ABŞ-də daşqın iki nəfərin həyatına son qoydu, yüzlərlə insan evsiz qalıb

Nyu-Meksiko ştatının Rosvel şəhəri, həftəsonu baş verən güclü yağışlardan sonra tədricən özünə gəlir.

Musavat.com xəbər verir ki, yağan yağışlar genişmiqyaslı daşqına səbəb olub, nəticədə azı iki nəfər həlak olub və yüzlərlə sakin evlərinin damlarına sığınmağa məcbur qalıb.

Rosvel şəhərində orta hesabla ildə 30 santimetrdən çox yağıntı qeydə alınmır. Lakin sinoptiklər bu dəfə qeyri-adi təbiət hadisəsini Arizona üzərində dayanan siklonla izah ediblər. Meteoroloq Cennifer Şumeyk bildirib ki, Nyu-Meksikonun şərq hissəsi üzərində rütubət toplanırdı və siklon yerini dəyişmədiyi üçün leysan yağışlarına səbəb olub.

Nyu-Meksiko Milli Qvardiyası tərəfindən 300-dən çox insan xilas edilib, onlardan 38-i müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Polis bildirib ki, iki nəfər qəfil başlayan sel nəticəsində həyatını itirib.

Daşqın nəticəsində şəhərin mərkəzi də su altında qalıb.

Baş verən fəlakətlə əlaqədar Nyu-Meksiko ştatının qubernatoru Mişel Luhan-Qrişam fövqəladə vəziyyət elan edib və zərərçəkənlərə yardım göstərilməsi üçün ştat büdcəsindən 1 milyon dollar vəsait ayırıb.

Musavat.com

22.10.2024 19:01
306