ABŞ-da "prezidentsiz dövlət" modeli necə sınaqdan keçirildi: Amerikalı milyarder "dərin güclər"in qaranlıq planlarına eyham vurdu

Bəzi iddialara görə, prezident Co Bayden kimi siyasi idarəetmə prinsiplərinə uyğun olmayan şəxsin Ağ Evə yerləşdirilməsi ABŞ-a qarşı planlı şəkildə reallaşdırılan ssenarinin tərkib hissəsidir... Onların fikrincə, bəzi səhnəarxası "dərin güclər" prezident Co Baydenin sayəsində özlərinin qaranlıq niyyətlərini və planlarını reallaşdırmağa artıq nail olublar...

Dünyanın gözü okeanın o tayına dikilib. İndi əksər Qərb ölkələrində ABŞ-da cərəyan edən daxili siyasi prosesləri əsas müzakirə mövzusuna çevrilib. Qərb siyasi dairələri Ağ Ev uğrunda siyasi mübarizənin indiki inkişaf istiqamətlərindən ciddi şəkildə narahatdırlar. Və situasiyanın sürətlə dəyişdirilməsinə yönəlik qətiyyətli addımların atılmasına ümid bəsləyirlər.

Məsələ ondadır ki, Qərb siyasi dairələri prezidentliyə namizəd Donald Trampın özünü Ağ Evin yeni sahibi kimi aparmasının yaxınlaşan böyük təhlükənin ilkin əlaməti kimi qəbul edirlər. Onların fikrincə, Donald Trampın prezident seçilmədən öncə ABŞ-ın xarici siyasət prioritetlərinə birbaşa təsir göstərməyə çalışması yolverilməzdir. Və bu, həm də ABŞ-da ikihakimiyyətlilik, hətta ümumiyyətlə, hakimiyyətsizlik kimi qəbul edilir.

_methode_times_prod_web_bin_81375bee-0084-4f42-bebe-85a6035330f6.png (37 KB)

Onu da qeyd etmək lazımdır ki, belə ağır siyasi böhranın yaranmasında Bayden administrasiyasının dünyada və ölkədə gedən proseslərə nəzarəti itirməsi də xüsusi rol oynayır. Üstəlik, prezident Co Baydenin şəxsi sağlıq durumu ABŞ-da seçkiqabağı siyasi böhranı stimullaşdıran əsas faktorlardan biri hesab olunur. Və bu problemin həlli zaman keçdikcə daha da çətinləşir.

Maraqlıdır ki, Ağ Evə bağlı rəsmi dairələr etiraf etmək istəməsələr də, ABŞ-da hakimiyyət böhranı nəinki mövcuddur, hətta Tramp-Bayden teledebatından sonra daha da dərinləşib. Çünki məhz həmin teledebatdan sonra bütün dünya Donald Trampın seçki qələbəsinin qaçılmaz olduğuna əmin oldu. Və üstəlik, prezident Co Baydenin şəxsi sağlıq durumu tamamilə üzə çıxdı.

İndi hətta ABŞ demokratları belə, prezident Co Baydenin növbəti seçkilərdə iştirakının effektiv ola biləcəyinə ciddi şübhə edirlər. Onların qənaəti belədir ki, prezident Co Bayden özünü idarə etməkdə çətinlik çəkir. Ağ Ev sahibinin uğurlu seçki kampaniyası apara biləcəyi qətiyyən inandırıcı deyil. Və o, böyük ehtimalla növbəti prezident seçkilərində Ağ Evin keçmiş sahibi Donald Trampla mübarizəni uduzacaq.

Nə qədər qəribə də olsa, prezident Co Bayden son vaxtlar öz davranışları ilə demokratların narahatlığına haqq qazandırır. Belə ki, Ağ Ev sahibinin son açıqlaması həm tərəfdarlarını, həm də bütün müşahidəçiləri şoka salıb. Çünki hətta özünün kim olduğunu belə, tam dəqiqliyi ilə ifadə etməkdə çətinlik çəkir.  Bunu Ağ Ev sahibinin "Mən Co Baydenəm, ABŞ prezidenti Co Baydenin arvadıyam" deməsi də təsdiqləyir.

biden-prezident-inad.JPG (94 KB)

Onu da qeyd etmək lazımdır ki, hakimiyyətdə olan ABŞ demokratları hazırda olduqca çətin seçim qarşısında qalıblar. Çünki əsasən iki variantdan birini seçmək məcburiyyətindədirlər. Birinci variant ondan ibarətdir ki, prezident Co Baydenin seçkilərdə iştirakından imtina oluna bilər. Ancaq bunun reallığa çevrilməsi o qədər də asan deyil. Çünki seçkilərin keçiriləcəyi günə o qədər də çox vaxt qalıb. Və belə qısa zaman içərisində yeni prezidentliyə namizədin müəyyən edilməsi, onun təbliğat kampaniyasının qurulması çox qəliz məsələdir.

