ABŞ Energetika Nazirliyi neft qiymətinə dair proqnozunu azaltdı

ABŞ Energetika Nazirliyi 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 84,44 dollardan 82,8 dollara qədər azaldıb.

Musavat.com nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq proqnozuna istinadən xəbər verir ki, 2025-ci il üçün proqnoz 85,71 dollardan 84,09 dollara qədər azaldılıb.

EIA-nın məlumatına görə, avqustda Brent kotirovkaları nisbətən dar diapazonda olub, ayın orta qiyməti 82 dollar/barel təşkil edib.

Sentyabrın əvvəlində neft qiymətlərində müşahidə edilən kəskin enişin davam etməsinə baxmayaraq, ABŞ Energetika Nazirliyi OPEC+-un hasilatın artırılmasını təxirə salmaq qərarına görə ilin sonuna kimi qiymətlərin artacağını proqnozlaşdırır. Agentlik analitiklərinin fikrincə, bu, dünya neft ehtiyatlarının bazardan çıxarılması tendensiyasını davam etdirəcək ki, bu da qiymətləri nisbətən tez bir zamanda 80-90 dollar diapazonuna qaytaracaq: “Biz təxmin edirik ki, qlobal neft ehtiyatları üçüncü rübdə gündə 0,9 milyon barel və 2025-ci ilin əvvəlində 1 milyon bareldən çox azalacaq. Nəticədə biz Brent neftinin qiymətlərinin sentyabrın əvvəlindəki 74 dollardan dekabrda orta hesabla 82 dollara, 2025-ci ilin birinci rübündə isə 83 dollara qədər artacağını gözləyirik”.

Nazirlik ümid edir ki, bazar gələn il ərzində neft ehtiyatlarının mülayim artımına qayıdacaq. Təchizat proqnozları hələ də qlobal tələbi üstələdiyindən, EIA analitikləri 2025-ci ilin ikinci yarısında ehtiyatların sutkada 0,5 milyon barel artacağını gözləyirlər.

 

Musavat.com

11.09.2024 00:07
308