ABŞ dünyanı təkbaşına bölüşdürür: Ukrayna savaşında Rusiya deyil, AB və Çin əsas hədəfdir

Ukrayna savaşı hərbi deyil, iqtisadi nəticələrə hesablanıb, Avropa Birliyi çökdürülərsə, Çin iqtisadiyyatının iflasa uğradılması da sürətlənə bilər... Ona görə də, Ukrayna savaşının məhz Çinin maliyyə-iqtisadi böhrana düçar olunmasına qədər davam etdirilə biləcəyi qətiyyən istisna deyil...

Ukrayna savaşı dünyanın geopolitik strukturunu sürətlə dəyişməkdə davam edir. Bu savaşın hərbi xarakter daşıyan siyasi-iqtisadi təsirləri dünyanın böyük bir coğrafiyasına yayılmış durumdadır. Mövcud situasiyanın bundan sonra yalnız savaş meydanında Ukrayna və ya Rusiyanın qalib gəlib-gəlməyəcəyi ilə xarakterizə edilməsi reallığı əks etdirə bilməz. Və bu baxımdan, dünyanın daha kataklizmli mərhələyə keçid ərəfəsində olduğu artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Ukrayna savaşının başlanma səbəbləri artıq tədricən aydınlaşdırmağa başlayıb. İndi məlum olur ki, bu müharibəyə yalnız Rusiyanın "savaş bataqlığı"na çəkilib, zəiflədilməsi üçün start verməyib. Yəni, Ukrayna savaşının planlaşdırılması strateji məzmun daşıyır. Və bu savaşda yaxın, orta və uzaq perspektiv hədəflər tam dəqiqliyi ilə müəyyən edilib.

Təbii ki, yaxın perspektiv hədəfin məhz Kremlin "savaş bataqlığı"nda boğularaq zəifləməsi, ardınca isə Rusiyanın sərhədləri içərisinə qapadılması olduğu qətiyyən şübhə doğurmur. Ancaq ABŞ və müttəfiqlərinin - anqlosaks düşərgəsinin daha irəli gedən planlarının mövcudluğu tədricən ortaya çıxmaqdadır. Yəni, yalnız Rusiyanın sıradan çıxarılması anqlosaksların uzaqgedən planlarının reallaşdırılması baxımından, qətiyyən yetərli deyil.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Ukrayna savaşının əslində, hansı səbəbdən planlaşdırılıb, törədildiyini anlamaq üçün ilk növbədə dünya coğrafiyasında iqtisadi-ticari partnyorluğun ümumi mənzərəsinə diqqət etmək vacibdir. Çünki dünya tarixində baş vermiş bütün savaşlarda iqtisadi-ticari faktlar əsas stimullaşdırıcı amil rolunu oynayıb. Və bu baxımdan, Ukrayna savaşı da qətiyyən istisna təşkil etmir.

Məsələ ondadır ki, bu əsrin yeni başladığı dövrdə - 2001-2002-ci illərdə ABŞ dünya ölkələrinin təxminən 75-80 faizinin əsas ticarət partnyoruydu. Ancaq cəmisi iki onillik ərzində bu göstəricilər ABŞ-ın əleyhinə dəyişmiş oldu. Yəni, ABŞ-ın daha çox istismar etdiyi ticarət partnyorları tədricən öz iqtisadi hədəflərini dəyişməyə başladılar.

Çünki bu müddət ərzində beynəlxalq iqtisadi-ticari məkanda ABŞ-dan fərqli olaraq, bərabərhüquqlu əməkdaşlığa daha həssas yanaşan, üstəlik, müqayisə edilməz səviyyədə sərfəli tərəfdaş peyda olmuşdu. Ona görə də, ABŞ-ın iqtisadi-ticari partnyorları əks tərəfə yönəlməyə başladı. Nəticədə məhz Çin 2018-20-ci illərdə artıq dünya coğrafiyasının təxminən 90 faizinə qədərinin əsas iqtisadi-ticari partnyoruna çevrilməyə nail olmuşdu.

