ABŞ-də Leninə görə həbs edilən namizədin xələfi – Tramp da Putinə görə “ilişib”

Noyabrda keçiriləcək prezident seçkilərinin favoriti Donald Tramp neçə aydır məhkəmələrlə əlləşir. Adamın cinayətkar elan edilməsinə, barəsində hökm çıxarılmasına bir addım qalıb.

Trampa qarşı bu cinayət işləri birmənalı şəkildə siyasi motivlidir. Əgər o, həbs olunarsa, avtomatik olaraq dünyanın ən məşhur siyasi dustağı olacaq. Çünki başda Bayden administrasiyası olmaqla ABŞ “dərin dövləti” (hərbi-siyasi isteblişmenti) Trampın yenidən prezident olmasını bu yolla əngəlləmək istəyirlər.

Bunun əsas səbəbi Trampın prezident olduğu zaman ABŞ-nin dünyadakı nüfuzunu sarsıdan, daxildə vətəndaş qarşıdurmasına, regionda “pis dövlət” imici qazanmasına səbəb olan hərəkət və qərarlarıdır. Ayrıca onun Rusiya və İsrailə tərəfgir mövqe tutması, xüsusilə də Ukrayna müharibəsində Rusiyanı haqlı sayması, RF prezidenti Putinə rəğbət bəsləməsi Trampa ABŞ dövlətinin ümdə maraqlarını zərbə altında buraxacaq persona reputasiyası qazandırıb.

Trampı heç cür durdurmaq, hakimiyyətə doğru əmin addımlarla irəliləməsinin qarşısını almaq olmur. Ona görə də ABŞ-də onu sırf hüquqi yolla, qanunlar vasitəsilə dayandırmaq istəyirlər.

KMO_162543_41422_1_t222_222714.jpg (43 KB)

Budur, Nyu-Yorkdakı münsiflər heyəti onu 2016-cı ildə pornoaktrisa Stormi Danielsə təzminat ödəyərək susdurmaqda təqsirli bilib. Tramp 34 maddə üzrə təqsirli sayılıb. İndi apellyasiya məhkəməsi bunun əksini müəyyən edənə qədər çoxsaylı düşmənləri Trampı cinayətkar adlandıra bilərlər. Əsas məsələ isə iyul ayının 11-də elan olunacaq son hökmün necə olacağıdır. Ondan sonra Tramp içəri gedəcəkmi, məcburi əməyə cəlb olunacaqmı, aydın olacaq.

ABŞ tarixində yalnız bir prezidentliyə namizəd olub ki, o, seçki kapmaniyasını dəmir barmaqlıqlar arxasından aparıb. Bu hadisə 104 il öncə, 1920-ci ildə baş verib və həmin adam sosialist Yucin Debs olub. Debsin günahı o olub ki, o, Rusiyada qalib gələn bolşevik inqilabının liderləri olan Lenin və Trotskinin üsyana çağırış kimi təsnif edilən hərəkətlərini açıq şəkildə bəyənib, təbliğ edib. Buna görə ona 10 il azadlıqdan məhrumetmə cəzası kəsiblər. Debs 3,4% səs toplayaraq seçki üçüncüsü olub və bu özlüyündə siyasi uğur sayılıb. Bu, sovet Rusiyasının pərəstişkarına öz müdafiəsi üçün ictimai kampaniya başlatmasın səbəb verib və o, növbəti il azadlığa qovuşub.

yucin.jpg (17 KB)

                                                    Yucin Debs

İndi Tramp da təxminən eyni duruma düşüb. Onun da müəyyən siyasi dairələrdə xor görülməsinin əsas səbəbi Rusiya pərəstişkarı olmasıdır. Trampın pərəstiş etdiyi Rusiya çoxdan sovet-kommunist dövləti olmasa da, yenə də mədəni dünyanın qəbul etmədiyi idarəetmə ideologiyası və metodları ilə yaşayır, Avropaya və dünyaya təhdid sovurur, aqressiv xarici siyasəti ilə tanınır.

