ABŞ-da faiz dərəcəsinə dair yeni qərar açıqlandı

ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) bu gün keçirilən iclasında uçot dərəcəsinin mövcud 5,25-5,5 faiz səviyyəsində saxlanması barədə qərar qəbul edilib. Bu barədə tənzimləyici açıqlama yayıb.

Qeyd edək ki, əksər analitik mərkəzlər bu qərarı proqnozlaşdırmışdılar. Belə ki, sentyabrda ABŞ-da inflyasiya 3,7 faiz olmaqla aylıq artım baş verməyib. Eyni zamanda ölkədə işsizlik səviyyəsi də avqustdakı həddə - 3,8 faiz olaraq dəyişməz qalıb. İqtisadiyyatda müşahidə olunan digər müsbət dinamikalar FED-in uçot dərəcəsini artırmayacağına dair gözləntiləri 90 faizin üstünə qaldırmışdı.

Xatırladaq ki, sentyabrın 20-də də FED uçot dərəcəsini dəyişməz saxlamışdı. Həmin vaxt iclasdan sonra verilən açıqlamada qeyd olunurdu ki, qərar yekdilliklə qəbul edilib və tənzimləyici inflyasiya risklərini yaxından izləyir. Bundan əlavə, keçən il açıqlanan plana uyğun olaraq, FED balansını azaltmağa davam edir. Azalma müddəti bitmiş qiymətli kağızlardan alınan vəsaitlərin yenidən investisiyaya yönədilməməsi hesabına baş verir.

 

Musavat.com

01.11.2023 22:15
834