İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2026-cı ilin sonunadək dolların məzənnəsi 1 dollar=1,7 manat səviyyəsində qalacaq
Dünyanın əksər böyük iqtisadiyyatlarında faiz dərəcələri üzrə yeni qərarlar verilib. Belə ki, sentyabrın 15-də Avropa Mərkəzi Bankı hər üç əsas faiz dərəcəsini 25 faiz bəndi artırmaq qərarına gəlib. Qərarla kreditlər üzrə baza dərəcəsi 4,5 faizə, depozitlər üzrə faiz dərəcəsi 4 faizə, marja kreditləri üzrə faiz dərəcəsi 4,75 faizə qədər artırılıb.
Dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çində hökumət inflyasiya deyil, deflyasiya ilə mübarizə apardığına görə Çin Xalq Bankı kreditlər üzrə baza faiz dərəcəsini illik 3,45 faiz olmaqla dəyişməz saxlayıb. Bu, Çin tarixində ən aşağı hədd hesab olunur. Çin Xalq Bankı həmçinin 5 illik kreditlər üzrə faiz dərəcəsini 4,2 faiz illik səviyyədə saxlayıb. Bundan əvvəl isə Bank ortamüddətli kreditlərin illik faiz dərəcəsini mövcud 2,5 faizlik həddə dəyişməz saxlamışdı.
Sentyabrın 20-də Böyük Britaniya Bankı gözlənilmədən uçot dərəcəsini 5,25 faiz həddində saxlamaq barədə qərar qəbul edib. Halbuki bazar iştirakçıları uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 5,5 faizə çatdırılacağını gözləyirdilər. Analitiklərə görə, faiz dərəcəsinin dəyişməməsinin əsas səbəbi avqustda Böyük Britaniyada inflyasiyanın azalaraq, 2022-ci ilin fevralından bəri ən aşağı həddə düşməsidir.
Sentyabrın 21-də Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin iclasında uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 25 faizdən 30 faizə qaldırılıb. Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il avqustun 24-də keçirilmiş iclasında 17,5 faizdən 25 faizə çatdırılmışdı.
Nəhayət, ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) sentyabrın 20-də keçirilən iclasında uçot dərəcəsinin mövcud 5,5 faiz səviyyəsində saxlanması barədə qərar qəbul edib. İclasdan sonra verilən açıqlamada qeyd olunur ki, qərar yekdilliklə qəbul edilib və tənzimləyici inflyasiya risklərini yaxından izləyir. Bundan əlavə, keçən il açıqlanan plana uyğun olaraq, FED balansını azaltmağa davam edir. Azalma müddəti bitmiş qiymətli kağızlardan alınan vəsaitlərin yenidən investisiyaya yönədilməməsi hesabına baş verir. Mart ayından indiyə bu rəqəm 8,7 trilyon dollardan 8,1 trilyon dollara düşüb. Hazırda maksimum geri alma həcmi ABŞ dövlət istiqrazlarında 60 milyard dollar və ipoteka qiymətli kağızlarında 35 milyard dollardır. Ehtimal olunur ki, 2024-cü ildə balansdan qiymətli kağızların satışına başlamaq mümkündür. Lakin bu ssenarinin reallaşma ehtimalı hələ aydın deyil.
İclasdan sonra FED rəhbərliyi bəyan edib ki, Amerika iqtisadiyyatında böyümə sürətlənib. Son aylarda iş yerlərinin artımı yavaşlasa da, hələ də güclü olaraq qalıb. İşsizlik aşağı səviyyədə, inflyasiya isə hədəf göstəricisindən yüksək olaraq qalır.
ABŞ-ın bank sistemi sabitdir. Ev təsərrüfatları və müəssisələr üçün sərt kredit şərtləri iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya təsir göstərə bilər. Federal Açıq Bazar Komitəsi (FOMC) inflyasiya risklərinə diqqətlə yanaşır.
Qeyd edək ki, FED-in hədəfi maksimum məşğulluq və 2 faizlik inflyasiyadır. Avqust ayında istehlak qiymətləri illik 3,7 faiz artıb. İyun ayındakı 3 faizlik inflyasiya ilə müqayisədə son 2 ayda artım dinamikası müşahidə olunur ki, bunun da əsas səbəbi neft qiymətlərindəki bahalaşmadır.
Açıq Bazar Komitəsi iqtisadi göstəricilər və əsas məzənnə üzrə yeni proqnoz təqdim edib. Proqnozlardan aydın olur ki, iyun ayı proqnozu ilə müqayisədə iqtisadi qiymətləndirmə yaxşılaşıb. Belə ki, 2023-cü ildə ÜDM-in iyunda proqnozlaşdırılan 1 faiz əvəzinə 2,1 faiz, 2024-cü ildə 1,1 faiz əvəzinə 1,5 faiz artması gözlənilir. İşsizlik səviyyəsi 3,8 faiz və 4,1 faiz olacaq. FED inflyasiya təxminlərini cüzi artıraraq 2023-cü ildə 3,3 faizə, 2024-cü ildə 2,5 faizə, 2025-ci ildə 2,2 faizə çatdırıb.
Əsas dərəcənin azaldılması proqnozu daha mühafizəkardır - gələn il 5,5 faizdən 5,1 faizə və 2025-ci ildə 3,9 faizə qədər, uzunmüddətli dövrdə (2026-cı ildən sonra) - 2,5 faizə qədər.
FED rəhbəri Cerom Pauelin sözlərinə görə, FED zərurət yaranarsa, pul siyasətini sərtləşdirməyə davam etməyə hazırdır. Tənzimləyici daxil olan makroiqtisadi məlumatlar əsasında əlavə qərarlar qəbul edəcək. Onun sözlərinə görə, iqtisadiyyatın “yumşaq enişi” FED-in məqsədlərindən biridir.
Elman Sadıqovu
İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, FED-in faiz dərəcələrini dəyişməyəcəyi əvvəlcədən gözlənilirdi: “Ölkədə işsizlik 3,8 faiz həddindədir ki, bu da məqbul həddir. FED bu göstəricinin 4-4,1 faiz həddinə çatmasını da məqbul variant hesab edir. Tənzimləyiciyə görə, işsizliyin bu həddə qədər artmasına iqtisadiyyatın dözüm gücü imkan verir. Burada narahatedici bir məqam var ki, iyul və avqust aylarında inflyasiyanın sürətlənməsi qeydə alınıb. Bu fakta görə FED-in uçot dərəcəsini artıracağını gözləyənlər də vardı. Lakin nəzərə almaq lazımdır ki, dollar yalnız ABŞ-ın milli valyutası deyil, qlobal iqtisadiyyatın əsas dönər valyutasıdır. Bu gün ABŞ dolların 5,25-5,5 faiz dərəcəsinə davam gətirirsə, dözə bilirsə, bu, o demək deyil ki, qlobal iqtisadiyyat üçün də məqbuldur. Qlobal iqtisadiyyatda, ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında bahalı dollar bir sıra problemlər yaradır: borcların ödənməsi, tədiyə balanslarında mənfi saldonun artımı və sair. Bahalı dollar dünyadan ABŞ iqtisadiyyatına investisiyaları artırmaqla qlobal iqtisadiyyatda dollar qıtlığı yaradır. Buna görə də FED-in inflyasiyanın artmasını hələlik sadəcə, müşahidə etməklə kifayətlənəcək. Qurum özü də bəyan edir ki, prosesləri yaxından izləyir və ABŞ iqtisadiyyatında hər hansı mənfi tendensiya müşahidə olunduğu halda uçot dərəcəsini artırmaq qərarı verə bilər”.
