ABŞ-ın Florida ştatında anti-müstəmləkəçi, irqçiliyə qarşı mövqeləri müdafiə edən dörd amerikalının məhkəməsi başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar Rusiya hökumətinin qeydiyyatdan keçməmiş agentləri kimi fəaliyyət göstərməkdə və buna digər amerikalıları cəlb etməyə çalışmaqda ittiham olunurlar.
Dörd Amerika vətəndaşı Afrika Xalq Sosialist Partiyasının üzvüdür, onlardan üçü həm də bütün dünyada yaşayan afrikalıların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən “Uguru” hərəkatında iştirak edir.
İttihama görə, partiya lideri Omali Yeşitela və digər üç əməkdaş səkkiz il ərzində Rusiya vətəndaşı, Rusiya Antiqlobalist Hərəkatının rəhbəri Aleksandr İonovla əməkdaşlıq ediblər.
Bu təşkilatın mənzil-qərargahı Moskvada yerləşirdi və Rusiya hökuməti tərəfindən maliyyələşdirilib. İonov, öz növbəsində, Rusiya federal Təhlükəsizlik Xidmətinin iki zabiti, Aleksey Suxodolov və Yeqor Popovun göstərişlərini icra edib.
Prokurorluğun məlumatına görə, Yeşitela 2015-ci ildə Moskvaya səfər edib. Səfərlər İonov tərəfindən ödənildi. Sonradan onun qrupu FTX-nın göstərişi ilə ABŞ-da aksiyalar keçirməyə başlayıb.
Musavat.com