ABŞ-dan Avstriya bankına sərt xəbərdarlıq: Maliyyə sisteminə giriş dayandırılacaq, əgər...

 

ABŞ Maliyyə Nazirliyi Avstriyanın Raiffeisen Bank International (RBI) bank qrupuna məktub göndərərək, onun Rusiyadakı fəaliyyətini davam etdirməsinin şirkətin ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdıra biləcəyi barədə xəbərdarlıq edib. Musavat.com xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, mayın 6-da ABŞ maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun imzası ilə RBI rəhbərliyinə göndərilən məktubda RBI-nin Rusiyadakı fəaliyyətinin genişləndirilməsi, habelə ABŞ-da Strabag tikinti konsernində payın alınmasına dair sövdələşmə ilə bağlı narahatlıq ifadə olunub. Sənəddə bildirilir ki, bu addımlar Bankın ABŞ Xəzinədarlığına Rusiyadakı fəaliyyətini dayandırmağa çalışdığına dair verilən təminatlarla ziddiyyət təşkil edir və Xəzinədarlığın RBI-nin ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görməli olacağı riskini artırır.

Agentliyə məktubu şərh edən adı açıqlanmayan RBI nümayəndəsi şirkətin Strabag sövdələşməsindən imtina etdiyini və artıq oxşar hərəkətlər etmədiyini vurğulayıb. O, həmçinin RBI-nin Rusiyadakı fəaliyyətini “əhəmiyyətli dərəcədə azaltdığını” xatırladıb və şirkətin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə əmin edib.

2023-cü ilin dekabrında RBI elan edib ki, Rusiyalı oliqarx, sanksiya altında olan Oleq Deripaskanın nəzarətində olan “Rasperia Trading Limited” şirkətinin Strabag tikinti konsernindəki payını 1,51 milyard avroya satın alacaq. Lakin ABŞ Maliyyə Nazirliyi bu alqı-satqı zamanı Deripaskaya məxsus 1,5 milyard avroluq dondurulmuş aktivlərin sanksiya altından çıxarılacağını aşkarladı və qarşısını aldı.

Raiffeisenbank 1996-cı ildən Rusiyada fəaliyyət göstərir və Avstriyanın ən böyük bank qruplarından biri olan RBI-nin bir hissəsidir. Bank Rusiya kredit təşkilatları arasında aktivlərin həcminə görə 10-cu yerdədir.

 

Musavat.com

15.05.2024 13:30
644