Cənubi Qafqazda regional sülh prosesi uzun müddətdən bəridir ki, böhranlı situasiya ilə üzləşib. Hər halda, "sülh masası"nda durğunluq yaşanır. Halbuki, Cənubi Qafqazda geopolitik maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinin kobud müdaxiləsi olmasaydı, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi artıq çoxdan imzalanmış da ola bilərdi. Və Fransanın patronajlığı altında olan bəzi Avropa Birliyinin törəmə qurumları buna açıq-aşkar əngəl törətməkdə davam edirlər.
Ona görə də, son dövrlərdə sülh sazişinin imzalanmasından nə qədər çox danışılırsa, danışıqlar prosesi də bir o qədər pozitiv sonluqdan uzaqlaşmış olur. Çünki Fransa və onun beynəlxalq "siyasi peyk"ləri Ermənistanı silahlandıraraq, revanş niyyətinə cəsarətləndirir. Bu səbəbdən də, həm rəsmi İrəvanın, həm də Ermənistanın beynəlxalq himayədarlarının sülhə yönəlik mövqeləri siyasi manipulyasiyalardan uzağa getmir. Və bu baxımdan, uzun müddətdən bəri yüksək səviyyədə görüşlərin baş tutmaması da qətiyyən gözlənilməz xarakter daşımır.
Təbii ki, Münhen Təhlükəsizlik Konfransında baş verənlər müəyyən mənada, istisna təşkil edir. Çünki məhz Münhendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti dəfə yüksək səviyyədə görüş baş tutub. Almaniya kansleri bu görüşü anlaşmaya uyğun olaraq, qısa müddət ərzində tərk etdiyi üçün müzakirələr rəsmi Bakının istədiyi formatda - ikitərəfli modeldə aparılıb. Və bu, sülh prosesini kənar müdaxilələrdən yayındırmağa üstünlük verən Azərbaycanın olduqca önəmli siyasi-diplomatik uğurudur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhen görüşünə dünyanın önəmli dövlət və beynəlxalq qurumlarının liderlərinin müraciətləri ilə baş tutmuş ikitərəfli əməkdaşlıq müzakirələrindən sonra qatılmışdı. Fransa və onun "siyasi peyklər"indən başqa heç kimə lazım olmayan Ermənistanın baş naziri Nikol Paşinyan isə yalnız israrlı xahişlər sayəsində çox məhdud çərçivədə görüşlər keçirə bilmişdi. Və həmin azsaylı görüşlərdə də erməni baş nazir Ermənistanın xarici əməkdaşlıq imkanlarını genişləndirməyə cəhd göstərmək əvəzinə yalnız Azərbaycandan şikayət etməklə, kifayətlənməli olmuşdu.
Düzdür, Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşündə sülh sazişinin mətninin hazırlanması məqsədilə ikitərəfli təmasların davam etdirilməsi barədə anlaşma əldə olunub. Ancaq rəsmi İrəvanın sülh prosesi ətrafında siyasi manipulyasiyaları davam etdirəcəyi də qətiyyən şübhə doğurmur. Çünki Ermənistan baş naziri Nikol Paşinyan mövqeyini tez-tez dəyişən sürüşkən siyasətçi olduğunu artıq birmənalı şəkildə təsdiqləyib. Onun açıqlamaları və davranışları arasında kəskin ziddiyyətlər artıq adi hala çevrilib.
Məsələ ondadır ki, erməni baş nazir bir müddət öncə Ermənistan konstitusiyasında yer alan bəzi müddəaların sülh sazişinin imzalanmasına əngəl törətdiyini bəyanlanışdı. Ancaq indi baş nazir Nikol Paşinyan iddia edir ki, bu məsələ ilə bağlı rəsmi Bakının tələbləri Ermənistanın daxili işlərinə qarışmaqdır. Halbuki, hər hansı dövlətin qanunvericiliyində qonşu dövlətə qarşı ərazi iddiaları mövcuddursa, bu həmin ölkənin daxili işi hesab edilə bilməz. Və bu, erməni baş nazirin sülh prosesini dalana salmaq cəhdindən başqa bir şey deyil.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan qoşunların bugünkü mövqelərindən geri çəkilmələri üçün Ermənistan və Azərbaycan sərhədini xəritədə və yerdə əks etdirmək lazım olduğunu vurğulayır. Onun fikrincə, bunun üçün ilk addım məhz qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ola bilər. Yəni, erməni baş nazir mübahisəli gündəm yaratmaqla, əslində, sülh prosesini əngəlləmək niyyəti güdür.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan sərhədlərini delimitasiya etmək üçün istifadə olunacaq xəritələr belə, razılaşdırılmayıb. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında sərhədlər hələlik şərti xarakter daşıyır. Bu baxımdan, erməni baş nazirin qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsi ilə bağlı təklifi məntiqsiz və absurddur. Ümumiyyətlə, rəsmi İrəvanın yekun sülh sazişi və sərhədlərin delimitasiya prosesini paralelləşdirmək cəhdi məkrli mövqe olmaqla yanaşı, həm də sülh prosesindən uzaqlaşmaq məqsədi güdür.
