ABŞ-dan avtomobillərə Çin qadağası: Milli təhlükəsizliyə təhdid...

Amerika Birləşmiş Ştatlarının Ticarət Nazirliyi Amerika magistrallarında internetə qoşulan avtomobillərdə Çin proqram təminatı və avadanlıqlarının istifadəsini qadağan etmək niyyətində olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı açıqlamada məlumat yer alıb.

Nazirlik bu addımını milli təhlükəsiziyin mühafizəsi tələbi ilə əsaslandırır.

Fevral ayında Ağ Evin tapşırığı ilə Pekinin avtomobillərdə quraşdırılmış proqram təminatı vasitəsilə Amerikalı sürücülər və infrastruktur haqqında məlumatların toplanması, eləcə də avtomobil və naviqasiya sisteminin "potensial manipulyasiyası" ilə bağlı apaşdırma aparılıb və narahatlıq doğuran nəticələr aşkarlanıb.

Ticarət Nazirliyinin bu qərarı, demək olar ki, bütün Çin avtomobillərinin Amerika bazarına girişini effektiv şəkildə qadağan edəcək, həmçinin Çin avtomobil istehsalçılarının ABŞ yollarında sürücüsüz avtomobilləri sınaqdan keçirməsinə mane olacaq və Rusiya da daxil olmaqla, digər ölkələrin istehsal etdiyi avtomobil proqram və avadanlıqlarına da şamil edilə bilər. Qərarla 2027-ci ildən proqram təminatına qadağa tətbiq ediləcək, texniki təminat qadağası isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qaydalar kənd təsərrüfatı və dağ-mədən avadanlıqlarına şamil edilməyəcək. Qərarın təsdiqi gələn il yanvarın 20-dək yekunlaşacaq. Mütəxəssislər avtomobillərdə texniki və proqram təminatının dəyişdirilməsinin müəyyən vaxt aparacağını bildiriblər.

Musavat.com

23.09.2024 20:20
521