Belə məlum oldu ki, şəriksiz dünya hegemonluğu planları quran, planetin bütün önəmli bölgələrinə çoxsaylı hərbi bazalar yerləşdirən, əksər ölkələrin sərvətlərini, gəlirlərini talayan ABŞ artıq süquta uğramaq təhlükəsi ilə qarşılaşıb. Ağ Ev daha əvvəlki kimi dünya üzərində əzici avtoritetini qoruya bilmir. Ağ Ev sürətlə nüfuzdan düşür, beynəlxalq məkanda mövqeləri zəifləyir və bu proses ABŞ cəmiyyətində ziddiyyətləri dərinləşdirir, dövlətin gələcəkdə parçalanma ehtimalını artırırdı.

Hər halda, ABŞ-ın iqtisadi-ticari itkiləri dövlət büdcəsində "yırtıqları" da böyüdür və maliyyə çatışmazlığı yaradırdı. Çünki təxminən 20 il əvvəl ABŞ büdcəsinə axan iqtisadi-ticari gəlirlər indi istiqamətini Çinə doğru dəyişmişdi. Çin ABŞ-ın hərbi-siyasi alətlər üzərindən edə bilmədiyini məhz iqtisadi-ticari uğurları ilə reallaşdırmağa çox yaxın idi. Rəsmi Pekin hərbi iqtisadiyyat modelindən istifadə etməklə, dünya üzərində Çinin təsir gücünü qarşısıalınmaz səviyyəyə çatdırmaq üzrəydi.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Təbii ki, bu vəziyyətdə Ağ Evin vaxt itirməsi ABŞ-ın süquta uğrayıb, hətta ümumiyyətlə, dünya xəritəsindən silinməsinə belə, yol aça bilərdi. Deməli, elə bir beynəlxalq sarsıntılar yaratmaq lazım idi ki, Çinin yüksəlişinə münbit şərait yaradan əsas faktorları sıradan çıxartsın, ABŞ-ın dünya hegemonluğu hədəflərini təmin edə bilsin. Və belə bir sarsıntını da yalnız bütün dünyanı öz təsiri altına salacaq dağıdıcı savaş yarada bilərdi.

Əslində, hər an qlobal savaşa çevrilmə potensialı olacaq müharibənin törədilməsi üçün ciddi səbəb axtarışlarına da ehtiyac yoxuydu. Çünki strateji planlar qurmaq qabiliyyətindən həmişə uzaq olan, özünü dünyanın ağalarından biri hesab edən Rusiya ABŞ və əsas müttəfiqlərinin işini asanlaşdırdı. Ukraynanın NATO-ya üzvlük mövzusun gündəmə qaytarılması kifayət etdi ki, Rusiyanı "tələ"yə salmaq mümkün olsun. Nəticədə indi Rusiya ABŞ və müttəfiqlərinin strateji planlarının əsas "istifadə aləti"nə çevrilib.

Bu strateji plan tam dəqiqliyi ilə işləməkdə davam edir. Belə ki, Avropa Birliyinin iqtisadiyyatında önəmli rol oynayan Rusiya enerji resurslarının "qoca qitə"yə axını dayandırılıb. Avropa Birliyini dövlətləri Rusiya ilə yanaşı, "qoca qitə"nin iqtisadiyyatını çökdürən sanksiyaların tətbiqinə məcbur edilib. Yəni, Avropa Birliyi hazırda "könüllü intihara" doğru sürüklənir. Bu baxımdan, Avropa Birliyi də Rusiya kimi, ABŞ və müttəfiqlərinin strateji planlarının istifadə alətinə çevrilmiş durumdadır.

Avropa ölkələri bu reallığı artıq anlamağa başlayıblar. Onların bir çoxu Rusiya ilə eyni "tələ"yə salındıqlarının fərqində olmamış deyillər. Ancaq geri çəkilmək, oyundan çıxmaq üçün çox gecdir. Anqlosakslar Avropa Birliyinin bu oyundan çıxmasına imkan vermək niyyətindən çox-çox uzaqdırlar. Düzdür, bəzi Avropa ölkələri Ukrayna savaşını sona çatdırmaq üçün müəyyən sülh təklifləri də edirlər.

Ancaq bu sülh təklifləri anqlosaksları qətiyyən maraqlandırmır. Əksinə, onlar bu savaşın mümkün qədər uzadılmasında birbaşa maraqlıdırlar. Halbuki anqlosakslar Ukraynaya daha müasir hücum silahları verməklə, Rusiyanı ən qısa zamanda ağır hərbi məğlubiyyətə uğratmaq imkanına da malikdirlər. Bunu ona görə etmirlər ki, onlara Rusiyanın qısa müddətdə hərbi məğlubiyyəti ümumiyyətlə, lazım deyil. Ukrayna savaşı anqlosakslar üçün hərbi hədəflərin olduğu beynəlxalq kompaniya deyil. Bu, daha çox iqtisadi nəticələrə hesablanmış bir dağıdıcı savaşdır.

1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB)

Böyük ehtimalla əsas hədəf yalnız Rusiyanın deyil, həm də Avropa Birliyinin iqtisadi cəhətdən zəiflədilməsinə hesablanıb. Çünki Avropa Birliyi Çinin əsas və ən zəngin iqtisadi-ticari partnyorudur. Əgər, Avropa Birliyi çökərsə, Çin iqtisadiyyatının iflasa uğraması da sürətlənə bilər. Və ona görə də, Ukrayna savaşının məhz Çinin maliyyə-iqtisadi böhrana düçar edilməsinə qədər davam etdirilə biləcəyi qətiyyən istisna deyil.

Bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşının əsas hədəfi Rusiya deyil. Bu savaş Avropa Birliyi və Çinə qarşı başladılmış müharibə təsəvvürü yaradır. Yəni əsas və gizli hədəf rolunun Avropa Birliyi və Çinə ayrıldığını iddia etmək mümkündür.

Rəsmi Pekin də Ukrayna savaşının Çinin maraqlarını sarsıdıcı zərbələrə məruz qoymasından ciddi şəkildə narahatdır. Rəsmi Pekin hələlik Rusiyanın tərəfində yer almağa tələsmir. Ancaq Çin bu savaşın mümkün qədər tez bir zamanda dayandırılmasının vacibliyini də ön plana çıxartmağa çalışır. Bir müddət öncə rəsmi Pekin Ukrayna savaşının dayandırılması üçün 12 bənddən ibarət sülh şərtləri irəli sürmüşdü. Rəsmi Pekinin beynəlxalq hüquq normalarına əsaslanan təklifləri Ukraynanın maraqlarına cavab versə də, Rusiya üçün isə sərfəli olmasa da, bu sülhyaratma cəhdi məhz ABŞ tərəfindən bloklandı.

Ona görə də, rəsmi Pekin hazırda birtərəfdən üstüörtülü şəkildə Çinin Rusiyaya hərbi dəstək verə biləcəyinə eyham vurur. Digər tərəfdən isə anqlosakslara qarşı müqavimət bloku yaratmağa çalışır. Hələlik rəsmi Pekin Səudiyyə Ərəbistanını İranla barışdıra bilib. ABŞ-ın təsir dairəsində olan bu ölkənin Ağ Evdən uzaqlaşdılması növbəti mərhələdə ərəb dünyasının mövqeyinə ciddi təsir göstərə bilər. Eyni zamanda Çinin liderliyi altında Pekin-Moskva-Minsk-Tehran müqavimət xəttinin yaradılmasına cəhdlər də diqqəti çəkir. Və bu, o deməkdir ki, Ağ Evin Ukrayna savaşı üzərindən dünyanı təkbaşına bölüşdürmək planına qarşı Çin də hərəkətə keçməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"
Yeni savat" Media Qrupu

12.03.2023 19:03
2515