Ukrayna savaşı yeni mərhələyə doğru yönəldilib. İndi bu savaşın hansı nəticələr verə biləcəyi kifayət qədər ciddi suallar doğurmağa başlayıb. Hər halda, Ukrayna savaşının gələcək inkişaf istiqamətləri barədə çoxsaylı ehtimallar mövcuddur. Və bu ehtimalların heç birisində hələlik sülh variantına yer verilmir.
Məsələ ondadır ki, rəsmi Kiyev Rusiya ilə Ukrayna üçün daha sərfəli sülh şansını əldən verib. Belə ki, iki dəfə Türkiyənin vasitəçiliyi sayəsində Ukrayna Rusiya ilə savaşdan ən az itkilərlə çıxmaq imkanları qazanıb. Ancaq İstanbulda başladılmış hər iki sülh prosesi ABŞ və Qərbin kobud müdaxiləsi nəticəsində pozulub. Və Qərb Ukraynaya sülh sazişi imzalamaq şansı tanımayıb.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ukrayna savaşının Rusiya ilə beynəlxalq qarşıdurmada əsas hədəflərinə çatıncaya qədər davam etməsində israrlıdır. Qərbdə Rusiyanın beynəlxalq hegemonluq niyyətindən imtina edib, öz sərhədləri daxilinə çəkilməsini istəyirlər. Halbuki, Ukrayna savaşı ətrafında yaranmış indiki situasiya ABŞ və Qərbin bu hədəfinin hələlik reallıqdan uzaq olduğunu göstərir. Və ona görə də, Qərb indi Ukrayna savaşında daha bir mərhələ adlamaq qərarına gəlib.
Maraqlıdır ki, ABŞ və Qərb Ukraynaya Rusiyanın NATO silahları ilə vurulmasına icazə verib. Belə ki, Rusiyanın daxildən dağıdılmasına yönəlik ssenarilər fərqli variantda ön plana keçirilib. Halbuki, Qərbdə bu variantın Ukrayna savaşının daha geniş areala yayılaraq, qlobal savaşa çevrilməsinə səbəb olacağını düşünənlər də var. Onların fikrincə, Ukraynaya, arsenalında altı mindən çox nüvə başlığı olan Rusiyanın dərinliklərinə zərbə icazəsi verilməsi dünyanı dəhşətli fəlakətə sürükləmək anlamı daşıyır.
Ona görə də, rəsmi Kiyev bu icazəni reallaşdırsa belə, Ukraynanın hərbi qələbəsi real görünmür. Əslində, ABŞ və Qərb üçün Ukrayna və bu dövlətin qələbəsi elə bir ciddi müzakirə mövzusu deyil. Hətta Qərbdə Ukraynanın gələcək taleyi də kimsəni qətiyyən narahat etmir. ABŞ və Qərb üçün prinsipial əhəmiyyət daşıyan yalnız bir hədəf mövcuddur. Yəni, Rusiya nəyin bahasına olursa-olsun, mütləq məğlub edilərək, öz sərhədləri daxilinə sıxışdırılmalıdır. Və hətta sonrakı mərhələdə Rusiyanın parçalanaraq, sıradan çıxarılması planları da olmamış deyil.
Ancaq Ukrayna istənilən halda, Rusiya ilə savaşdan məğlub ölkə kimi çıxmağa məhkum edilmiş kimi görünür. Yəni, Ukraynaya sadəcə, ABŞ və Qərbin Rusiya ilə savaşında "proxy alət" rolu ayrılıb. Ukrayna bu rolunu gücü çatdığı qədər oynadıqdan sonra bu ölkəyə Qərbin geopolitik anlamda elə bir ciddi ehtiyacı qalmayacaq. Və Qərbdə Ukraynanın gələcək taleyi ilə bağlı gündəmə gətirilən pessimist ehtimallar da bunu təsdiqləyir.
NATO-nun baş katibi Yens Stoltenberq isə bir müddət öncə Ukraynanın mövcudluğunu ciddi şübhə altına alan mövqedən çıxış etmişdi. O, bildirmişdi ki, Rusiya ilə müharibə bitdikdən sonra Ukraynanı bərpa etməyə elə bir ciddi ehtiyac olmayacaq. Və bu, hazırda rəsmi Kiyevə yalnız vədlər verən Qərb siyasi dairələrinin Ukrayna adlı dövləti artıq hesabdan sildiklərini sezdirir.