Azərbaycanın ixrac gəlirlərinin əsasını təşkil edən dollarla yanaşı, əsas xarici ticarət partnyorlarımızdan biri olan Türkiyədəki monetar siyasət də ölkəmiz üçün əhəmiyyətli rol oynayır. Bu ilin 8 ayı üzrə Türkiyə ölkəmizin ikinci böyük xarici ticarət tərəfdaşıdır, qeyri-neft ixracımızda ikinci, idxalımızda 3-cü ölkədir. Bu baxımdan, qardaş ölkədə milli valyutanın məzənnəsindəki dəyişiklik Azərbaycanda yaxından izlənir. Türkiyə Mərkəzi Bankının son 5 ayda monetar siyasəti son dərəcə sərtləşdirməsi diqqəti cəlb edir.
E.Sadıqov deyir ki, Türkiyənin maliyyə naziri Mehmet Şimşek və Mərkəzi Bankın rəhbəri xanım Qaya ortodoks iqtisadi nəzəriyyənin tələb etdiyi addımları atırlar: “Düşünürəm ki, bu, düzgün yanaşma və siyasətdir. Yeni hökumət Türkiyənin ortamüddətli dövr üçün iqtisadi inkişaf proqramını açıqlayıb. Mehmet Şimşək hələ nazir təyin olunmazdan əvvəl Türkiyənin ilk növbədə inflyasiya ilə deyil, tədiyə balansındakı mənfi saldo ilə mübarizə aparmalı olduğunu bildirmişdi. Onun nazir olmasından sonra bu mənfi saldo 10-12 milyard dollardan 5 milyard dollar civarına qədər azalıb ki, bu da çox müsbət haldır. Hazırda Türkiyədə lirənin məzənnəsinə hər hansı inzibati müdaxilə yoxdur, onu bazar tənzimləyir. Bu isə Mərkəzi Bankın məzənnəni saxlamaq üçün izafi xərclərə getməməsinə, əksinə, ehtiyatlarını artırmasına gətirib çıxarır”.
Ekspert qeyd edir ki, əslində faizlərin artımı inflyasiyanı tətikləyən amildir: “Lakin əgər inflyasiya artmırsa, faizlərin artımı ixracın stimullaşmasına gətirib çıxarır. Bu gün yürüdülən siyasətin əsası budur ki, dolların kursunu Mərkəzi Bankın müdaxilələri deyil, bazar özü müəyyən edir. Bu baxımdan, Türkiyə hökumətinin də gözləntiləri budur ki, dolların kursunun artması davam edə bilər. Lakin bu proses kəskin sıçrayışlar formasında baş verməyib, tədricən gedəcək. Hökumət dolların kursunun cilovlanması ilə eyni vaxtda inflyasiya ilə mübarizə aparmaq, həm də xarici ticarət balansında mənfi saldonu azaltmaq niyyətində deyil. Buna görə də cari ilin yekununda Türkiyədə inflyasiyanın 63-65 faiz həddində olması gözlənilir. Türkiyə hökumətinin proqramından da görünür ki, ortamüddətli dövrdə inflyasiyanın təkrəqəmli həddə düşməsini gözləmirlər, bunun real olmadığını bilirlər. 2024-cü ilin ikinci yarısından inflyasiyanın davamlı şəkildə aşağı düşməsi, 2026-cı illərdən hədəf göstəricisinə çatması planlaşdırılır. Bu, əlbəttə, ağrılı prosesdir, lakin eyni zamanda keçilməsi zərurət olan prosesdir”.
E.Sadıqov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Türkiyəyə dəstək verməsi investorların inamını artıran amil kimi çıxış edir: “Lakin uzun illərdin yığılan problemlərin qısa müddətdə həll olunaraq tam aradan qaldırılması mümkün deyil. Buna görə də investorların inamı da onların həlli ilə eyni vaxtda dəyişəcək: problemlər azaldıqca, investorların inamı da artacaq. Bu baxımdan, qardaş Türkiyə iqtisadiyyatının problemli dönəmdən çıxaraq davamlı inkişaf yoluna qədəm qoyması xeyli müddət və əziyyət tələb edəcək”.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı da sentyabrın 20-də uçot dərəcəsinə yenidən baxıb. Qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2026-cı ilin sonunadək dolların məzənnəsi 1 dollar=1,7 manat səviyyəsində qalacaq.
Dünya SAKİT,
“Yeni Müsavat”