ABŞ Gürcüstanda Seysmik Monitorinq Mərkəzinin maliyyələşdirilməsini qeyri-müəyyən müddətə dayandırıb. Musavat.com xəbər verir ki, məlumatı NewsGeorgia-ya mərkəzin direktoru Tea Qodoladze açıqlayıb.
ABŞ bu ilin yayında Gürcüstana 95 milyon dollardan çox yardımı dayandırdığını elan edib. Qərarın səbəbi kimi “antidemokratik hərəkətlər və Gürcüstan hökumətinin Aİ və NATO-ya üzvlük standartlarına uyğun gəlməyən yalan bəyanatları” göstərilib. Gürcüstan hökuməti hansı yardımların dayandırıldığını bilmədiyini bildirib.
Maliyyələşdirmənin dayandırılmasının təsir etdiyi miqyas və konkret sahələr tədricən bəlli olur. Qodoladze yazır ki, ABŞ artıq 25 ildir ki, Gürcüstan üçün seysmik və geodeziya monitorinqi layihələrini maliyyələşdirir ki, bu da yüksək ixtisaslı mütəxəssislər komandasının yığılmasına və saxlanmasına, bahalı avadanlıqların alınmasına kömək edib: “Biz ən bahalı avadanlığı aldıq, onu dövlətin maliyyəsi ilə almaq mümkün deyildi.
2002-ci ilin məşhur Tiflis zəlzələsi zamanı ölkədə bir dənə də olsun rəqəmsal seysmik stansiya yox idi. Bizim yalnız Tiflis və Axalkalakidə analoq, köhnəlmiş seysmik stansiyalarımız var idi ki, bu da zəlzələnin episentrini müəyyən etməyə belə imkan vermədi”.
Qodoladze qeyd edir ki, ötən illər ərzində Amerikanın köməyi sayəsində vəziyyət dəyişib və hazırda Gürcüstan seysmik mərkəzi dünya seysmik monitorinqinin bir hissəsinə çevrilib.
Mərkəzin elmi qrupuna Gürcüstan üzrə 49 seysmik stansiyanın və 160-a qədər daimi və müvəqqəti geodeziya stansiyalarının monitorinqini aparan 80 əməkdaş daxildir.
Bu ərəfədə Mərkəz seysmik təhlükə xəritələrinin yenilənməsi üzərində işləyir: “Hazırda biz amerikalı tərəfdaşlarımızla illər ərzində qurduğumuz işi xilas etməyin yollarını axtarırıq. Amerikalı həmkarlarımıza və Amerika xalqına Gürcüstana verdikləri dəstəyə görə təşəkkür edirik. Ümid edirik ki, bu müvəqqətidir və vəziyyət geri dönməz dərəcədə dağıdıcı olmayacaq”.
Musavat.com