Ancaq əsas fərq odur ki, Tramp seçkiyə qatılsa, Debs kimi seçki üçüncüsü olmayacaq. Onun ikinci olmaq fikri də yoxdur. Rəy sorğuları, ABŞ ictimaiyyətinin ovqatı göstərir ki, Tramp seçki birincisi olacaq və prezident seçiləcək. Bu zaman o, dövləti dəmir barmaqlıqlar arxasından, türmə nəzarətçilərinin “üzü divara dayan!” əmrləri altında idarə edəcəkmi?

Bu, gerçəkdən də absurd durum yaradacaq. ABŞ tarixində həbs cəzasına məhkum edilmiş prezident olmayıb.

aner.JPG (60 KB)

Beləliklə, ABŞ siyasi tarixində öz namizədliyini yenidən irəli sürən ilk eks-prezident olan Tramp türmədə otura-otura dövlət başçısı seçilən və özünü əfv edən ilk siyasətçi olacaq. Bu, ABŞ seçicilərinin həyatda nadir hallarda rastlaşdıqları, siyasətdə isə, demək olar ki, heç vaxt qarşılaşmadıqları dilemmadır.

Qanunlar Trampın əleyhinədir. Onun maliyyə sənədlərini saxtalaşdırdığı, Danielsə 2016-cı il prezident seçkiləri ərəfəsində intim münasibətləri barədə danışmaması üçün 130 min dollar ödəməsini gizlətməyə çalışdığı sübuta yetirilib. Üstəlik, məhkəməni izləyən amerikalı televiziya tamaşaçıları Trampın gizlətmək istədiyi obrazını görüb, məlumatlanıblar ki, o, cinayət işləyib, hər üç arvadına xəyanət edib, karyerası boyunca öz məqsədlərinə çatmaq üçün hər cür vasitələrə əl atmaqdan çəkinməyib və s.

Ancaq bu kimi ifşalar Trampı amerikalı seçicilərin gözündən salırmı? Budur məsələ. Deyəsən, seçicilər onun ritorikasına, qeyri-adi siyasətçi olmasına, iddialılığına, mübarizliyinə vurulublar və hesab edirlər ki, onun xırda-xuruş qəbahətlərini bağışlamaq olar.

Eks-prezidentin əleyhdarları indi bütün bunları noyabra qədər, hətta ondan sonra da danışacaqlar.

stormi.jpg (3.44 MB)

Bir məsələ də var ki, Tramp bir pornoaktrisanın ifadələri ilə mühakimə olunur və əxlaqsızlıqda ittiham edilir. Bu qadın hələ 2016-cı ildə prezident olmaq istəyən Trampı uzun illərdən sonra bir dəfə şantaj edib, pul alıb, amma yenə onun üzünə durub. Dünyanın bir çox yerində olduğu kimi, ABŞ-də də pornoaktisalara, fahişələrə mühafizəkar yanaşma var və belələrinin əliylə şərlənənlərə və ya mühakimə olunanlara istər-istəməz rəğbət oyanır.

koen.jpg (23 KB)

Bu iş üzrə əsas şahid Trampın vəkili Maykl Koendir. O, bir dəfə “şef”inə görə “güllə qarşısında durmağa” hazır olduğuna dair and içib, amma sonradan özü vergi fırıldaqlarına görə “ilişəndə” öz cəzasını azaltmaq üçün “şef”inin əleyhinə ifadə verib. Bu adam da Trampla müqayəsdə daha antipatik birisidir.

ABŞ seçiciləri əmindirlər ki, əksər siyasətçilər onların kirli keçmişləri barədə danışan şantajçılara pul ödəyirlər. Amma onlardan heç biri mühakimə olunmur, yalnız Tramp mühakimə olunur. Hamı onu da bilir ki, Tramp yenidən prezidentliyə namizəd olmasaydı, bu məhkəmə-mühakimə söhbətləri ortaya çıxmayacaqdı.

Deməli, Trampın mühakiməsi siyasi motivlidir. Məhz bu gerçək Trampı seçicilərin gözündə sevimli edir. Kütləvi tədbirlərdə tez-tez sözünü bilməyən, yanlış hərəkətlərə yola verən və bu zaman ağlı zəifləmiş biri kimi görünən Baydenlə müqayisədə onun yenidən seçilmək şansı gündən-günə artır.

Araz Altaylı, Musavat.com

09.06.2024 09:14
1956