Digər tərəfdən, prezident Co Baydenin özü də seçkilərdə iştirakdan imtina etməyə qarşı çıxır. Prezident seçkilərində iştirak edəcəyini və qalib gələcəyini vurğulayır. Belə vəziyyətdə prezident Co Baydenin namizədlikdən məhrum edilməsi üçün onun Demokratlar Partiyasının sıralarından xaric edilməsindən başqa çıxış yolu qalmır. Və bu da müəyyən siyasi-inzibati prosedurlara bağlı olmaqla, əlavə zaman tələb edir.

İkinci varianta gəldikdə isə, bu, prezident Co Baydenin seçkilərdə iştirakına dəstək verməklə məğlubiyyətlə və hakimiyyətin itirilməsi ilə elə əvvəlcədən barışmaqdan ibarətdir. Belə situasiya demokratlar üçün çıxılmaz siyasi labirint xarakteri daşıyır. Hələlik mövcud situasiyanın nizamlanması istiqamətində müəyyən addımların atılmasına başlandığı müşahidə olunur. Və prezident Co Baydenin ardıcıl olaraq, bir neçə tibbi testdən keçirilməsinə qərar verilib.

Maraqlıdır ki, ABŞ-ın siyasi və biznes dairələri prezident Co Baydenin seçki prosesindən kənarlaşdırılmasını yeganə çıxış yolu hesab edirlər. Onların fikrincə, yaddaşı gedib-gələn, sağlıq durumu açıq-aşkar ölkənin idarə edilməsinə uyğun olmayan bir şəxsin ABŞ kimi superdövlətə prezidentlik etməsi bütün dünya üçün real təhlükə qaynağıdır. Və ABŞ-ın ən qısa zamanda bu təhlükəli durumu dəyişməsi olduqca vacibdir.

202424JeromeRoos-314x235.jpg (39 KB)

Dünyaca ünlü amerikalı milyarder İlon Mask prezident Co Baydenin sağlamlıq durumundan narahat olanları qınayıb. Onun fikrincə, mövcud siyasi problemlər sadəcə, indi ortaya çıxmayıb. Əksinə, Co Bayden sonuncu prezident seçkilərində qalib gələndə belə, bu problemlər mövcud idi. Ona görə də, amerikalı milyarder vurğulayıb ki, ABŞ son 4 il ərzində prezidentsiz idarə olunub və hazırda ölkənin dövlət başçısı demək olar ki, mövcud deyil.

Göründüyü kimi, ABŞ-da prezident Co Baydenin dövləti idarə etmək qabiliyyəti tibbi baxımdan, ciddi müzakirə və mübahisə mövzusudur. Hətta ironik şəkildə ABŞ-a ümumiyyətlə, prezidentin lazım olmadığı barədə də iddialar ortaya atılmağa başlayıb. Bu iddiaların müəllifləri prezident Co Baydenin idarəçiliyindən sonra ABŞ-ın dövlət başçısı olmadan da idarə edilə biləcəyinin artıq sübuta yetirildiyini düşünürlər.

Digər tərəfdən, bəziləri daha da irəli gedərək, prezident Co Bayden kimi siyasi idarəetmə prinsiplərinə uyğun olmayan şəxsin Ağ Evə yerləşdirilməsini ABŞ-a qarşı planlı şəkildə reallaşdırılmış ssenari hesab edirlər. Onların fikrincə, bəzi səhnə arxasında duran güclər prezident Co Bayden sayəsində özlərinin qaranlıq niyyətlərini və planlarını reallaşdırmağa nail olublar. Və bunun fəlakətli nəticələri yaxın gələcəkdə həm ABŞ-da, həm də bütün dünyada tədricən ortaya çıxmağa başlayacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

09.07.2024 19:27
2197