildirilir və “Ərdoğan müharibənin hər iki tərəfindəki ölkələrlə rəsmi diplomatik əlaqələri olan yeganə liderdir”, - deyilir.
“Bu böhranın iki əsas oyunçusundan biri olan Qətər HƏMAS liderlərinə evsahibliyi edir, lakin İsraillə rəsmi əlaqələri yoxdur. Digər tərəfdən, Misirin İsraillə diplomatik əlaqələri var, lakin HƏMAS ilə əlaqəsi yoxdur”, - məqalədə qeyd olunur.
Aytən Novruz
Musavat.com