Dövlət Departamenti Nümayəndələr Palatasındakı respublikaçıları 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxmasına dair uzun hesabatı xüsusi seçilmiş faktlar əsasında hazırlamaqda, informasiya gizləməkdə ittiham edib.
Departament Palatanın xarici məsələlər komitəsinin sentyabrın 9-da yaydığı hesabata cavabını açıqlayıb. Bu hesabatın həmçinin ölkədə prezident seçkisi kampaniyası dövründə bir partiyanın mövqeyini əks etdirdiyi bildirilir.
Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının respublikaçı üzvləri "bir partiyanın mövqeyindən bəyanatlar verib, faktlar seçib, Amerika xalqının ifadələrindən istifadə etməyib, gerçəyi fərziyyələrlə ört-basdır edib", – Dövlət Departamenti vurğulayıb.
Hesabatda özəlliklə Bayden-Harris administrasiyası hədəf göstərilir, onların fövqəladə hallarla bağlı plan hazırlamadığı qeyd edilir.
Palatadakı respublikaçılar Birləşmiş Ştatların ən uzunmüddətli müharibəsinin acınacaqlı sonuna görə Bayden administrasiyasını, demokratların prezidentliyə hazırkı namizədi olan vitse-prezident Kamala Harrisi ittiham edir. Əfqanıstandan çıxmağa dair Talibanla sazişi imzalamış keçmiş prezident Donald Trampın rolu kiçildilib.
Palatanın xarici əlaqələr komitəsinin respublikası sədri Maykl Makkolun (Michael McCaul) sözlərinə görə, icmal onu ortaya qoyub ki, Bayden administrasiyasının Əfqanıstan hökumətinin qaçılmaz çöküşü barədə informasiyası olub.
Ancaq təhlükəsiz evakuasiyaya yönəlik tədbir görməkdənsə, "administrasiya görüntünü təhlükəsizlikdən üstün tutub", – Makkol bəyanatında deyib.
Hesabatda Trampın 2020-ci ilin fevralında Əfqanıstandan çıxmaqla bağlı imzaladığı sazişdən sonrakı hərbi və mülki uğursuzluqlar sadalanır. Həmin saziş fundamentalist Talibana imkan verdi ki, ABŞ-nin sonuncu məmurları 2021-ci il avqustun 30-da ölkədən çıxmamışdan ölkəni tamamilə ələ keçirsin.
Xaotik çıxış nəticəsində çoxsaylı ABŞ vətəndaşı, əfqan müttəfiqlər, qadın fəallar, Talibanın təhdidi ilə üzləşə biləcək digərləri ölkədən çıxa bilmədi.
Dövlət Departamenti bildirir ki, "Bayden əsgərlərimizi evlərinə qaytarmaq, Amerikanın ən uzunmüddətli müharibəsini bitirmək qərarını verməklə Amerikanın xalqının maraqlarına xidmət edib".
Departamentin cavabında respublikaçı konqresmenlərin 2022-ci ildə hazırladığı hesabatla da paralellər aparılır. Qeyd edilir ki, hesabat "ikipartiyalı həllərə fokuslanmaq əvəzinə ABŞ-nin Əfqanıstana doğru siyasətini daha da siyasiləşdirməklə Amerika xalqına çox pis xidmət göstərib".
(AzadlıqRadiosu)