Bütün bunları nəzərə aldıqda, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin Cənubi Qafqazda sülh prosesini dəstəklədiklərini bəyan etmələri indiki situasiyada effektiv yanaşmadan uzaqdır. Çünki həmin beynəlxalq siyasi iradə mərkəzləri əgər, doğrudan da bu regionda sülhü dəstəkləyirlərsə, onda deməli, ilk növbədə konstruktiv mövqe tutmağa məcbur qalması üçün Ermənistana təzyiq göstərməlidirlər. Əks halda, NATO baş katibinin xüsusi nümayəndəsi Havyer Kolominanın "Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin tezliklə imzalanmasına hər cür dəstək verməyə hazırıq" kimi açıqlamalar ən yaxşı halda, "növbətçi bəyanat" xarakteri daşıyacaq və müsbət nəticələrdən uzaq qalacaq.
Əsl həqiqət isə tamamilə fərqli məzmun daşıyır. Belə ki, Ermənistan açıq-aşkar sülh prosesindən uzaqlaşmağa və revanş almaq üçün yeni müharibəyə hazırlaşmağa çalışır. Rəsmi İrəvan bu məsələdə Fransadan tam dəstək almağa nail olub. Daha doğrusu, rəsmi Paris Ermənistanı Azərbaycana qarşı yeni savaşa sürükləməyə çalışır. Paşinyan hakimiyyəti yeni savaş planlarını məhz Fransanın dəstəyi və təlimatları ilə qurmaqdadır. Halbuki, bu, sülh sazişinə Azərbaycandan daha çox ehtiyacı olan Ermənistan üçün ən təhlükəli və uğursuz variantın seçilməsi anlamına gəlir.
Maraqlıdır ki, bu reallığı hətta erməni mənşəli ABŞ eksperti Artur Martirosyan belə, Ermənistan mətbuatına açıqlamasında birmənalı şəkildə etiraf edib. Onun fikrincə, rəsmi İrəvan Zəngəzur dəhlizini açmaqla, Ermənistanın dövlətçiliyini xilas etmək şansını hələlik saxlayır: "Ancaq bu məsələnin uzadılması və qarşı tərəflə hərbi gərginliyin artırılması böyük təhlükə vəd edir. Çünki rəsmi İrəvan Zəngəzur dəhlizini könüllü açmasa, bunu Azərbaycan ordusu edəcək. Halbuki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini könüllü açsa, üçtərəfli anlaşmaya görə, ona Rusiya nəzarət edəcək. Ancaq bunu Azərbaycan ordusu etsə, onda situasiya dəyişəcək və böyük ehtimalla dəhliz yalnız rəsmi Bakının nəzarətində qalacaq".
Amerikalı erməni ekspert Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətləri korlamaq taktikasından imtina etməyi də məsləhət görüb. Onun fikrincə, Ukrayna savaşından kimin qalib çıxacağını heç kim deyə bilməz: "Ona görə də bütün riskləri nəzərə almaq lazımdır. Əgər, Rusiya Ukrayna savaşından qalib çıxarsa, Kreml rəsmi İrəvanı diz çökdürəcək. Eyni zamanda, Azərbaycana qarşı revanş niyyətindən də dərhal imtina edilməlidir. Çünki yeni savaş başlayarsa, Paşinyan hakimiyyətinə cəsarət verənlər Azərbaycan ordusunun qarşısını alıb, onu dayandıra bilməyəcək. Baş nazir Nikol Paşinyan hətta Jozep Borrelə və yaxud Emmanuel Makrona zəng etməyə belə, imkan tapmayacaq. Hətta belə bir imkan olsa belə, heç kim Ermənistana kömək etməyəcək".
Göründüyü kimi, okeanın o tayından, birbaşa ABŞ-dan, hətta böyük ehtimalla Ağ Evin səhnəarxası təlimatları üzərindən Paşinyan hakimiyyətinə mövcud reallıqları, yanlış siyasətin doğurduğu təhlükələri anlatmağa çalışırlar. Ancaq rəsmi İrəvan hazırda Fransa prezidenti Emmanuel Makrondan başqa heç kimi eşitmək istəmir. Halbuki, Emmanuel Makronun səsi Ermənistanı çıxa bilməyəcəyi "qaranlıq tunelə" çağırır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu