ABŞ-da statistik məlumatların dərcindən sonra neft qiymətləri yüksəlib

Dünya bazarında neft 0,5 %-dən çox bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,52 % bahalaşaraq 72,89 ABŞ dollarına satılıb. "WTI" markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,5 % artaraq 1 bareli 68,03 ABŞ dolları təşkil edib.

Birjalar ABŞ iqtisadiyyatı ilə bağlı ötən gün açıqlanan statistikanı qiymətləndirir. Belə ki, ABŞ-da iyun ayında istehlakçı inamı indeksi gözlənilmədən bir ay əvvəlki 102,5 bənddən 109,7 bəndədək yüksələrək 2022-ci ilin yanvarından sonra maksimum səviyyəyə çatıb. Analitiklər isə artımın 104 bəndi ilə məhdudlaşacağını gözləyirdilər. Bununla yanaşı, ekspertlər azalma proqnozlaşdırsa da, may ayında ölkədə yeni evlərin satışı aprel ayı ilə müqayisədə 12,2 % artaraq 763 minə çatıb.

Treyderlər ABŞ-da neft ehtiyatları ilə bağlı rəsmi statistikanın açıqlanmasını gözləyirlər.

28.06.2023 16:52
484