ABŞ-da seçkilər və Azərbaycanın maraqları: Tramp yoxsa Harris?

 

Hazırda Amerika kimi böyük bir ölkənin vətəndaşları dövlətin qüsurlu siyasi sistemi ucbatından prezidentliyə çox da layiq olmayan 2 şəxsdən birini seçməyə məhkum ediliblər.
Yəni, dolayısı ilə 2 pisdən birini, hərə öz düşüncəsinə görə daha az pis olanını seçməyə məcburdur.
Mən şəxsən bu cür durumlarda ilk öncə Azərbaycanın maraqlarını, daha sonra Türk Dünyasının maraqlarını diqqətə alaraq seçimimi edirəm.

c.jpeg (124 KB)

Mənə görə Azərbaycanın və Türk Dünyasının maraqlarına tam olmasa da, müqayisədə nisbətən Tramp daha uyğundur. Niyə?

Amerikada uzun illərdir Amerikanın erməni kökənli əhalisi Demokrat Partiyasını, bu seçkidə isə konkret olaraq Harrisi birmənalı olaraq dəstəkləyirlər.
Bundan əlavə pkk-lılar və pkk simpatizanları başda olmaqla Amerikada yaşayan kürdlər üçün Demokrat Partiyası və Harris ən sevimli seçimdir.
Eyni zamanda əlləri Türk millətinin özəlliklə hərbçi kökənli bir çox şərəfli övladlarının qanına bulaşan fetö mənsubları da Demokrat Partiyasını və onun namizədini dəstəkləyirlər.
Qeyd etdiyim dəstəklər sadəcə seçkidə gedib səs verməklə yekunlaşmır, burda söhbət həm də çox yüklü miqdarda maddi dəstəklərdən - ianələrdən gedir.
Bundan əlavə Bayden-Kamala cütlüyünün 1915 köç olayı ilə bağlı "soyqırım" ifadəsini işlədən ilk və tək prezident- vitse prezident ikilisi olduğunu da unutmamalıyıq.

Demokratlarla Respublikaçılar arasında ABŞ-da onları dəstəkləyənlər  arasında nə fərq var - ForumDaily

Azərbaycanda xalqla dialoq əvəzinə "Kamalanın onları hakimiyyətə gətirəcəyi" xəyallarını quranların ermənilərə simpatiyasını hər zaman açıq şəkildə ifadə edən bu zatın rəsmi Bakını "Qarabağ ermənilərinə" qarşı etnik təmizləmə siyasəti aparmaqla suçlamasını, ermənilərə onları Qarabağa qaytarmaq üçün çalışacağını vəd etməsini görməzdən gəlmələri də ikrah doğurur.
Düzdür, Tramp da guya öz aləmində Kamalanın əlini zəiflətmək məqsədi ilə ermənilərlə bağlı uğursuz açıqlama verdi, amma əminəm ki, bu sadəcə söz xətrinə deyilmiş söz yığnağından başqa bir şey deyil.
Yəni, Trampın və Respublikaçılarınkı siyasət naminə deyilən sözlərdir, Bayden-Harris ikilisinin və Demokratlarınkı isə faktiki əməllər.

Bayden ikinci dəfə prezident olmaq istəyir

Azərbaycan öz haqqını əsasən 44 günlük savaşla məhz Trampın hakimiyyəti dövründə əldə etməyə nail oldu. Həmin vaxt rəsmi Vaşinqton demək olar ki, seyrçi mövqe tutdu və bu da bizim çox işimizə yaradı.
Baydenin vaxtındakı antiterror əməliyyatımız vaxtı isə cəmisi 23 saat ərzində Amerikadan təzyiq mahiyyətli bəyanatlar və zənglər dalbadal gəldi və əməliyyatın uzanacağı təqdirdə daha sərt və real addımların da şahidi olacaqdıq.

Azərbaycan cəmiyyətinin daha çox liberal kəsimi və müxalifətin bir hissəsi Trampı "Putinin adamı" adlandırmaq kimi gülünc iddialarla çıxış edir və Trampın yenidən seçiləcəyi təqdirdə Ukrayna məsələsinin Rusiyanın xeyrinə sonuclanacağını iddia edirlər.

ABŞ mətbuatı Trampı “atəş”ə tutdu: » Gundeminfo.az

Birincisi, Amerika kimi nəhəng bir ölkənin rəhbəri olmuş və yenidən olmağa iddialı bir şəxsi hansısa KQB agentinin adamı adlandırmaq ağıl tutulmasıdır və eyni zamanda sevdalısı olduqları Amerikanı aşağılamaqdır;

İkincisi, Rusiya Ukraynanın ayrılmaz hissəsi olan Krımı Trampın və ya başqa bir Respublikaçının hakimiyyəti dönəmində yox, məhz Demokrat Partiyasının hakimiyyəti dönəmində, yəni Obamanın prezident, Baydenin vitse-prezident olduğu dövrdə işğal etdi və o günün rəsmi Vaşinqtonu bu işğalı önləmək üçün quru qınamadan o yana keçən heç bir real addım atmadı.

Eyni zamanda yenə də Ukraynanın geniş çaplı işğalı Demokrat Partiyasının, yəni Baydenin prezident, Kamala Harrisin vitse-prezident olduğu dönəmdə baş verdi və bu məşhur ikili Ukrayna kimi gözəl insanların ölkəsini Rusiya kimi bir əjdahanın ağzına atdılar.

Təsəvvür edin, adamlar Ukraynanı yüz illərlə borclandıraraq özlərindən asılı vəziyyətə düşürəcək miqdarda "yardımlar" və silahlar verirlər, amma deyirlər ki, bu silahlarla Rusiyanı vura bilməzsən, haa!
Yəni əzizlərim, Ukrayna məsələsi təəssüf ki, artıq "həll olunub" ; lap əvvəldən danışılıb, razılaşdırılıb, planlaşdırıldığı üzrə... Çox keçmiş olsun!

Trampın prezidentliyi dövründə Rusiya heç bir yerdə bir qarış belə olsun torpaq işğal edə bilmədi. İndi məntiqlə kim(lər)dir rusun adamı???

Üçüncüsü, hətta bu sərsəm iddiaları gerçək olaraq qəbul etsək belə, mənim ölkəmin adı Ukrayna deyil, AZƏRBAYCANDIR və mənim üçün öncəlikli olan Ukraynanın və ya başqa hansısa ölkənin deyil, Azərbaycanın milli maraqlarıdır.

Ukraynanın haqlı mücadiləsini dəstəkləyir və rus işğalını pisləyirik, amma mövzu öz milli və dövlət maraqlarımız olanda əlbəttə ki, öncəliyi Azərbaycana verməliyik və veririk.

Necə ki, Ukrayna heç bir zaman Azərbaycanın maraqlarını öz maraqlarından daha ön plana çıxarmayıb.
Qısacası, şəxsən mən Amerikada yaşayan biri olaraq ermənilərin, pkk-lıların, fetö-çülərin və digər Türk düşmənlərinin dəstəklədikləri namizədi dəstəkləmərəm - buna mənim VİCDANIM və TÜRKLÜYÜM yol verməz.

P. S. Mən inanıram ki, Tramp yenidən seçilərsə, dünyada müharibələr, qan-qada olmayacaq, ölkələr arasındakı rəqabət hərbi müstəvidən iqtisadi-ticari müstəviyə keçəcək.

Zaur Bayramlı, xüsusi olaraq Musavat.com üçün

30.10.2024 18:19
945