Böyük ehtimalla Ukraynanın infrastrukturunun darmadağın edilməsi, ümumiyyətlə, bu ölkənin yenidən bərpasına yüzmilyardlarla dollar vəsaitə ehtiyac olacağı Qərbi belə nəhəng xərclərdən yayınmağa sövq edir. Bəzi Qərb dövlətləri əslində, Ukrayna savaşının maliyyələşdirilməsində belə, qətiyyən maraqlı deyillər. Savaşdan sonra həmin ölkələrin Ukraynaya fantastik məbləğlər xərcləməyə razılaşacaqları qətiyyən inandırıcı görünmür. Və bu, Ukrayna dövlətçiliyinin böyük təhlükə qarşısında olduğunu təsdiqləyir.
Digər tərəfdən, ABŞ və Qərbin Rusiya ilə savaş bitdikdən sonra Ukraynaya silah tədarükü üçün xərclədikləri vəsaitlərin geri qaytarılmasına çalışacaqları da şübhə doğurmur. Hər halda, Ukrayna savaşına xərclənən vəsaitlərin bu ölkənin hesabına borc olaraq yazıldığı da Qərb siyasi dairələri tərəfindən etiraf edilməkdədir. Və həmin ölkələrdən bəziləri Ukraynanın həmin borcları müxtəlif variantlarda ödəməsinin vacibliyini artıq indidən gündəmə gətirməyə başlayıblar.
ABŞ-da Bayden administrasiyasına müxtəlif siyasi-ictimai dairələr rəsmi Kiyevə ayrılan vəsaitlərin geri qaytarılması üçün Ukraynanın təbii sərvətlərinin uzunmüddətli istismar hüquqlarının alınmasını tələb edirlər. Onların fikrincə, Ukrayna öz borclarını ödəyənə qədər bu ölkənin təbii sərvətləri Qərb şirkətlərinin istifadəsinə verilməlidir. Əks halda, Ukrayna öz borclarını heç vaxt ödəyə bilməz.
Maraqlıdır ki, bu məsələ ilə bağlı növbəti iddia ABŞ-ın keçmiş prezidenti, hazırda həmin post uğrunda Ağ Ev sahibi Co Bayden ilə yarışan Donald Trampın oğlu tərəfindən irəli sürülüb. Kiçik Donald Tramp bildirib ki, Qərbdə bir çox investorlar Rusiya ilə savaş bitdikdən sonra Ukraynanın kənd təsərrüfatı sektorunu ələ keçirtmək barədə düşünürlər. Və onun fikrincə, ukraynalıların buna müqavimət göstərmək imkanları isə demək olar ki, mövcud deyil.
Oğul Trampın iddiasına görə, Ukrayna kənd təsərrüfatı sektorunda Qərb investorları miqrantları işlətməli olacaqlar: "Çünki ukraynalılar yer üzündən silinəcəklər. Ukraynada hərbi qələbəni necə təsəvvür edirsiniz? Bu savaş hələlik ukraynalıların və rusların bir-birini qırması ilə davam edir. Belə davam edərsə, tezliklə ukraynalılar ümumiyyətlə, yer üzündən silinib, yox olacaqlar. Bundan sonra isə nəhəng Qərb investorları Ukraynaya gələrək, bu ölkənin kənd təsərrüfatı sektorunu və bütün təbii sərvətlərini ələ keçirəcəklər. Mən artıq buna qətiyyən şübhə etmirəm".
Maraqlıdır ki, ABŞ mətbuatı rəsmi Kiyevin Ukraynanın münbit torpaqlarını artıq xarici investorlara satmağa başladığı barədə məlumatlar yaymaqdadır. Həmin məlumatlara görə, Qərb investorları Ukraynaya üçüncü dünya ölkələrindən ucuz işçi qüvvəsi gətirəcəklər. Təxminən 40-50 ildən sonra həm Ukrayna dövləti, həm də ukraynalılar ümumiyyətlə, mövcud olmayacaq. Və bu, Qərbin Ukraynanı öz maraqları üçün xərcləməkdə olduğu anlamı daşıyır.
Təbii ki, bütün bu məlumatların ABŞ mətbuatında yayılması, eyni zamanda qorxunc iddiaların məhz Ağ Evə yenidən sahiblənmək uğrunda mübarizə aparan keçmiş prezident Donald Trampın oğlu tərəfindən gündəmə gətirilməsi ciddi narahatlıq qaynağıdır. Çünki prezident seçiləcəyi təqdirdə, Ukrayna savaşını qısa müddətdə dayandırmağı vəd edən ata Trampın oğul Trampdan fərqli düşünmə ehtimalı olduqca zəifdir. Və bu baxımdan, Donald Trampın prezident seçkiləri ərəfəsində öz oğlu vasitəsilə Ukrayna faciəsi barədə xəbərdarlıq mesajı verdiyini də düşünmək olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu